!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kənddən soraqlar: Prezidentin səfəri və yol süpürən icra nümayəndəsi – I HİSSƏ – Aqil Bəkir yazır

!Reklam – Yazi

Karantinin son ayını Qəbələdə, doğma Zarağan kəndimizdə keçirməkdəyəm. Artıq şəhərə qayıtmaq üçün günlərimi sayıram. Amma kənddə keçirdiyim bir aydan artıq müddətdə 15 illik xatirələri canlandırdım. Düşündüm ki, buradakı günlərimi, daha doğrusu, başıma gələn və ya şahidi olduğum maraqlı hadisələri nədən yazmayım?!

Təsadüfə baxın ki, kəndə gəlişimdən bir neçə həftə sonra prezident də şimal bölgəsinə səfərə çıxdı. Dövlət Başçısının bu gəlişi mənə çox köhnə bir hadisəni xatırlatdı. Əvvəlcə onu qeyd edim ki, kəndə gəlişimin ilk günü məndən soruşulan birinci şey də elə bu idi: “Bilmirsən, prezident Qəbələyə nə vaxt gələcək?” Təəcüübləndim. Elə buna görə də, “Elə bir şey yoxdu axı?”, – deməklə kifayətləndim.

Qarşımdakılar isə israr edirdilər: “Yox, gələcək!” Söhbəti uzatmağa lüzum görmədim. Çox yox, cəmi iki həftə sonra isə prezident Qəbələyə gəldi. Təəccübüm ikiqat artdı və “Gələcəyini haradan bilirdiniz ki?”, – deyə soruşdum. Cavab isə sadə oldu: “Elə danışırdılar”. Ancaq danışanın kimliyi məchul olaraq qaldı.

Sonra uşaq vaxtı rayonun, eləcə də kəndimizin prezidentin gəlişinə necə hazırlaşdığını yada saldım. Onun gələcəyini kəndin “uçastkovı”sının evləri bir-bir gəzərək, silahları toplamasından bilirdik. Atamın da qoşalülə ov tüfəngi var idi və prezidentin hər səfərində bu tüfəng iki günlüyə alınır, prezident getdikdən sonra isə qaytarılırdı.

Prezidentin gələcəyi gün yoldan mal-qara yığışdırılır, mağazalar bağlanır, yol kənarındakı insanlar evlərinə göndərilir, yol gedənlər isə polislər trəfindən ara küçələrə qovulurdu. Qısacası, rayona və xüsusilə də prezidentin keçdiyi kəndlərə ölüm səssizliyi çökürdü. Hamı əl-ayağa düşür, gərgin olurdu.

Əl-ayaqda olanlardan bir nəfəri – kəndin icra nümayəndəsini isə heç unutmuram. Prezident Qəbələdən keçib gedəcəkdi. Silahlar yığılmış, yuxarıda anlatdığım hər şey həll edilmişdi. Ancaq tərs gedən nəsə var idi. Bunu məktəbdən evə qayıdarkən anladım.

Addımlarım iti idi, prezident kəndə daxil olana qədər evə çatmalı idim. Kəndin mərkəzindən keçdikdə isə icra nümayəndəmizi gördüm və…duruxdum. Kişi qalstukunu köynəyinin içinə salıb əlində süpürgə yolu süpürürdü. Onun ürəyi və vicdanı prezidentin maşınının təkərinə daş dəyməsinə razı olmamışdı.

Onda bilmirəm niyə, amma nümayəndəni yol kənarındakı təzəkləri təmizləyərkən təsəvvür edib içdən-içə gülmüşdüm. Prezident getdikdən sonra yollar açılır və yolda heç görünməmiş bir maşın seli hərəkət edirdi. Biz isə uşaqlarla bu maşın selinə tamaşa edib özümüz üçün maşın seçirdik və kim tez “Bu mənim” deyirdisə, ən gözəl xarici maşın onun “olurdu”…

Aqil Bəkir

COP29

www.yenicag.az

2360
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv