!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kitablarını yandıran Tahir Əmiraslanovdan ETİRAZ: “Azərbaycan mətbəxi təhqir olunur” - Açıqlama

!Reklam – Yazi

“Azərbaycan Milli Kulinariya Mərkəzi ermənilərin bu addımına cavab verməli idi, amma heç bir reaksiya verilmir”.

Bu sözləri sosial şəbəkələrdə kulinariyaya aid yüzlərlə kitabını yandırması ilə bağlı yayılan görüntüyə münasibət bildirərkən Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, kitablarını yandırması ilə bağlı yayılan videogörüntülər həqiqəti əks etdirir:

“Kulinariyaya aid və digər kitablarımı, mənbələrimi yandırmağım həqiqətdir. Camaat özünü yandırır, heç heyfi gələn yoxdur. Kitablarımı yandırmağım mənim etirazımdır. Azərbaycan milli kulinariyasına qarşı olan təcavüzlərə, “National Geographic” jurnalında Azərbaycan mətbəxi ilə bağlı çap olunan məqaləyə Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən cavab verilməməsinə etiraz edirəm. Bu Mərkəz həm də bunun üçün yaradılıb. İndi onu islah edirlər ki, bu işi görməsin. Nə ermənilərin paxlava iddiasına rəsmi cavabları oldu, nə də indi… Həmin jurnalda Azərbaycan mətbəxi biabır olunub və erməni versiyası bizim adımızdan verilir. Bizimkilər də bunu fəxrlə bölüşüblər.

Bununla yanaşı, bu gün günorta saatlarında sosial şəbəkə hesabımda öz kitabımdan bir status paylaşmışdım. Həmin postda ən gözəl yazılarımdan birini yerləşdirmişəm.

Bildirmişdim ki, kim bu yazımı rus və ya ingilis dilinə tərcümə etsə, ona 10 000 dollar mükafat verəcəm. İndiyə kimi sırf Azərbaycan dilində olan həmin 3-4 səhifəlik yazımı heç kim tərcümə etməyib. Statusumu cəmi 10 nəfər bəyənib. Heç kim bu məqaləni oxumayıb. Kitabı da heç kim oxumur, amma yanan kimi yüzlərlə insan rəy bildirir. Əgər kitabı oxumuruqsa, onu nəyə görə saxlamalıyıq?! Nəyə görə yazmalıyıq?! Mən yüzə yaxın kitabı dostuma vermişəm. Eyni zamanda Qarabağ kitabxanalarına, sahə təhsili verən müəssisələrin kitabxanalarına da kitablar paylaşmışıq. Biz 30 ildir ki, kitab paylayırıq. Alimin kitabdan qiymətli heç nəyi yoxdur, candan da qiymətlidir. Cəmiyyət kitab oxusa, heç kim kitab yandırmaz. Cəmiyyət öz alimlərinə, şairlərinə, yazarlarına və mütəxəssislərinə dəyər versə, onda hər şey yerində ola bilər.

Bu gün milli kulinariya sahəsində hansı işlər görülüb?

Azərbaycan Milli Kulinariya Mərkəzi milli kulinariyanın toplanması, saxlanması və təbliğatı və qorunması üçün yaradılıb. Nəyə görə “National Geographic” jurnalında milli mətbəximizlə bağlı o cür yazı çıxır və heç kim cavablandırmır?! Azərbaycan mətbəxi təhqir olunur. Jurnalda erməni versiyası verilir. “National Geographic” jurnalında yazılıb ki, Şəki pitisi pomidor, kartofla bişirilir, yəni yaşı 100-200 ilə endirilib və adı piti qabının adından götürülüb. Bu, sırf erməni versiyasıdır. Ümumilikdə hər rayona aid bir xörək adı yazılıb. Hamısı da təhrif olunub. Erməni mütəxəssisləri, alimləri üçün bizimkilər tutarlı mənbə yaradıblar.

Məlumdur ki, “National Geographic” jurnalı çox böyük resursdur. Azərbaycan tərəfindən reaksiya verilməməsi həmin yeməyin doğrudan da qab adından yaranması iddiasını doğrulayır. Bizim 30 ildə etdiklərimiz yerə vurulur. Azərbaycan Milli Kulinariya Mərkəzi ermənilərin bu addımına cavab verməli idi, amma heç bir reaksiya verilmir. Niyə?”.

Gülşən Şərif

www.yenicag.az

2581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv