Körfəz yenidən "qan çanağına" çevrilir? – İran strateji adalarla bağlı hərəkətə keçdi

media-hightechnic-468x90

İranda ABŞ və İsrailin mümkün genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşdığı barədə iddialar regionun əsas gündəminə çevrilib. Tehran xüsusilə ölkənin cənubunda yerləşən bəzi strateji adaların hədəfə alına biləcəyindən ciddi narahatlıq keçirir.

Yenicag.az xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi Tehranın Hörmüz boğazını “güclü strateji rıçağa” çevirmək niyyətində olduğunu bəyan edib. Komissiyanın üzvü Əlaəddin Burucerdi isə vurğulayıb ki, İran Hörmüz boğazı məsələsində geri addım atmayacaq və uranın zənginləşdirilməsi mövzusunda heç bir kompromisə getməyəcək.

Paralel olaraq, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Tehranda keçirilən hərbi təlimlərin ikinci günündə ABŞ helikopterlərinin vurulması ssenarilərini məşq edib. Tehran İnqilab Keşikçilərinin komandanı Həsən Həsənzadə qüvvələrinin “ən qısa müddətdə” istənilən əməliyyatı icra etməyə tam hazır olduğunu diqqətə çatdırıb.

Digər tərəfdən, Donald Trump Pekində verdiyi açıqlamada İrana sərt xəbərdarlıq edib. O bildirib ki, Tehran ya Vaşinqtonla razılığa gəlməli, ya da “dağıdıcı nəticələrlə” üzləşməyə hazır olmalıdır.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) isə bəyan edib ki, tətbiq olunan sanksiyalar səbəbindən İrana bağlı 67 gəmi marşrutunu dəyişmək məcburiyyətində qalıb.

Tehran rəhbərliyi bu gün Hindistanda keçiriləcək BRICS sammitində müttəfiqi Rusiyanın dəstəyi ilə diplomatik mübarizəni beynəlxalq müstəviyə daşımağa çalışacaq.

Eyni zamanda, Avropa ölkələri də Hörmüz boğazındakı aktivliyini artırır. İtaliya Körfəz bölgəsinə iki minaaxtaran gəmi göndərəcəyini elan edib. İngiltərə və Fransanın isə boğazda təhlükəsizliyi təmin etmək üçün müştərək dəniz missiyası barədə məsləhətləşmələr apardığı bildirilir.

Siyasi şərhçi Yeşim Eryılmaz Yenicag.az-a açıqlamasında qeyd edib ki, CENTCOM-un 67 gəminin marşrut dəyişməsi ilə bağlı verdiyi məlumat Vaşinqtonun Tehrana qarşı iqtisadi-strateji təzyiqinin yeni fazaya keçdiyini göstərir.

media-i

Onun sözlərinə görə, ABŞ artıq təkcə hərbi təhdidlərlə kifayətlənmir, həm də dəniz ticarəti və enerji daşımaları üzərindən İranı blokadaya almağa çalışır: “Hörmüz boğazı ətrafındakı böhran sadəcə İran-ABŞ qarşıdurması deyil. Bu, qlobal enerji təhlükəsizliyi, neft marşrutları və beynəlxalq ticarət uğrunda gedən bir savaşdır”.

Yeşim Eryılmaz vurğulayıb ki, İranın Hörmüz boğazını “güclü təzyiq aləti” kimi təqdim etməsi bölgədəki riskləri pik həddə çatdırır: “Tərəflərdən birinin atacağı hər hansı yanlış addım təkcə Yaxın Şərqi yox, bütün dünyanı silkələyə bilər. Bu, qlobal bazarlarda və enerji qiymətlərində ciddi sarsıntılara yol açacaq potensialdadır”.

Amir Aqiloğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05