Kraliçanın bağçasında hallusinasiya göbələkləri
Böyük Britaniya kraliçası II Yelizavetanın rəsmi iqamətgahının həyətində hallusinasiya (mövcud olmayan bəzi obyektləri görmək, eşitmək, qoxusunu duymaq, toxuna bilmək kimi yanlış duyğuların beyində yaranması) yaradan göbələklər tapılıb.
“The Daily Telegraph” qəzetinə istinadən xəbər verir ki, bitki telejurnalist Alan Titçmarşın “Kraliyyət bağçası” filminin çəkilişləri zamanı aşkar edilib.
Belə ki, Bukingem sarayının bağçasında ekoloq Mik Krouli ilə birlikdə gəzişən jurnalist göbələyi görüb. Alan dərhal mütəxəssisdən bitkinin yeyilib-yeyilməyəcəyini soruşub. Ekoloq: “Sizin nəyi nəzərdə tutduğunuzdan asılıdır. Bəzi mədəniyyətlərdə bu göbələklərdən hallusinasiya effekti yaratmaq üçün istifadə ediblər. Adətən bu bitkini yeyən insanlar özlərini pis hiss edirlər”, – deyə bildirib.
Reportajın sonunda Alan tamaşaçılara bu göbələkdən istifadə etməməyi məsləhət görüb. Axşama doğru Bukingem sarayının təmsilçisi rəsmi açıqlama ilə çıxış edərək göbələkdən kraliçanın qidasının hazırlanmasında istifadə olunmadığını bildirib.
Qeyd edək ki, “Kraliyyət bağçası” filmi Bukingem sarayının bağının bir neçə əsr ərzində qorunmasından bəhs edir. Alan Titçmarş ilin bütün fəsillərini lentə ala bilmək üçün 12 ay kral sarayında qalıb.