Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Türkiyəyə səfər edərək Hakan Fidanla görüşüb.
Yenicag.az xəbər verir ki, görüşdə Ukrayna limanlarında vurulan ticarət gəmiləri, Ukraynanın yenidən qurulması və ikitərəfli münasibətlər müzakirə edilib.
Hakan Fidan Türkiyə ilə Ukrayna arasında əlaqələrin möhkəm addımlarla irəlilədiyinə diqqət çəkərək, “Müharibənin yaratdığı geosiyasi çətinliklərlə üz-üzəyik. Buna baxmayaraq, Ukrayna ilə çoxşaxəli əməkdaşlığımız hər keçən gün güclənir”, – deyib.
Müharibənin beynəlxalq hüquq əsasında və danışıqlar yolu ilə həllinə cəhdlər edildiyini bildirən Fidan çıxışına belə davam edib:
“Bir daha vurğulamaq istəyirəm ki, biz sülh naminə səyləri dəstəkləməyə hazırıq. Türkiyə liderinin bu məqamda həssaslığını bilirsiniz. O, böyük dağıntılara və insan tələfatına səbəb olan bu müharibəni dayandırmaq üçün var gücü ilə çalışır. Mümkün qədər tez bir zamanda döyüşən tərəflər arasında sülh danışıqlarının aparılmasını hədəfləyən hər hansı bir təşəbbüsün dəstəklənməsi lazımdır”.
Türkiyə ilə Ukraynanı təkcə coğrafi yaxınlığı ilə deyil, həm də ortaq tarixləri ilə bir-birinə bağladığını bildirən Fidan deyib:
“Krım tatarları bu ümumi tarixin bir hissəsidir. Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır. Ukrayna prezidenti Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna hökuməti Krım tatarlarının hüquqlarını gücləndirmək üçün təqdirəlayiq hüquqi tənzimləmələr edib. Əminik ki, bu istiqamətdə əlavə addımlar atılacaq”.
www.yenicag.az