!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Küncə sıxılan Ermənistan: “Bu siyasətin müsbət nəticələrini görəcəyik” – Partiya sədri

!Reklam – Yazi

“Biz get-gedə hərbi qüdrətimizi daha da artırmalı, eləcə də geosiyasi şərtləri öz xeyrimizə çevirməliyik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında işğalçı Ermənistanın imkanlarını getdikcə artıran Azərbaycanın siyasi-hərbi-iqtisadi qüdrəti qarşısında davam gətirməyəcəyini vurğulayan Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

Partiya sədrinin fikrincə, görülmüş işlərə baxmayaraq, Azərbaycanın müxtəlif “cəbhə”lərdə öz təsir imkanlarını artırması zəruridir:

“Azərbaycanın bu cür güclü mövqeyi qarşısında Ermənistan tərəfinin daha nə qədər duruş gətirə biləcəyi məsələsi indi hamımızı dərindən düşündürən bir məsələdir. Bu gün təcavüzkar tərəflə müqayisədə bir çox sahələrdə üstünlük bizim tərəfimizdə olsa da, hazırkı şərtlər və beynəlxalq amillər Ermənistanı tam taqətsiz hala gətirmək və sülhə məcbur etmək üçün yetərli deyil.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz daha da güclənməliyik. Bütün şərtləri öz xeyrimizə çevirməliyik. Düzdür, hazırda geosiyasi şərtlərdə bizim lehimizə olan bir xeyli ciddi dəyişikliklər var, lakin onların tamamilə bizim xeyrimizə dəyişməsi prosesi hələ tam başa çatmayıb.

Şübhəsiz ki, torpaqlarımızın azad edilməsi üçün müharibədən başqa alternativimiz yoxdur. Çünki təcavüzkar Ermənistan bizim üçün müharibədən başqa bir yol qoymayıb. Münaqişənin sülh yolu ilə həlli imkanları rəsmi İrəvanın qeyri-konstruktivliyi ucbatından demək olar ki, tamamilə tükənib. Sülh danışıqları “dalan”a dirənib.

Hazırda danışıqlar prosesi durğun vəziyyətdədir. Bu cür “status-kvo” vəziyyətinin davam etməsi erməniləri qane etsə də, bizi əsla qane edə bilməz. Siz fikir verdinizsə, İlham Əliyev də Tərtərdəki çıxışında birmənalı olaraq qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi bizim qəti mövqeyimizdir və bu məsələdən kənara çıxmağın hər hansı bir forması yolverilməzdir.

Odur ki, biz get-gedə hərbi qüdrətimizi daha da artırmalı, eləcə də geosiyasi şərtləri öz xeyrinə çevirməliyik. Həmçinin, informasiya savaşında fəallığımızı daha da artırmalıyıq. Biz beynəlxalq təşkilatların, dünya ictimai rəyinin saxtakar erməni təbliğatının təsiri altından çıxarılmasına nail olmalıyıq.

Çünki ermənilər uzun illər ərzində apardıqları lobbi fəaliyyətləri nəticəsində dünya ictimai rəyini əleyhimizə kökləməyi bacarıblar. Məhz bunun nəticəsidir ki, bu gün beynəlxalq təşkilatlar Ermənistanı işğalçı hesab etsə də, bunu siyasi qərara çevirməyə və rəsmi İrəvana təzyiqlər etməyə tələsmirlər.

Odur ki, biz bu istiqamətdə də vəziyyəti öz xeyrimizə kökündən dəyişməliyik. Prezident bu istiqamətdə böyük işlər aparır. Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasəti və tarixi saxtalaşdırma cəhdləri İlham Əliyev tərəfindən diplomatik ustalıqla ifşa edilir.

Bir sözlə, hazırda Azərbaycan tərəfindən işğalçı Ermənistana qarşı bütün müstəvilərdə güclü pressinq tətbiq edilir. Ermənistanın bu pressinq qarşısında uzun müddət tab gətirməsi mümkün deyil. Biz lap yaxın gələcəkdə Azərbaycanın hücum diplomatiyasının müsbət nəticələrini görəcəyik”.

Gülşən Şərif

www.yenicag.az

730
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv