Lavrov: “Tramp-Putin görüşünün nəticəsinə dair proqnoz vermirik”
Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaskada keçirəcəyi görüş ərəfəsində jurnalistlərin suallarını cavablandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Trampın görüşün uğursuz olma ehtimalının 25 faiz olduğu yönündəki açıqlamasına münasibət bildirən Lavrov deyib:
“Biz heç vaxt nəticəyə dair proqnoz verməyə və ya ehtimal hesablamaları aparmağa çalışmırıq. Lakin müzakirəyə töhfə verəcək arqumentlərimiz var və mövqeyimiz aydındır. Bunu təqdim edəcəyik”.
Lavrov Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskva səfərləri zamanı mühüm irəliləyiş əldə olunduğunu vurğulayıb:
“Prezident Putin də, ABŞ Prezidenti Trampın adından Vitkoff da bu məqama diqqət çəkdi. Ümid edirəm ki, bu səmərəli dialoqu davam etdirə biləcəyik”.