“Leyla Yunusun həbsini siyasiləşdirmək, …”
“Onun Azərbaycana düşmən mövqedə olan dairələrin sifarişi ilə ölkəmizə qarşı apardığı təxribatçılıq fəaliyyəti hər kəsin gözü önündə baş verib”
“Leyla Yunus və əri Arif Yunusun Ermənistan xüsusi xidmət orqanları, onların nəzarətində olan şəxs və qurumlarla əməkdaşlığı, onlardan gələn sifarişləri icra etməsi haqqında məlumatlar yenilik deyil. Hər iki şəxs Azərbaycan dövləti və xalqı əleyhinə düşmənçilik fəaliyyəti ilə bunu dəfələrlə sübut ediblər”. Bunu “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Sülh və Demokratiya İnstitutunun direktoru L.Yunusun həbs olunmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Leyla Yunusun Azərbaycan dövlətinə, xalqına qarşı düşmənçilik və təxribatçılıq fəaliyyəti ölkə ictimaiyyətinə çoxdan bəllidir: “Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Leyla Yunusun həbsi ilə bağlı yaydığı açıqlamada əksini tapan təkzibolunmaz faktlar da bu məlumatları növbəti dəfə təsdiqlədi. Özünü hüquq müdafiəçisi adlandıran L.Yunusun yalnız Bakı metrosunda terror aktı törədən ermənini siyasi məhbus siyahısına salması faktını xatırlatmaq kifayət edir ki, bu adamın ölkəmizə qarşı qatı düşmənçilik mövqeyində dayandığı və Ermənistandan gələn məkrli sifarişləri icra etdiyi həqiqəti üzə çıxsın. Onun illərdir ermənilərlə təslimçi sülhə hesablanan, milli maraqlarımıza təhlükə törədən fəaliyyəti böyük ikrah hissi doğurur və cəmiyyət tərəfindən birmənalı şəkildə nifrətlə qarşılanır”.
Fərid Şahbazlı hesab edir ki, Leyla Yunus və əri Arif Yunusun təqsirləndirildikləri ittihamlar həqiqəti əks etdirir və tamamilə hüquqidir: “Bu adamlar dövlətə xəyanət, dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ağır və ciddi maddələrlə ittiham olunur. Onların həbsi ilə bağlı iki dövlət qurumunun birgə yaydığı məlumatda bu ittihamları əks etdirən təkzibolumaz faktlar yer alıb. Leyla Yunusun Azərbaycana düşmən mövqedə olan dairələrin sifarişi, müxtəlif beynəlxalq təşkilatların ayırdığı böyük məbləğlərdə vəsaitin qarşılığında davamlı olaraq ölkəmizə qarşı yerli və beynəlxalq səviyyədə apardığı təxribatçılıq fəaliyyəti hər kəsin gözü önündə baş verib”.
İctimai Birlik sədri onu da əlavə edib ki, Leyla Yunus bütün bu əməllərinə görə məsuliyyət daşıyır və qanunlar qarşısında cavab verməlidir: “Azərbaycan hüquqi və demokratik dəyərlərlə idarə olunan ölkədir. Burada hansısa partiyanın, ictimai təşkilatın təmsilçisi olmaq heç kimə qanunlar qarşısında əlavə imtiyazlar tanımır. Leyla Yunusun həbsini siyasiləşdirmək, bunu onun sadəcə Azərbaycanın düşmənlərinə xidmət edən “hüquq müdafiəçi”lik fəaliyyəti ilə əlaqələndirmək cəhdləri reallıqdan uzaqdır və heç bir nəticə verməyəcək. Leyla Yunusun həbsi hüquqi addımdır və bunda heç bir siyasi motiv yoxdur”(sia.az).