Livan və İsrail nümayəndə heyətləri atəşkəsin uzadılması şərtlərini müzakirə etdilər
Vaşinqtonda Livan və İsrail nümayəndə heyətləri arasında keçirilən üçüncü raund sülh danışıqları başa çatıb. Tərəflər atəşkəs rejiminin müddətinin uzadılması şərtlərini müzakirə ediblər, mövcud rejimin vaxtı 18 mayda başa çatır.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən “LBCI” telekanalı məlumat yayıb.
Məlumata görə, danışıqlarda sərhəd problemlərinin həlli mexanizmi də gündəmə gətirilib. Heyətlərə diplomatlar və hərbi ekspertlər daxil olub. Mətbuat üçün açıqlama verilməyib.
“Asharq al-Awsat” qəzetinin yazdığına görə, Livan hökuməti İsraillə düşmənçilik vəziyyətinə son qoyacaq təhlükəsizlik tədbirləri haqqında saziş imzalamağa çalışır. Lakin sülh müqaviləsi və münasibətlərin normallaşdırılması məsələsinə gəldikdə, Beyrut hələ bu addımı atmağa hazır deyil.
Görüşlər ABŞ Dövlət Departamentində, ABŞ Prezidenti Donald Tramp administrasiyasının fəal dəstəyi ilə keçirilir. Birinci raunddan sonra, 14 aprel tarixində, Livanda 17 apreldən etibarən atəşkəs rejiminin tətbiqi barədə razılıq əldə olunmuşdu. Ardınca, ikinci raundun nəticəsi olaraq 23 apreldə atəşkəsin üç həftəlik uzadıldığı elan edilmişdi.













