Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə haqqında işlətdiyi qeyri-etik ifadələrə görə üzr istəyib.
Yenicag.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. A, Əli işlətdiyi “fındıqbaş”, “balqabaqbaş” ifadələrinin haqlı narazılığa səbəb olduğunu deyib: “ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi-Zadənin harada dəfn ediləcəyi ilə bağlı “Qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ mən qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub. Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!”