“Birinci cəhddəki imtahan balını ikinci cəhddə çox az tələbənin qaldıra bilməsi, ikinci cəhd imtahanında məntiq suallarının çətin salınması ilə əlaqədar idi”.
Bu fikirləti Yenicag.az-a açıqlamasında magistratura təhsil səviyyəsinə keçirilən qəbul imtahanları və keçid ballarının enib-qalxma ehtimalı haqda danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, magistraturaya qəbul imtahanlarında birinci cəhd ikinci cəhdlə müqayisdə asan idi:
“Müqayisə etsək görərik ki, birinci cəhdlə ikinci cəhd arasında müddət böyük idi. Birinci cəhddə nisbətən az bal toplayan bakalavrlar, ikinci cəhddə daha çox bal toplamaq istəyirdi. Lakin tələbələrin hazırlığı baxımından ikinci cəhddə bu əksinə oldu. Yəni birinci cəhddəki imtahan balını ikinci cəhddə çox az tələbənin qaldıra bilməsi, ikinci cəhd imtahanında məntiq suallarının çətin salınması ilə əlaqədar idi. Suallar çox qarışıq və başa düşülməz idi. Bu sanki balları aşağı endirmək naminə olan suallar idi”.
Ekspert qeyd edir ki, ixtisası jurnalistika, filologiya olan bir tələbə niyə riyazı məntiqdən, nəzəri informatikadan, formal xarici dildən imtahan verməsi anormal haldır:
“Mən magistraturaya qəbul imtahanının suallarının bu qədər çətin salınmasının tərəfdarı deyiləm. Əslində, magistr imtahanının bu cür keçirilməsinin də tərəfdarı deyiləm. Məsələn, ixtisası jurnalistika, filologiya olan bir tələbə niyə riyazi məntiqdən, nəzəri informatikadan, formal xarici dildən imtahan versin? İnformatika müəllimliyində oxuyan da informatikadan imtahan verir. Onun keçid balı 40 olduğu halda, humanitar sahənin keçidi 50 baldır. Bu, çox anormal sistem və tətbiqdir. Dəqiq elm tələbələrinin məntiq, informatika bilikləri daha yaxşıdır və keçidi 40 bal olsa da, humanitar sahənin balı 50-dir. Düşünürəm ki, magistratura imtahanında 3 fəndən imtahan verilməsi də düzgün deyil”.
Mütəxəssis balların enib-qalxma ehtimalından da danışıb:
“Bəzi ixtisaslar – kompüter elmləri, hüquq tibb, pedoqoji profilli, kənd təsərrüfatı, incəsənət – aktyorluq kimi ixtisaslarda balların artacağını düşünməsəm də, lakin digərlərində isə az da olsa, ballar qalxa bilər. Ümumilikdə plan yerlərini və keçid ballarını müəyyənləşdirən balı nəzərə alsaq, bəzən bəzən 10 bal aşağı-yuxarı enib-qalxmalar ola bilər”.
İsmayıl Bakuvi
www.yenicag.az