Mandatlı SƏSSİZLİK – Seçicinin dərdindən çox şirkətinin tenderini DÜŞÜNƏNLƏR

media-hightechnic-468x90

Azərbaycan parlamentinin adı Milli Məclisdir. Ancaq illərdir orada kreslosundan vaz keçməyən bəzi deputatlarla sıravi vətəndaşlar arasında çoxdan körpülər yandırılıb. Çünki orada barmaqla sayılacaq qədər millət vəkili var ki, seçildiyi dairənin dərdinə şərik olur, problemlərə canla-başla yanaşır. Lakin elələri də var ki, seçilməsindən aylar keçməsinə baxmayaraq, nə parlamentdə izləri var, nə də seçicilərlə birbaşa təmasda görünürlər. Var olan isə yalnız bahalı kostyumlar, qorxunc səssizlik və milyonlarla dəyərləndirilən biznes imperiyalarının kölgəsində gizlənmiş mandatlardır.

Parlament daxilində “köhnələr” və “yenilər” arasında sanki görünməyən bir qarşıdurma hökm sürür. Təəssüf ki, bir çox yeni deputatlar da sələfləri kimi susqunluğu “siyasi mədəniyyət” kimi təqdim etməyə çalışır. Bəziləri çıxış etməklə yox, sosial şəbəkələrdə selfilərlə, ya da tenderlərdə iştirak edən şirkətlərinin idarəetməsi ilə gündəmə gəlir. Toxunulmazlıq statusu bəziləri üçün artıq cəmiyyətə xidmət aləti yox, sərvət yığmaq vasitəsinə çevrilib.

İllərlə eyni dairədən seçilən, lakin parlament tribunasından bir dəfə də olsun danışmayan deputatlar var. Əvəzində onların biznesləri böyüyür: restoranlar, yanacaqdoldurma məntəqələri, tikinti şirkətləri, banklar və ticarət mərkəzləri… Yəni millət vəkili mandatı bəzi hallarda ictimai maraqları yox, şəxsi sərvətləri qorumaq üçün istifadə olunur.

Əslində səbəb aydındır: susmaq daha sərfəlidir. Seçildiyin dairənin problemlərini parlamentdə səsləndirmək artıq bir siyasi cəsarət tələb edir. Amma bəzi deputatlar üçün mandat cəsarət simvolu yox, konformizm qalxanıdır. Danışmaq yox, susmaqla irəli getmək istəyənlər üçün isə vətəndaşın problemi yox, şəxsi komfortu ön plandadır.

Parlament xalqın səsinin, dövlətin iradəsinin təmsil olunduğu mərkəzdir. Amma orada hazırda sadəcə toxunulmazlıqla silahlanmış, şəxsi maraqlarını qorumağa çalışan bir çevrə formalaşıb. Və bu çevrənin əksəriyyəti “millət vəkili” statusunun məsuliyyətini və ağırlığını unutmuş kimidir. Ən düşündürücü məqamlardan biri isə odur ki, yeni nəsildən olan bəzi gənc deputatlar da artıq bu çevrəyə tabe olublar. Onlar da anlayıblar ki, danışsan, diqqət çəkərsən, tənqid olarsan. Amma sussan, brend kostyum geyinsən, bahalı maşında poz versən, tədbirlərdə “ön sırada” dayansan, həm mandatın təhlükədə olmaz, həm də biznesin çiçəklənər.

Ən acınacaqlısı isə budur: cəmiyyət bu reallıqla barışmaq üzrədir. İctimai gözlənti azalır və artıq parlamentdəki bu deputatlardan qanun təşəbbüsü, prinsipial mövqe, ya da seçicinin dərdinə şəriklik gözlənilmir. Əksində, sadəcə kimin daha bahalı saat taxacağı, kimin daha böyük villa inşa edəcəyi, kimin biznesinin daha geniş olacağı maraq doğurur…

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600