Məcburi kompromis, yoxsa daxili partlayış? – İran hansı ssenari ilə üz-üzədir?

media-hightechnic-468x90

“Trampın məqsədi Hörmüz boğazı deyil, İranı nüvə şərtlərinə məcbur etməkdir”

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı bildirib.

Politoloq Trampın İran gəmilərinə qarşı təzyiqin maksimum artırılması ilə bağlı qərarını şərh edərək, əsl məqsədin tam fərqli olduğunu vurğulayıb:

“ABŞ–İran qarşıdurması yeni mərhələyə daxil olur. Burada artıq klassik sanksiya siyasəti deyil, çoxqatlı “iqtisadi boğma” strategiyası müşahidə edilir. Donald Tramp administrasiyasının seçdiyi xətt təkcə təzyiq deyil, həm də İranı sistemli şəkildə zəiflədərək danışıqlar masasına oturmağa məcbur edən kompleks geosiyasi plan təsiri bağışlayır.

Vaşinqtonun həyata keçirdiyi “İqtisadi Qəzəb” əməliyyatı faktiki olaraq “maksimum təzyiq” siyasətinin daha sərt və koordinasiyalı formasıdır. Bu strategiya üç əsas istiqaməti əhatə edir: birincisi, enerji gəlirlərinin kəsilməsi (neft ixracının bloklanması); ikincisi, maliyyə sisteminin iflic edilməsi; üçüncüsü, beynəlxalq tərəfdaşların çəkindirilərək Tehrandan uzaqlaşdırılması.

Bu çərçivədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) vasitəsilə həm İranın “kölgə donanması”, həm də bu şəbəkə ilə işləyən üçüncü ölkələr hədəfə alınır. Xüsusilə Çinə qarşı atılan addımlar göstərir ki, ABŞ artıq təkcə İranı deyil, onun iqtisadi “oksigen xəttini” də kəsməyə çalışır.

Bu baxımdan, Hörmüz boğazı üzərində təzyiqin artırılması təsadüfi deyil. Bu boğaz dünya neft ticarətinin əsas arteriyalarından biridir; onun blokadası İranın ixrac imkanlarını məhdudlaşdırır, qlobal bazarlarda riskləri artırır və regionda hərbi eskalasiya ehtimalını yüksəldir”.

Politoloq qeyd edib ki, Tramp administrasiyası İrana təzyiq üçün mümkün olan bütün alternativləri sınayır:

“Vaşinqton bu vasitə ilə həm iqtisadi, həm də psixoloji təzyiq yaradır. Yəni Tehran yalnız iqtisadi deyil, həm də strateji mühasirə hissi yaşayır. ABŞ-ın maliyyə naziri Skot Bessent tərəfindən səsləndirilən xəbərdarlıqlar göstərir ki, İranın aviasiya sektoru da hədəfdədir. Bu sanksiyalar nəticəsində İranın beynəlxalq logistika imkanları məhdudlaşır, humanitar və kommersiya daşımaları çətinləşir, ölkənin iqtisadi izolyasiyası dərinləşir. Eyni zamanda, bank-maliyyə sisteminə qarşı təzyiqlər İranı qlobal maliyyə dövriyyəsindən daha da kənarlaşdırır.

Məqsəd isə aydındır. Donald Trampın son açıqlamaları göstərir ki, əsas hədəf İranı nüvə proqramı üzrə yeni razılaşmaya məcbur etməkdir. Lakin burada məqsəd sadəcə saziş imzalamaq deyil; Vaşinqton həm də Tehranın regional təsir imkanlarını məhdudlaşdırmaq istəyir. Bu yanaşma klassik diplomatiyadan fərqlənir: əvvəlcə maksimum zəiflətmə, sonra isə sərt şərtlərlə razılaşma.

Belə olan halda İran nə qədər davam gətirə bilər? Əsas sual budur. Hazırkı mərhələdə İran müqavimət göstərir, lakin reallıq budur ki, neft gəlirləri azalır, milli valyuta təzyiq altındadır və sosial-iqtisadi narazılıq artır. Əgər sanksiyalar və blokada uzunmüddətli xarakter alsa, bir neçə ssenari mümkündür: Birincisi, iqtisadi çətinliklərin etiraz dalğasına çevrildiyi daxili sosial gərginlik; ikincisi, Tehranın təzyiqlərə cavab olaraq regionda daha aqressiv addımlar atması ilə yaranacaq eskalasiya; üçüncüsü isə Tehranın məcburi kompromisidir. İran hələ də bundan yayınaraq vaxt qazanmağa və vəziyyəti öz xeyrinə dəyişməyə çalışsa da, sonda güzəştli razılaşmaya getməsi qaçılmaz görünür”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05