!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

MEDİA “Sərhədsiz Reportyorlar” təşkilatına etiraz məktubu göndərdi

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb.

Bu barədə Yenicag.az-a Agentlikdən məlumat verilib.

Məktubda qeyd olunub ki, adıçəkilən təşkilatın rəsmi veb-saytında (https://rsf.org/en/azerbaijan) iki nəfər jurnalistin Azərbaycanda qətlə yetirilməsi barədə məlumat yerləşdirilib, lakin hadisənin hansı səbəbdən baş verməsi və əsl mahiyyəti açıqlanmayıb. Məktubda bu halın qeyri-obyektiv nəticələrin meydana çıxmasına zəmin yaratdığı vurğulanaraq bildirilib: “Həmin məlumat təhrif olunub və qərəzli şəkildə Azərbaycanın əleyhinə istifadə edilir. Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərdə hazırkı vəziyyəti işıqlandıran azərbaycanlı jurnalistlərin həlak olmasının məsuliyyətini Azərbaycanın üzərinə qoymaq cəhdi yolverilməzdir və əsassız yanaşmaların formalaşmasına zəmin yaratmaqdan başqa bir şey deyil”.

Məktubda o da vurğulanıb ki, 2021-ci ilin iyun ayının 4-də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan Respublikasının ərazilərində öz vəzifə borclarını yerinə yetirərkən Kəlbəcər rayonunun Susuzluq kəndində ermənilərin yolun hərəkət istiqamətində yerləşdirdiyi minaya düşərək şəhid olublar. Onlara olan dərin ehtiram və minnətdarlığın ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında” sərəncam imzalamışdır.

Qeyd olunub ki, 2021-ci ilin iyun ayının 9-da Medianın İnkişafı Agentliyi tərəfindən baş vermiş hadisəyə dair “Sərhədsiz Reportyorlara” bəyanat göndərib. Göndərilən bəyanatda insident barədə ətraflı məlumat verilmiş və hadisənin dəqiq və qərəzsiz işıqlandırılmasında beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarının dəstəyinə müraciət edilmişdir.

Məktubda bildirilib: “Biz bir daha sizə müraciət edərək, iki nəfər jurnalistin müharibənin bitməsindən 7 ay sonra Ermənistanın törətdiyi müharibə cinayətinin qurbanı olduqlarını və erməni hərbiçilərinin yerləşdirdikləri minaya düşərək həyatlarını itirdiklərini bildirir və bu faktı nəzərə almağınızda israr edirik”.

Məktubda, həmçinin xəbər və məruzələrin hazırlanması zamanı Medianın İnkişafı Agentliyi də daxil olmaqla, çoxsaylı mənbələrdən istifadə edilməsinin onların dəqiqliyi, obyektivliyi və etibarlılığının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığı və ixtilafa yol açan halların aradan qaldırılmasında müstəsna rol oynayacağı diqqətə çatdırılıb.

www.yenicag.az

201
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100