Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Media üçün siqnal... Önümüzdəki Rusiya və limiti bitən ürkəklik - Səxavət Məmməd yazır

Reklam: Sinerji Pro

Axır ki mətbuatımız Rusiya sülhməramlılarının fəaliyyətindən də yazmağa başladı. Rusiyanın Qarabağdakı xəritələr üzərində səngiməyən oyunları sonunda hərəkətə keçməyimizə əsas verdi.

Bizim mətbuatın ən böyük problemlərindən biri çox vacib məsələlərlə bağlı “yazma” komandası verilib, iş-işdən keçəndən sonra “yazın” onayı ilə hərəkət etməsindədir.

Bu, bir növ ələbaxımlılıq, “görəsən, yuxarı nə deyər?” düşüncəsi ilə bağlıdır.
Həmişəki kimi, gecikmə acı nəticələrə səbəb olur. Oxucu da bunu çox gözəl anlayır və ikrahını gizlətmir. Mətbuata azadlıq verilməli və media nümayəndələri gördükləri problemləri anında işıqlandırmalıdır.

Hər birimiz bilirik ki, Qarabağ məsələsi dövlətin olduğu qədər də, xalqındır. Problemi həm də xalq həll edib. İstər döyüşə əsgər göndərərək, istərsə də əsgərinə yardım göstərərək…

Elə mətbuatımız da bu fəaliyyətdən kənarda qalmadı. Cəbhədə mərmi altında işləyənlər kim, zabit və əsgər kimi xidmətə gedənlər kim. Mətbuatın da haqqı çatır ki, bu problemin içində olsun.

Xalq aparılan danışıqlar və keçirilən hər görüşlə bağlı məlumat almaq istəyir. Müharibə bitdi, Rusiya sülhməramlılarının gələcəyi bəlli oldu. Amma Azərbaycan xalqının bir fərdi belə bunu məmnunluqla qarşılamadı.

Bununla belə, hər birimiz anlayırdıq ki, Rusiya böyük dövlətdir, hansısa formada öz maraqlarını qorumağa çalışacaq. Bunu nəzərə almayan şəxs ya siyasətdən bixəbərdir, ya da Rusiya adlı dövləti heç tanımır.

Bəli, Rusiya dəvət edildi, ancaq sülhməramlı kimi. Sülhməramlının missiyası isə bəllidir. Rusiya indi Qarabağda guya sülhməramlı missiya həyata keçirir. Sanki Azərbaycanın sülhməramlı missiyanın mahiyyətindən xəbəri yoxdur. Elə bil, Kosovada, İraqda, Əfqanıstanda sülhməramlı missiya həyata keçirməmişik…

Xəritə üzərindən ruslara etiraz edirik. Əslində, məsələ bu deyil. Rusiya sülməramlıları gələr-gəlməz öz yerini müəyyən etmədən, harada dayanacağını bilmədən qondarma rejimin rəhbəri ilə görüşlər keçirməyə başladı. İlk pozuntu elə buradan başladı.

Rusiya da, Azərbaycan dövləti də açıq şəkildə bəyan edir ki, bu məsələdə yalnız iki tərəf var – Azərbaycan və Ermənistan. Bu bəyanatlar nədir, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradovun Araiklə görüşməyi nədir? Həm də qondarma rejimin əski parçası altında…

Biri çıxıb soruşmur ki, ay rus, mənim torpağımda niyə separatçıların o əski parçası yellənir? Bunu sübut edəcək kifayət qədər foto və videolar yayımlanıb. Ağdamın Papravənd kəndi ilə Ağdərə yolunda qoyulan postun videosunu görməyən qalmayıb yəqin. Bir tərəfdə Azərbaycan bayrağı, digər tərəfdə isə separatçıların əski parçası…

Daha bir sual, mənim əsgərimə güllə atan, dinc əhalimə raket atan erməni silahlıları nə gəzir orada? Erməni silahlılarının Xocavənddə, Xocalıda, Xankəndində nə işi var? Bunu haradansa eşidib, oxumamışam, şəxsən şahidi olmuşam. Bunu yazmalıyıq, xalqın fikrini öyrənməliyik. Şəhid ailəsinə sığorta pulu, aylıq məvacib verməklə canımızı qurtara bilmərik. Onlara Qarabağla bağlı hesabat verilməli, fikirləri soruşulmalıdır.

Təqribən 10 gün əvvəl bir hadisə baş verib. Bir erməni Rusiya sülhməramlılarına müraciət edib, onlar da bizimkilərə. Erməninin tələbinə baxın, mənim Ağdamda, Qızıl Kəngərlisində villam var, xərc çəkib tikmişəm, orada yaşamaq istəyirəm. Xəbər verdilər ki, həmin erməni o villaya gəlib də. İndi orda olub-olmadığından xəbərsizəm. Niyə? Biri çıxıb demir ki, Ağdamda nə ixtiyarla villa tikdirirdin?

Xanı əmi, nə dediyini və niyə dediyini çox gözəl bilirdi. Adama sual verərlər, Ağdamda ağdamlıların villası yox idi? Məmurlar villanın nə olduğunu son illərdə bilsələr də, zamanında Ağdamda elə villalar olub ki, maşın 3-cü mərtəbəyə çıxırdı. İran şahının imarətinin eynisni gətirib Ağdamda tikdirənlər var idi.

Kimsə deyəcək ki, bəs sovet dönəmində elə şeylər olmurdu. Başqa yerlərdə olmaya bilərdi, Ağdamda hər şey olurdu. O adamların haqqı yox idi gedib bir dəfə villasını görsün? Onların beynəlxalq hüququ, insan haqqı yox idi, ancaq erməninin var?

Baxın, Rusiya sülməramlıları öz öhdəsinə düşən vəzifədən daha çox erməniləri ərazidə yerləşdirməklə, onlara humanitar yardım etməklə məşğuldurlar. Üçtərəfli bəyanatın bəndlərindən biri o idi ki, qaçqınlar BMT-nin nəzarəti altında əraziyə köçürüləcək. Yaxşı, Rusiya sülhməramlıları nə zamandan BMT-nin “qaçqınlar şurası” olub?

Onlara bəlkə belə bir səlahiyyət verilib, bizim xəbərimiz yoxdur? Sülhməramlı missiyanı öz üzərinə götürən Rusiya elə ilk gündən “sinifdə qaldı”. Rusiya iki gün öncə atəşkəsin pozulması barədə xəbər yaydı. Ağappaq yalandır. Əslində, 10 gündən çoxdur ki, Hadrutda gərginlik hökm sürür. Sülhməramlı missiyanı öz üzərinə götürən, Araiklə şəkil çəkdirən Rüstəm Muradov hara baxır?

Bütün bunlarə öncədən bilən, proqnozlaşdıran Azərbaycan cəmiyyəti haqlı olaraq, Türkiyə sülməramlılarının ləngimədən əraziyə gətirilməsini tələb edir. Çünki Qarabağ problemini yaradan Rusiyanın kimin tərəfində olduğunu bilməyən yoxdur.

Əsgərin qanı, canı bahasına işğaldan azad etdiyi ərazilərimizin üzərindən oyun oynamaq kimsənin həddi deyil. Məsələ tək dövlətin deyil, həm də yüksək məmurların davranışlarına aiddir. Əsgərimizin canı-qanı bahasına əldə olunan nəticədən sonra Azərbaycan diplomatiyası bu qədər ürkək davranmamalıdır.

Bir şeyi anlamaq lazımdır, bu regionda ürkək davranış intihara bərabərdir. Torpaqlarımızın az qala 30 il işğal altında qalmasının başlıca səbəbi də ifrat ehtiyatlılıq olub.

Bu limit artıq tükənib.

www.yenicag.az

487