MEDİAMIZDA İLK: Qanlı cümə, 6 saatlıq insan ovu, bir həftə küçələrdə qalan meyitlər…

media-hightechnic-468x90

j120 azərbaycanlının qətliamının şahidləri danışır

(Bu yazı Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə hazırlanıb)

“Döyüş saat 6-da başladı. Düz günortayacan. Onlar qəhrəman kimi vuruşurdular. Son damla qanlarına kimi silahı yerə qoymadılar. Amma az idilər. 120 nəfər. Onları 2500-ə yaxın faşist mühasirəyə almışdı. Döyüş bitən kimi isə…”

Ardını sanki danışmaq istəmir Karolina Letini. Deyir, hər dəfə yadıma düşəndə özümü saxlaya bilmirəm, həmin günləri bir də yaşayıram.

Zaman 1945-ci il aprelin 13-ü, cümə günü… (!)

Həmin gün, lənətlənmiş “13-ü, cümə” günündə İtaliyanın Berqamo şəhərindən 20 km aralıda yerləşən Monte di Neze kəndində baş vermiş o dəhşətli hadisəni buralarda hələ də xatırlayırlar. Üstündən az qala 70 il keçməsinə baxmayaraq, Monte di Neze sakinləri hələ də hər il aprelin 13-də onların xatirəsini yad edirlər. İndi onların, azərbaycanlı partizanların şərəfinə həmin kənddə xatirə lövhəsi də qoyulub: “Faşistlər tərəfindən öldürülmüş 120 azərbaycanlının şərəfinə”.

Legiondan güllə qabağına

… Onlar Berqamo yaxınlığına 1945-ci ilin əvvəllərində gəlib çıxmışdılar. Azərbaycan legionuna daxil olan azərbaycanlı əsgər və zabitlərə Harun Rəşid bəy komandanlıq edirdi. Azərbaycanlıların ümumi sayı isə 4 min nəfəri keçirdi. Məhz Himlerin göstərişi ilə bu qrupun qarşısında duran əsas məsələ İtaliyada partizan hərəkatına qarşı mübarizə idi.

Amma hər şey planlaşdırıldığı kimi getmədi. Azərbaycanlılar nəinki partizanlara qarşı vuruşmaq istədilər, əksinə, imkan düşdükcə legionu tərk edərək bu və ya digər partizan dəstələrinə qoşulurdular.

Böyük bir dəstə neytral İsveçrəyə keçmək niyyətindəydi. Onlar Brembana dərəsini keçib, bu ölkəyə gedib çıxa bilmişdi. Yerdə qalanları isə Berqamoya tərəf irəliləyib İtaliyanın şimalında fəaliyyət göstərən partizan briqadalarına qoşulmaq istəyirdilər. Həmin ərəfədə İtaliyanın şimalı, xüsusən də Lombardiya əyalətində güclü antifaşist hərəkatı vardı. Onlardan ən böyüyü isə “Haribaldi” partizan briqadası idi. Məhz bu briqadanın sıralarına qoşulmaq istəyən azərbaycanlı dəstə Berqamo yaxınlığındakı Altsano Lombardo qəsəbəsinə gəlib çıxmışdılar…

“Bir-iki gün dincəlib, gedəcəkdilər”

Karolina Letiniylə elə Monte di Nezedəki evlərində görüşdük. Yaşı 80-i keçən bu qadın həmin günü xatırlayanda göz yaşlarını saxlaya bilmir. Deyir ki, həmin dəstə əvvəlcə yerli sakinlərdə qorxu yaradıb:

– Biz onların kim olduğunu bilmirdik. Onlar dəhşətli dərəcədə yorğun və ac idilər. Kənddəki evlərdə gecələyirdilər. Komandirləri partizanların yerini soruşurdu. Onlara qoşulmaq istədiklərini deyirdilər. Biz bundan sonra rahatlaşdıq ki, bu insanlardan qorxmağa dəyməz.

Maraqlıdı, sonradan yerli keşiş don Severino Vitali də öz memuarlarında yazacaqdı: “Onlar faşistlərin təqibindən qaçıb, neçə gün yol gəlmişdilər. Gecəni kənddə qaldılar. Camaat bir neçə evi ayırdı ki, dincələ bilsinlər. Onlarla söhbət zamanı məlum oldu ki, bir-iki gün dincəlib, partizanlara qoşulmaq istəyirlər”.

Həmin gecə və daha sonrakı gün azərbaycanlılardan ibarət dəstə Monti de Nezedə dincəlir.

2500 nəfərə qarşı 120 nəfər

Aprelin 13-ü səhər tezdən yerli kənd kilsəsinin zəngi çalınır. Amma ibadətə tələsən yerli camaat atəş səslərinə diksinir. Kəndə ümumi sayı 2500-dən çox olan respublikaçı faşist, habelə SS-çilər soxulmuşdu.

– Onlar kəndi mühasirəyə almışdılar. Qışqırırdılar, azərbaycanlı əsgərlərin yerini soruşurdular. Kənd camaatı isə Monte di Nezedə heç kimin olmadığını deyirdilər. Onlar sakinlərlə vəhşi kimi davranmağa başladılar. Qocaları, qadınları döyürdülər ki, onların yerini deyək. Faşistlərdən bir neçəsi mənim atam Eçinyonu çağırdı. Ona dedi ki, sənin evinə baxacağıq. Atam dedi ki, evdə balaca qızlarımdan başqa heç kim yoxdu. Onlar evə girdilər. Azərbaycanlılardan biri elə bizim evdəydi. Ortaboylu bir cavan idi. O yazığı elə evin qarşısındaca güllələdilər. Atamı və balaca bacımı divara söykədilər. Atama dedilər ki, o birilərinin yerini deməsəniz, bu uşağı da güllələyəcəyik. Sonra isə hər iki nəfərdən birini. Bacım qorxudan ağlayırdı. Bu vaxt Altsanodan olan və faşistlərə işləyən Culiya adlı qadın alman zabitlərindən birinə yaxınlaşdı. Onun qulağına nəsə pıçıldadı. Sən demə, Culiya və onun kənddəki satqınları evbəev hamısının yerini söyləmişdilər. Faşistlər mövqe tutub məlum evlərə tərəf atəş açmağa başladılar. Kənd əsil döyüş meydanına döndü.

Bunları isə Mariya Leçini deyir. Həmin vaxt 7 yaşı varmış. Deyir, azərbaycanlılar qəhrəmanlıqla vuruşurdular. Faşistlərin təslim olmaq tələbinə qəti şəkildə rədd cavabı verdilər. 120 nəfər 2500-dən çox faşistə azı 6 saat müqavimət göstərdi. Səhər saat 7-də başlayan döyüş bir də günorta saatlarında bitdi.

Həmin hadisələri araşdırmış Mixail Talalay özünün “Qafqazlardan Appeninədək” kitabında yazır:

“Döyüşdən sonra faşistlərdən biri sevincək bağırırdı: “Hə, cənablar, yaxşı ov etdik”. Onlar əsir aldıqları əsgərlərin şinelini, pul qabını, şəxsi əşyalarını yağmalayırdılar. Bu vaxt əsirlərə “ayaqqabılarınızı çıxarın” deyə əmr verdilər. Hamının dəhşət bürümüşdü. Doğrudanmı əsirləri güllələyəcəklər?”

Elə də olur. Talalayın yazdığına görə, əsir alınmış azərbaycanlıları bir yerə yığırlar. Faşist leytenantın əmriylə pulemyotdan atəş açılır. Faşistlər hətta yaralılara belə aman vermirlər.

Sonradan partizan dəstələrinin birinin komandiri olmuş Motsala öz xatirələrində yazacaqdı:

“Ümumiyyətlə, Berqamo ətrafına gəlib çıxmış azərbaycanlıların sayı 900 nəfərə yaxın idi. Onlardan 120 nəfəri Monte di Nezedə öldürüldü. Başqa bir dəstədə olan 300 nəfəri isə əsir alınmışdı. Onların taleyindən heç bir xəbər yoxdu. Yerdə qalanları isə partizanlara qoşulmağa imkan tapmışdı”.

Hə, elə Motsalanın öz dəstəsinə leytenant Musa Məmmədovun rəhbərliyi altında 250 partizan qoşulmuş və faşizmə qarşı vuruşmuşdu.

***

Karolina Letininin dediklərindən:

– Onların meyitləri bir neçə gün kəndin ortasında qaldı. Faşistlər onları basdırmağa imkan vermirdilər. Yaxınlaşmağa belə qoymurdular. 6-cı, ya 7-ci gün idi, yadımda deyil. Onlar çıxıb getdilər. Məhz bundan sonra yerli keşişin göstərişi ilə onlar dəfn olundu.

Karolina bizə kənddə onların basdırıldığı yerləri göstərir. Hə, yerləri, ona görə ki, onların hamısı eyni yerdə dəfn edilməyib. Talalay yazır ki, azərbaycanlıların dəfnini yerli sakin Covanni Gerardi təşkil etmişdi. O, kənd qəbiristanlığının yaxınlığında böyük bir məzarlıq qazdıraraq, onları bir yerdə dəfn etdirə bilmişdi.

Amma Karolina bu faktı təsdiqləməklə yanaşı, başqa bir məqamdan da söhbət açır. Onun dediyinə görə, azərbaycanlıların heç də hamısı bir yerdə dəfn edilməyib. “Düzdür, onların böyük əksəriyyəti qəbiristanlığın yaxınlığında basdırılıb. Amma yadımdadı ki, bir neçə yerdə onların dəfn edildiyi məkanlar var”.

Karolinanın dediyinə görə, azərbaycanlılardan çox az adamın adı onlara bəllidir. Bunun da səbəbi odur ki, faşistlər onların bütün sənədlərini ciblərindən götürmüşdülər…

***

Zaman, 2014-cü ilin fevralı.

İtaliyanın “Corriere della Sera” qəzetində maraqlı bir məqalə dərc olunur. Məqalə Monte di Neze faciəsinə və orada qətlə yetirilən azərbaycanlılara həsr edilmişdi. Yazıda göstərilir ki, hələ bu faciəyədək azərbaycanlılar italiyalı partizanlarla kontakt qurmaq istəyirdilər. Onlar yerli partizan dəstəsinin iki əsas adamı Morandi və Epifanio Miçeletti ilə demək olar ki, razılığa gəlmişdilər. Azərbaycanlılardan Ağamoğlan Ağayev bu məsələdə əsas vasitəçi idi. Məhz onun cəhdlərindən sonra ilkin olaraq 250 azərbaycanlı partizanlara qoşulmağa imkan tapa bildi. Bir qrup isə Monte di Nezeyə gəlib çıxmışdı. Çox təəssüf ki, faşistlər onların izinə düşə bilmişdi. Məhz bu dəstə partizanlara qoşulmağa imkan tapmır. Bu məqalənin müəllifləri də faşistlərlə azərbaycanlılar arasında bir neçə saat döyüş getdiyini yazırlar. Və onu da qeyd edirlər ki, bu əslində döyüş yox, insan ovu idi. Sitat: “Bir neçə saat davam edən döyüşdən sonra 43 azərbaycanlı öldürüldü. Ağır yaralıların sayı 73-ə çatırdı. Almanlar onlara da rəhm etmədilər. Yaralılara da güllələdilər”.

Bəs o biriləri?

Partizanlara qoşulmaq imkanı tapan o biri azərbaycanlıların aqibəti necə oldu?

Kimlər idi onlar?

Niyə hələ də “Serafino” dedikdə italyanlar şlyapalarını çıxarıb, yad edirlər?

Kim idi “Luçano”? Kim idi “Türk Mamed”? Kim idi Məmməd Bağırov, Mirzə Şahverdiyev, gəncəli Abbas?

Bunlar Mixaylodan azmı qəhrəmanlıq göstəriblər?

Qətiyyən!

Tanıyacaqsınız, onların hər birinin döyüş yolu bir kitab, bir filmə belə sığmaz…(lent.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600