Fuad Nağıyev göndərilir? – Turizm fiaskosu agentliyi hədəfə gətirir
Uzun müddətdən bəri gözlənilənin gerçəkləşməsi ehtimalı getdikcə güclənir.
Yenicag.az-a daxil olan məlumata görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev yaxın günlərdə vəzifəsindən uzaqlaşdırıla bilər. Bildirilir ki, qərarın səbəbi kimi həm turizm sektorunda nəticələrin zəifliyi, həm də agentliklə bağlı yığılıb qalan ciddi narazılıqlar göstərilir.
Xüsusən də Prezident İlham Əliyevin Fuad Nağıyevə “işində yol verdiyi nöqsanlara görə” şiddətli töhmət verməsi və bundan az sonra agentliyin aparat rəhbəri Kənan Qasımovun vəzifədən azad olunması fonunda DTA rəhbərliyi ilə bağlı proseslərin yeni, daha sərt mərhələyə keçdiyi vurğulanır.
Qeyd edək ki, bir müddət öncə Azərbaycana qarşı illərdir qərəzli mövqeyi ilə tanınan “Transparency International” təşkilatında çalışmış şəxslərin Dövlət Turizm Agentliyində “yuva qurması” faktının üzə çıxması cəmiyyətdə ciddi suallar doğurmuşdu: əgər Azərbaycana daim düşmən mövqedə olan bir təşkilatın keçmiş əməkdaşları strateji qurumda mühüm postlar tutubsa, bunun məsuliyyəti kimlərin üzərinə düşür? Xüsusən də iddia olunurdu ki, agentliyin rəhbəri Fuad Nağıyevin “Transparency International”da işləmiş qaynanasının təsiri və əlaqələri bu prosesdə az rol oynamayıb. Bu kontekstdə agentliyin xarici kəşfiyyat dairələri ilə mümkün əlaqələri, yaxud bu sahədə yol verilmiş ehtiyatsızlıqlar ayrıca narahatlıq mövzusu kimi qabardılırdı.
Fuad Nağıyev həmin dönəmdə həm bu iddialar, həm də turizm sahəsindəki ciddi nöqsanlar fonunda yalnız Prezident İlham Əliyevin verdiyi şiddətli töhmətlə məsuliyyətdən qismən yayına bilmişdi. Lakin sözügedən məsələnin yenidən aktuallaşması, üstəlik Milli Məclisdə səslənən kəskin tənqidlər DTA rəhbərliyinə münasibətin daha da sərtləşdiyini göstərir.
Milli Məclisdə deputat Qüdrət Həsənquliyev turizm sahəsindəki durumu sərt şəkildə tənqid edərək bildirib:
“Əgər bu ilin 10 ayında ölkəmizə 2 milyon 171 min turist gəlibsə (illik müqayisədə 1,7 % az), bizdən çox kiçik Gürcüstana 4 milyon 307 min turist gəlib (2 dəfə çox). Bunun səbəbləri araşdırılmalıdır”.
Məhz bu rəqəmlər fonunda Azərbaycanın turizm potensialı ilə real nəticələr arasındakı uçurum xüsusi diqqət çəkir və Dövlət Turizm Agentliyinin fəaliyyətinə yönələn narazılıqları daha da gücləndirir.
Camal Cavanşir












