Reklam: High Technic
hightechnic

Mehriban Əliyeva seçiciləri ilə belə vidalaşdı - Foto

“Yeni vəzifəyə təyin edildiyimə görə mən Milli Məclisdə öz fəaliyyətimi dayandırmalıyam”.

Bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində yaradılan şəraitlə tanış olandan sonra qəsəbə sakinləri ilə görüşdə deyib.

Mehriban Əliyeva seçicilərinə təşəkkür edib:

“Mən 2005-ci ildən üç çağırış Milli Məclisdə sizin dəstəyinizlə fəaliyyət göstərmişəm, deputat kimi çalışmışam. Bütün bu 12 il ərzində çalışmışam ki, öz fəaliyyətimlə sizin etimadınızı doğruldum. Eyni zamanda, mən böyük fəxr hissi ilə qeyd etmək istəyirəm ki, bu müddət ərzində hər zaman sizin diqqətinizi, dəstəyinizi, sevginizi, hörmətinizi hiss etmişəm. Bu illər ərzində əldə etdiyimiz nailiyyətlər, uğurlar məhz buna görə reallaşıb. Bu, məhz bizim birgə fəaliyyətimizin, birgə olmağımızın nəticəsidir. Mən Xəzər rayonunun bütün sakinlərinə, mənə inanan insanlara minnətdarlığımı bildirirəm.

Mən çox şadam ki, bu illər ərzində biz Xəzər rayonunun inkişafı üçün bir çox işlər görmüşük, bir çox nailiyyətlər əldə etmişik. Qəsəbələrdə 42 yeni məktəb tikilib, 24 uşaq bağçası, 16 internat evi və məktəbi təmir olunub, 10 idman, 28 mədəniyyət obyekti, 7 məscid, qəsəbələrin yolları yenidən qurulub, elektrik xətləri, qaz boruları çəkilib. Ümumiyyətlə, qəsəbələrin inkişafı üçün böyük işlər görülüb. Təbii ki, bu işlər, ümumiyyətlə, ölkədə aparılan quruculuq, abadlıq, islahatlar prosesinin tərkib hissəsidir.

Amma mən Xəzər rayonunun deputatı olaraq, sizinlə bərabər hər zaman çalışmışam ki, irimiqyaslı layihələrlə yanaşı, insanlarla ünsiyyətdə olum, onların problemlərini eşidim, onları narahat edən məsələləri aradan qaldırmaq üçün əlimdən gələni edim. Yenə də qeyd etmək istəyirəm ki, sizin diqqətiniz, inamınız mənim üçün əsas güc mənbəyi olub. Əminəm ki, biz birgə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik. Bilirəm ki, Xəzər Rayonunun İnkişaf Fondu fəaliyyətini davam etdirir. Mən sizi narahat edən məsələləri daim diqqətimdə saxlayıram. Çalışıram ki, sizi narahat edən problemlər aradan qalxsın. İnanıram ki, bizim bu birliyimiz gələcəkdə də davam edəcək və biz yeni nailiyyətlər əldə edəcəyik.

Bu illər mənim üçün çox dəyərlidir. Bunun əsas səbəbi də ondan ibarətdir ki, mən hər gəlişimdə, Xəzər rayonunun sakinləri ilə hər dəfə ünsiyyətdə olanda sizin dəstəyinizi, hörmətinizi, inamınızı hiss edirəm. Burada çox doğma və əziz bir ab-hava yaranmışdır. Buna görə mən sizə dərin minnətdarlığımı bildirirəm”.

Qəsəbə sakini Ziyafət Cəfərova: Hörmətli Mehriban xanım, biz də Sizə öz təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, bu gün bizimlə görüşə gəlmisiniz. İlk növbədə, cənab Prezidentə təşəkkürümüzü bildiririk ki, Sizi bu yeni vəzifəyə təyin etdi. Biz cənab Prezidentlə, Sizinlə fəxr edirik. Sizi yeni vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik. Sizi həm Azərbaycan xalqı adından, həm də Türkan camaatı adından təbrik edir, Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Bəli, bizim üçün çox işlər görmüsünüz. Bütün Azərbaycan üçün çox işlər görmüşünüz. Bu işlər göz qabağındadır, əvəzedilməzdir. Xüsusilə, qəsəbəmizdə yenidən qurulan məktəblər, internat məktəbi, yeni bağçalar, hamısı Sizin səyinizin nəticəsidir. Bunun üçün hamı Sizə “Çox sağ ol” deyir. Sizə minnətdarlıq edirik. Sağ olun. Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Xalq Artisti Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev: Mehriban xanım, atama göstərdiyiniz diqqət və qayğıya görə mən də Sizə təşəkkürümü bildirirəm. Allah Sizə uzun ömür, cansağlığı versin. Allah həmişə Sizin köməyinizdə olsun. Sizə təşəkkür edirəm.

Yeniçağ.az

www.yenicag.az

72