!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəb psixoloqlarının imkanları: Yeniliklər və tələblər – Nələr təklif edilir?

!Reklam – Yazi

“Məktəb psixoloqu təkcə şagirdlərlə deyil, ayrı-ayrı müəllimlərə, valideynlərlə, hətta məktəbin rəhbər heyəti ilə belə, görüşərək, onlarla bağlı qərar qəbul etmək hüququna malikdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında məktəb psixoloqlarının fəaliyyəti və onlara yaradılması lazım olan şərait barədə danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.

Onun sözlərinə görə, bu gün məktəb psixoloqlarının bir çoxu öz fəaliyyətinin, vəzifə öhdəliklərinin fərqindədirlər.

“Çünki üç il bundan əvvəl “BP” şirkətinin maliyyə dəstəyi ilə bu istiqamətdə bir monitorinq apardıq. İstər paytaxt, istərsə də bölgələrdəki məktəb psixoloqlarının bir çoxu ilə görüşdük. Gördük ki, məsələ deyilən qədər də bərbad deyilmiş. Həqiqətən də işləmək istəyən, öyrənmək, özünü inkişafa can atmaq istəyən məktəb psixoloqlarımız var. Bu gün məktəb psixoloqlarını günahlandırmamışdan öncə onlar üçün müəyyən şərait yaradılmalıdır. Məktəb psixoloqunun ayrıca kabinetinin olması vacibdir”, – deyə o bildirib.

Ekspert əlavə edib ki, böyük şəhər məktəblərini, bahalı özəl məktəbləri, nazirliyin balansında olan təmayüllü lisey və gimnaziyaları çıxmaqla məktəblərin əksəriyyətində məktəb psixoloqu üçün iş kabineti yoxdur.

“Halbuki onun özünün standartları olmalı, orada müəyyən ləvazimatlarla şərait yaradılmalıdır ki, məktəb psixoloqu fərdi, yaxud da şagird qrupları, müəllim, rəhbər yaxud da texniki heyətlə görüşərək, öz qeydlərini apara, onların problemlərini dinləyib, bu barədə yardım edə bilsin. Lakin bu, mövcud deyil.

İkincisi, məktəb psixoloqlarının ştat cədvəlində ciddi artım baş verməlidir. Qanunvericiliyə əsasən, hər min şagirdə bir məktəb psixoloqu düşür. Tutaq ki, bir məktəbdə 300 şagird təhsil alırsa, orada yenə də 1 ştat sahibi var, 800 şagird oxuyursa, yenə də 1 məktəb psioxoloqu yer alır. Yalnız şagird sayı 1000 nəfəri keçdiyi halda, ikinci psixoloq ştatı ayrılır. Düşünürəm ki, bu, çox azdır. Mən şəxsən hər 250 şagirdə 1 məktəb psixoloq ştatı açılmasını istərdim”, – deyə o vurğulayıb.

E.Nuri qeyd edib ki, məktəb psixoloqunun vəzifə və öhdəliklərinə baxanda o qədər məsələlər qarşıya çıxır ki, saydıqca bitməz.

“Təsəvvür edin, məktəb psixoloqu təkcə şagirdlərlə deyil, ayrı-ayrı müəllimlər, valideynlərlə, hətta məktəbin rəhbər heyəti ilə belə görüşərək, onlarla bağlı qərar qəbul etmək hüququna malikdir. Burada psixoloji durum, hazırlıqdan söhbət gedir. Psixoloqların ştat vahidi artırılmalıdır ki, onlardan bullinqlərı qarşı mübarizədə, digər məsələlərdə yaxşı iş tələb edək.
Üçüncü məsələ isə onların əmək haqlarının artırılması ilə bağlıdır. Təbii ki, bu gün dövlətimiz xüsusən də təhsil sahəsində əmək haqlarının artırılmasl ilə bağlı uğurlu strategiya həyata keçirir. Son bir neçə ildə müəllimlərin maaşı bir neçə dəfə artırılıb. Xüsusilə sertifikasiya müsabiqəsindən sonra diferensial artım həyata keçirildi ki, bu da kifayət qədər ədalətli bölgüdür. Məktəb psixoloqları müəllim deyil və onların dərs saatı yoxdur ki, ona görə maaş alsınlar. Onların işi spesifikdir. Düşünürəm ki, onların əmək haqqı müəyyən qədər artarsa, öz işlərinə daha səmərəli, faydalı yanaşa bilərlər”, – ekspert bildirib.

Mütəxəssis əlavə edib ki, bəzi məktəb psixoloqları öz üzərində işləmir:

“Məsələn, sosial şəbəkələrdə məktəb psixoloqlarının o qədər də aktiv olmadığını görürürük. Məktəblərdə görüşlərdə oluruq, amma orada məktəb psixoloqunun, ümumiyyətlə, çox az şagird tərəfindən tanınmasının şahidi oluruq. Adi iş prinsipində məktəb psixoloqlarının az hallarıda onların hər hansı bir problemlə bağlı bizə müraciət etməsini görürük. Əslində, onlar çox aktiv olmalıdırlar. Bu gün məktəb psixoloqunun işi yalnız şagirdlərin şəxsi işini hazırlamaqdan ibarət olmamalıdır. O, müəyyən bölgü əsasında məktəbin bütün sinifləri ilə görüşlər təşkil etməlidir. Burada müəyyən psixoloji problemi olan, ailəsində problemlər yaşayan uşaqların sayı müəyyənləşməlidir. Onlarla ayrı-ayrılıqda görüşlər keçirilməlidir. Düzdür, bunun tam yox dərəcəsində olduğunu deyə bilməsək də, faiz nisbəti aşağıdır.

Dünyada bullinq iştirakçısı şagirdlərin say göstəricisi 42 faizdir. Təbii ki, bu faizin hamısı bullinqdə şiddətə məruz qalan deyil, burada şiddət göstərən tərəf, şahid, bullinqə məruz qalan tərəf də var. Onların hamısı ümumilikdə 42 faiz təşkil edir. Bu rəqəm az deyil və bu o deməkdir ki, məktəb psixoloqunun işi təkcə bu məsələdə o qədər də az deyil. Ona görə də məktəb psixoloqunun hüquq və öhdəliklərini daha yaxşı yerinə yetirməsi üçün onun xüsusi şərait yaradılmasına cəhd etməliyik”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv