!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məni çağıraraq o vədi verdikdən sonra Vəzirova dedim ki, olar, sizi qucaqlayım?” – Zərdüşt Əlizadə

!Reklam – Yazi

“O vaxt Vəzirovu “bambılı” adlandıranların bu gün onu xoş sözlərlə xatırlamaları da başqa aləmdir”.

Bu fikirləri 1988-90-cı illərdə Sovet Azərbaycanına rəhbərlik etmiş Əbdürrəhman Vəzirovun 2 gün əvvəl vəfat etməsindən sonra bir çox hərəkatçıların mərhum haqqında müsbət fikirlər səsləndirmələrinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycana təqribən ilyarım rəhbərlik etmiş Əbdürrəhman Vəzirov mafioz deyildi və onunla əməkdaşlıq etmək zəruri idi:

“Xalq Cəbhəsi İdarə Heyətinin üzvü olaraq Ali Sovetin 1989-cu il sentyabrın 15-də keçirilmiş sessiyasında mən də iştirak edirdim. Buna qədər respublika rəhbərliyi ilə aparılan danışıqlarda Moskvanın Dağlıq Qarabağda yaratdığı Xüsusi Komitənin ləğv edilməsi də razılaşdırılmışdı.

Lakin sessiyada məlum oldu ki, rəhbərlik bu barədə qərar yox, sadəcə bəyanat qəbul etmək istəyir. Bundan sonra sessiyada ara qarışdı. Vəzirovun özü də tribunaya gəldi, orada mərhum Nəcəf Nəcəfovla mübahisəsi də düşdü. Biz isə yerdən uca səslə əldə olunmuş razılaşmanı xatırlatdıq ki, bəyanat yox, qərar qəbul edilməlidir.

Bunu nəzərə almadıqda İdarə Heyətinin bir çox üzvü sessiyada iştirakımızı dayandırmağı, tətil və mitinqləri bərpa etməyi məqsədəuyğun saydılar. Mən onlara bildirdim ki, Vəzirovla dil tapmaq mümkündür, imkan verin, mən onunla bir də görüşüm.

Vəzirovla söhbətimizdə o əsaslandırmağa çalışdı ki, Mərkəzin qərarı yalnız Moskvadan ləğv oluna bilər, biz indi bəyanatla kifayətlənməliyik. Mübahisəmiz uzun çəkdi və onun bu mövqedə israr etdiyini görüb otaqdan çıxdım. Bir az uzaqlaşmışdım ki, onun köməkçisi özünü mənə yetirdi və Vəzirovun məni çağırdığını dedi. Yenidən içəri girəndə bildirdi ki, yaxşı, bu barədə qərar qəbul olunacaq.

Onun respublika rəhbəri kimi Moskva qarşısında qətiyyət göstərməsi məni sevindirdi və o vədi verdikdən sonra dedim ki, olar, sizi qucaqlayım? Bilirsiniz, Vəzirov mafioz deyildi və onunla əməkdaşlıq etmək zəruri idi. Ancaq Xalq Cəbhəsindəki adamlar bunu anlamadılar. Nəticədə Vəzirov respublikadan uzaqlaşdırıldı və 20 yanvar qırğını baş verdi. Ona görə də o vaxt Vəzirovu “bambılı” adlandıranların bu gün onu xoş sözlərlə xatırlamaları da başqa aləmdir”.

A.Zeynalov

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv