!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi büdcədən ən çox asılı olan bölgə Naxçıvandır? - "Xərclər barədə detallı məlumatlar əks etdirilməlidir" - ŞƏRH

!Reklam – Yazi

Naxçıvada vəzifəli şəxslərin korrupsiya ittihamı ilə silsilə həbslərindən sonra bölgənin iqtisadi potensialından səmərəsiz istifadə mövzusu da geniş müzakirəyə səbəb olub. Əsas arqumentlərdən biri budur ki, Naxçıvan büdcəsinin formalaşmasında yerli gəlirlərin payı çox azdır və yerli büdcə xərclərinin əhəmiyyətli hissəsi mərkəzi hökumətin büdcəsindən ayrılan dotasiya formasında yardımlarla qarşılanır.

Yenicag.az xəbər verir ki, bu mövzu ilə bağlı İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, iqtisadçı Rövşən Ağayev öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Naxçıvan MR iqtisadiyyatının strukturuna və demoqrafik potensialına görə yalnız Gəncə-Daşkəsən iqtisadi rayonu ilə müqayisə edilə bilər. Belə ki, Azərbaycanın bölgələrinin iqtisadiyyatının cəmi 5-10 faizini sənaye istehsalı təşkil edir. 2021-ci ilin yekunlarına görə, bu göstərici yalnız Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 37 faiz, Naxçıvan iqtisadi rayonu üzrə 28 faiz təşkil edib:

“Şübhəsiz ki, Naxçıvan ölkədəki mövcud idarəetmənin bəlkə də ən pis örnəyidir. İqtisadi rəqabətin boğulması, inhisarçılığın əndazəsini aşan miqyası, eləcə də sərhəd tanımayan korrupsiya Naxçıvanda daha kəskindir. Əslində, rayonların Azərbaycanda dotasiyasız bölgə adlandırılması üçün meyarların dəqiqləşdirilməsinə ehtiyac var. Hökumət Sovetlər Birliyinin dağılmasından sonra mərkəzləşmiş idarəetmə sistemindən imtina etməyib. Nəticədə yerli hakimiyyətlər mərkəzi hakimiyyətin yerlərdəki məhdud səlahiyyətli icraçıları kimi qalmaqdadırlar. Yəni yerli seçkili idarəetmə sistemi yaranmadığı üçün nə maliyyə, nə də inzibati əks-mərkəzləşmə baş verməyib. Maliyyə və inzibati əks-mərkəzləşmənin baş vermədiyi ölkədə dotasiyasız yaşayan bölgəni müəyyən etməyin əhəmiyyəti də qalmır. Maliyyə müstəqilliyi əmsalı o zaman hesablanır ki, mərkəz hakimiyyətdən muxtar səlahiyyətləri və maliyyə müstəqilliyi olan yerli özünüidarə olur, onların bu müstəqillikdən yararlanaraq nə dərəcədə dotasiyasız bölgə yarada bildikləri ölçülür.

Faktlar göstərir ki, Azərbaycanda reallıqda mərkəzi büdcədən yüksək asılılığı olmayan hər hansı iqtisadi rayon mövcud deyil və bütün bölgələrin asılılığı elə Naxçıvan qədərdir. Bu baxımdan, hökumət büdcə sənədlərində hər bir rayon və şəhər üzrə investisiya xərcləri də daxil olmaqla büdcənin bütün funksional istiqamətləri üzrə ayrılan xərclər barədə detallı məlumatlar əks etdirməlidir. Yalnız bu halda bölgələrin real özünümaliyyələşdirmə və asılılıq səviyyəsini obyektiv qiymətləndirmək mümkün olar”.

Gülşən Şərif

www.yenicag.az

1517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv