Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən işlər ən qədim dekorativ-tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqəti daha da artırıb.
Yenicag.az xəbər verir ki, ölkədə xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə təbliği istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Təsadüfi deyil ki, “Azərxalça” ASC-nin gözəlliyi ilə seçilən yun və ipək xalçalarına xalçasevərlər tərəfindən böyük tələbat var. Əsl əl işi, yerli istehsal, Şəki ipəyindən toxunulmasına başlanılmış ipək xalçalarımız mifik qüdrəti və qəlb ovsunlayan gücü ilə sərhədləri aşır.
“Azərxalça” ASC-də “Əjdahalı” kompozisiyasında icra olunan ipək xalçanın dünya şöhrətli, argentinalı futbolçu Messinin evini bəzəməsi bənzərsizliyi ilə qəlblərə yol tapan Azərbaycan xalçalarının sərhəd tanımayan cazibəyə malik olmasını bir daha göstərir.
Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələrindən olan “Əjdahalı” xalçaları qədim və zəngin tarixə malikdir. Şərq aləmində “Əjdaha” evin, ocağın şər qüvvələrdən qorunmasını simvolizə edən motiv nümunələridir. Xalçanın kompozisiyasının şərhinə gəldikdə isə, “Əjdaha” təsvirli xalçaların əsas sahəsi qırmızı, bəzən mavi və ya qəhvəyi rənglərin ahəngdar bölgüsündən ibarətdir. Kəsişmə xətləri və kənarları böyük palmetlərlə örtülmüş dişli yarpaqlarla əhatələnir. Xalçaların üzərlərində stilizə olunmuş əjdaha təsvirləri naxışlar vasitəsilə verilir. “Əjdaha” simvolu olan naxış və elementlər bütün şərqdə çox qədimdən mövcud olsa da, ilk “Əjdahalı” xalçalar Səfəvilər dövründə yaranıb.
Qeyd edək ki, Azərbaycanlı iş adamı Adnan Əhmədzadə Lionel Messinin ad günündə iştirak edərək, ona Azərbaycan xalçası hədiyyə edib və bu xalça məhz “Azərxalça” ASC istehsalı olan xalçadır.
www.yenicag.az