Mətbuat Şurası türk mediasındakı Azərbaycanla bağlı səhvləri aradan qaldıra bilir?
Əflatun Amaşov: “Yeri gələndə həmin xəbər portalları və qəzetlərə MŞ-nın mövqeyini göndəririk, onun çap olunmasına çalışırıq”
Son zamanlar bəzi Türkiyə mediasında Azərbaycanla bağlı müəyyən neqativ yazılara da rast gəlinir. Burada ola bilsin ermənilərin də əli var. Görəsən, qardaş ölkə mətbuatında Azərbaycanla bağlı çıxan neqativ xəbərlərlə əlaqədar Mətbuat Şurası hansı işləri görür?
Mətbuat Şurasının sədri Əflatun Amaşov Yenicag.az-a açıqlamasında bildirdi ki, Azərbaycanla bağlı neqativ yazılara Türkiyə mətbuatının cüzi hissəsində, o da ara-sıra rast gəlinir: “Türkiyənin əsas mətbuat vasitələrində, televiziyalarda Azərbaycanla bağlı qeyri-dəqiq yazı və materiallara, televiziya verilişlərinə ümumiyyətlə rast gəlinmir. Çox təəssüf ki, bir sıra qəzet və xəbər portallarında bəzi hallarda bu nüanslar nəzərə alınmır. Azərbaycanla bağlı müəyyən neqativ yazılar meydana gəlir. Bu isə nə türk xalqının nə də Türkiyədən olan jurnalistlərin fikirləri olmur. Bütün bunlara baxmayaraq, Azərbaycan Mətbuat Şurası Türkiyə Jurnalistlər Təşkilatı ilə əlaqə saxlayaraq, məsələləri müzakirə edir. Eyni zamanda, yeri gələndə həmin xəbər portalları və yaxud qəzetlərə də Mətbuat Şurasının mövqeyini göndəririk, onun çap olunmasına çalışırıq. Mətbuat Şurası bu sahədə öz fəaliyyətini qura bilir. Amma Türkiyə mətbuatında Azərbaycanla bağlı neqativ fikirlərə söykənən yazılara çox az rast gəlinir. Bütün bunları nəzərə alaraq, Türkiyə jurnalistlərini dəfələrlə ölkəmizə dəvət etmişik, çalışmışıq ki, dəvət olunan jurnalistlərin çalışdığı redaksiyalar Türkiyə mediasının simasını açıq-aydın göstərsin. Qarşıda müəyyən layihələr həyata keçirməyi planlaşdırırıq. Qondarma erməni soyqırımı ilə bağlı azərbaycanlı jurnalistlərin Türkiyədə olması və ermənilərin törətdiyi soyqırım hadisələrini görən şahidlərlə jurnalist görüşlərinin təşkili, habelə qardaş ölkə jurnalistlərin böyük qrupunun Azərbaycana dəvət olunması və burada ermənilərin törətdiyi soyqırım hadisələrilə tanış olmaları üçün bu hadisələrin baş verdiyi yerlərdə olmaları istiqamətində görüşlər təşkil ediləcək. Söhbət ondan gedir ki, Azərbaycan və Türkiyə jurnalistləri iki ölkə üçün əsas olan məqamlarda, hər iki ölkənin imicinin formalaşmasında yəqin vahid mərkəzdən iştirak edə bilərlər”.
Rüfət