!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Meydan Hərəkatının 32-ci ildönümünün böyük qələbəmizlə üst-üstə düşməsi çox rəmzi və əlamətdardır” – Firudin Cəlilov

!Reklam – Yazi

“Topxana meşəsinin qırılmasına etiraz olaraq başlayan 18 günlük mitinqlər Sovet imperiyasının təməlini sarsıtdı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bu gün 32-ci ildönümü qeyd olunan 1988-ci il Meydan Hərəkatının tarixi əhəmiyyətini dəyərləndirən keçmiş təhsil naziri, professor Firudin Cəlilov deyib.

Professorun fikrincə, Meydan Hərəkatı özünün bütün cəhətləri ilə çağdaş tariximizin ən əhəmiyyətli hadisələrindən biridir:

“1988-ci il noyabrın 17-də başlayan və 18 gün fasiləsiz davam edən mitinqlər postsosialist məkanında unikal aksiya idi. Bildiyiniz kimi, həmin mitinqlər Qarabağdakı Topxana meşəsinin ermənilər tərəfindən qırılmasına etiraz kimi başlamışdı. Lakin cəmi bir neçə gündən sonra aksiya Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi. Topxana meşəsinin qırılmasına etiraz olaraq başlayan 18 günlük mitinqlər Sovet imperiyasının təməlini sarsıtdı.

Həqiqətən, çox möhtəşəm günlər idi. Azərbaycanın bütün bölgələrindən insanlar o mitinqlərə axışırdı, mövqeyini bildirirdi. Sözün tam mənasında milli oyanış yaşanırdı. O günlərdə mitinq iştirakçıları kiçik kağız parçalarında öz fikir və təkliflərini yazaraq, bizə – tribunaya göndərirdilər. Qeydlərin birində bu sözlər yazılmışdı: “Biz bu meydana bakılı, lənkəranlı, şamaxılı kimi gəldik, burada azərbaycanlı olduq”. Bu yazı məni o qədər təsirləndirdi ki, Sabir Rüstəmxanlıya dedim, o da mitinqdə həmin sözləri oxudu.

Doğrudur, dekabrın 5-nə keçən gecə sovet əsgərləri aksiyanı zorakılıqla dağıtdılar. Ancaq bu hal Meydan Hərəkatının əhəmiyyətini heç bir halda azalda bilməz. Mən çox təəssüf edirəm ki, 18 günlük mitinqlərin çəkildiyi çox sayda foto və videomateriallar sandıqlarda qaldı, üzə çıxmadı. Yəqin ki, xalqımız nə vaxtsa o kadrları da görəcək. Şübhə etmirəm ki, 18 günlük mitinqlər tarix dərsliklərində geniş əks olunacaq. Xalqımız tariximizin o mərhələsi haqqında hər şeyi bilməlidir.

Bu gün Meydan Hərəkatının 32-ci ildönümünün böyük qələbəmizlə üst-üstə düşməsi çox rəmzi və əlamətdardır. Azərbaycan uzun gözləntilərdən sonra işğal altındakı ərazilərini hərb yolu ilə azad etdi. Hazırda savaş dayansa da, diplomatik müstəvidə mübarizəmiz davam edir. Mən bu müharibədə əsl qəhrəmanlıq göstərən Ali Baş Komandana və qazilərimizə möhkəm can sağlığı, uğurlar arzulayıram. Qəhrəman şəhidlərimizə Tanrıdan rəhmət diləyirəm. İnşallah, uğurlarımız davamlı olsun”.

Aqil Bəkir

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv