Fərəc Quliyev: “Hazırkı vəziyyətə görə milyardlarla vəsait xərclənəcəksə, imkan varsa bu cür tədbirlərin dayandırılması daha məqsədəuyğun olardı”
Müsavat Partiyasının Divanı hazırkı iqtisadi böhran nəticəsində ölkə əhalisinin üzləşdiyi ağır maddi vəziyyətlə əlaqədar olaraq Azərbaycan hakimiyyətini ölkədə keçirilməsi nəzərdə tutulan “Formula 1” və IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığından imtina etməyə çağırıb.
Yenicag.az-a açıqlamasında Müsavat Partiyasının bu çağırışını millət vəkili Fərəc Quliyev ümumən məqsədəuyğun hesab etdi: “Milli Məclisdə büdcə ilə bağlı müzakirələr olacaq. Bu zaman yəqin ki, ixtisarlar, bir çox layihələrin dayandırılması haqqında da müzakirələr keçiriləcək. Büdcənin dəyərləndirilməsi, vəsaitlərlə bağlı olaraq müzakirələr zamanı hökumətin mövqeyini bilmək lazımdır ki, onların hansı fikirdə olduğu, hansı layihələri təxirə salacaqları bəlli olsun. Bu daha çox hökumətin işi olduğundan mənim konkret bir şey deməyim mümkün deyil. Ən azından vacib sosial məsələlərlə bağlı layihələrin təxirə salınmayacağı deyilib. Vəsait qalacaqsa və büdcəni normal şəkildə doldurmaq imkanları varsa, beynəlxalq tədbirlərin keçirilməsi də təbii ki, ölkə üçün labüd şərt olacaq. Amma vəsaitdə çatışmamazlıq olacaqsa, daha vacib sahələrə vəsait ayrılması münasib bilinəcəksə, aparılan müzakirələrdən sonra bir qərar vermək mümkün olacaq. Vəsait olarsa və “Formula 1” və IV İslam Həmrəyliyi Oyunları üzrə keçiriləcək yarışlar ölkə büdcəsinə baha başa gəlməzsə, belə tədbirlərin keçirilməsi təbii ki, normaldır. Amma ümumiyyətlə, bu günləri ölkədə daha vacib layihələrin həyata keçirilməsini, az təminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılması, banklarda krediti olanların vəsaitlərinin qaytarılması yollarının axtarılması, ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətinə vəsait qoyuluşu, sahibkarlara vəsait ayrılması, kiçik sənaye müəssisələrinin yaradılması ilə bağlı olaraq kecid dövründə vəsaitlərin məhz sadaladığım bu məsələlərə xərclənməsinin tərəfdarıyam. Hazırkı vəziyyətə görə milyardlarla vəsait xərclənəcəksə, imkan varsa bu cür tədbirlərin dayandırılması daha məqsədəuyğun olardı”.
ELÇİN
www.yenicag.az