!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Minsk triosu”na veriləsi DƏRS: “Azərbaycanın bu addımları atmağa cəsarəti çatmayacaqsa...” - Zərdüşt Əlizadə

!Reklam – Yazi

“O üç ölkənin səfiri bu hərəkətləri ilə Şuşanı Azərbaycan torpağı saymadıqlarını göstərirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşa səfərindən imtina etmələri fonunda Azərbaycanın atmalı olduğu mümkün addımları dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan bu məsələdə ya qətiyyət göstərməli, ya da sadəcə, susmalıdır:

“Ermənistanda keçirilmiş son parlament seçkiləri kampaniyasında Moskvanın adamı olan Robert Köçəryan xalqa vəd edirdi ki, o qalib gəlsə, Şuşanı dinc yolla geri qaytaracaq. Dinc yol nədir? ATƏT-in Minsk qrupunun vasitəçiliyi.

Lakin Azərbaycan prezidenti bəyan etdi ki, münaqişə artıq həll olunub, status haqqında heç bir söhbət gedə bilməz. Bunda sonra isə Azərbaycanda fəaliyyət göstərən bütün xarici ölkələrin səfirlərini Şuşaya səfərə dəvət etdi. Ancaq Minsk qrupunun həmsədrləri olan ölkələrin səfirləri Şuşaya getmədi.

Bu, nə deməkdir? O deməkdir ki, Rusiya, Amerika və Fransanın səfirləri söyləmək istəyirlər ki, “biz Azərbaycanın qanunsuz işğal etdiyi Dağlıq Qarabağ şəhəri olan Şuşaya getmək istəmirik”. Yəni, o hərəkətin diplomatik dildən tərcüməsi budur. Mən tərcüməçiyəm. Prezidentlər, baş nazirlər səviyyəsində olan söhbətləri tərcümə etmişəm. O üç ölkənin səfiri bu hərəkətləri ilə Şuşanı Azərbaycan torpağı saymadıqlarını göstərirlər.

Yaxşı, Azərbaycan bu həyasız mövqe qarşısında nə etməlidir? Bu, Azərbaycan hakimiyyətinin qətiyyətindən asılıdır. Prezident İlham Əliyev Xarici İşlər Nazirliyinə ATƏT-ə nota göndərmək haqqında tapşırıq verməlidir. O notada qeyd edilməlidir ki, münaqişə artıq həll olunub və bu çərçivədə beynəlxalq danışıqlara ehtiyac yoxdur. Ona görə də, Azərbaycan Minsk qrupunun xidmətlərindən imtina edir, artıq Rusiya, Amerika və Fransanı həmsədr kimi tanımır. Bu, Azərbaycanın diplomatik hüququdur.

Başqa bir yol isə bundan ibarətdir ki, regionda həlledici oyunçu olan Rusiyaya toxunmadan, Amerika və Fransanı vasitəçi kimi tanımamaq lazımdır. O ölkələrdən nümayəndələr gəlmək istəyəndə, deyilir ki, gəlməyin. ABŞ və Fransa səfirləri ilə təmas kəsilir, onların notalarına, müraciətlərinə cavab verilmir, Baydenlə də, Makronla da əlaqələr kəsilir, Vaşinqton və Parisdəki səfirlərə isə həmin dövlətlərin Xarici İşlər Nazirliyinə getməmələri tapşırılır.

Əgər Azərbaycan bu addımlardan heç birini atmayacaqsa, atmağa cəsarəti çatmayacaqsa, o halda sadəcə, susmaq lazımdır”.

A.Zeynalov

www.yenicag.az

685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv