Dövlət Miqrasiya Xidmətinin Kollegiyası “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nı təsdiq edib.
Yenicag.az xəbər verir ki, miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan, habelə dövlət qulluğu vəzifələrində qulluq keçən və dövlət qulluqçusu olmayan mülki işçilərə şamil edilən bu Qaydalar noyabrın 26-dan qüvvəyə minib.
İşçilərin etik davranış prinsipləri aşağıdakılardır:
– Qanunçuluq prinsipi:
– Vicdanlı davranış prinsipi:
– Peşəkarlıq və fərdi məsuliyyətin artırılması prinsipi:
– Loyallıq prinsipi:
– İctimai etimad prinsipi:
– İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət prinsipi:
– Mədəni davranış prinsipi:
– Qərəzsizlik prinsipi:
İşçi icra və əmək intizamına əməl etməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.
İşçi şəxsi həyatında ümumqəbul olunmuş milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir. İşçi icra etmək imkanı olmayacağı təqdirdə öhdəliklər (kredit, borc, pul, kirayə və s.) götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir. İşçi öz ailə üzvlərinin, habelə sosial və digər münasibətlərin onun xidməti fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir. İşçi vəzifəsindən və qulluq mövqeyindən şəxsi məqsədlər üçün istifadə etməməli, xidməti zərurət olmadıqda miqrasiya orqanlarının işçisi olduğunu qabartmamalı, xidməti vəsiqəsini təqdim etməməlidir. İşçi heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz.
www.yenicag.az