MN-in daha bir sabiq xidmət rəisinə ittiham elan edildi

media-hightechnic-468x90

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor Şahin Quliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Yenicag.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun rəhbərliyi ilə keçirilən prosesdə təqsirləndirilənə ittiham aktı elan edilib.

İttihamda bildirilir ki, Ş.Quliyev orduya müddətdən artıq hərbi qulluqçuların işə qəbulu ilə bağlı həkim komissiyasının sədri vəzifəsində olarkən bu xidmətə qəbul olmaq üçün müraciət edən şəxslərdən rüşvət istəyib. O, digər zabitlərlə əlbir olaraq həmin şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alıb.

Belə ki, Ş.Quliyev həmin şəxslərin həkim komissiyasından “problemsiz” keçməsi barədə vəd verib.

İstintaq materiallarına görə ümumilikdə MAXE kimi orduya qəbul olmaq istəyən 14 nəfər digər şəxslər vasitəsilə xidmət rəisinə rüşvət verib.

Daha sonra ittihama münasibət bildirən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Təqsirləndirilən şəxs sualları cavablandırarkən vurğulayıb ki, cinayət işində işdə adı keçən 14 nəfərin heç birini tanımayıb, onlarla əlaqəsi olmayıb:

“Mən həkim komissiyasının sədri idim. Həmin komissiya da həkimlərdən ibarət olub. Onlar da mənə tabe olublar. Həkimlər də qulluğa qəbul olanları yoxlayıblar, sağlam olub-olmamaları barədə məlumatları blanklara qeyd ediblər. Sonda blanklar mənə gəlib, mən yoxlamışam. Amma onların heç biri ilə əlaqəm olmayıb. Bəzi şəxslərlə bağlı zabit yoldaşlarım xahiş edib. Mən də onlara ərk etmişəm, pul istəmişəm. Mənim heç bir kursantla birbaşa əlaqəm olmayıb. Aldığım pullardan da heç kimə vəsait verməmişəm”.

Daha sonra şahid qismində Elməddin Yaşılov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsi tanımayıb: “İşdə adı keçən Elşad və Elşən mənim qardaşımdır. Elşad hərbi xidmətdədir. Elşən isə mənim əkizimdir. Elşənlə birlikdə hərbi qulluğa qəbul olmaq üçün TTM-ə sənəd verdik. Davud adlı şəxs isə digər qardaşım Elşadın tanışı olub. Qardaşım bizim qulluğa qəbul olunmağımız üçün Davud adlı şəxs vasitəsilə pul verdi”.

Daha sonra hakimlər şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan ediblər. Həmin ifadədən məlum olub ki, qardaşı Elşən ilə birlikdə hərbi xidmətə qəbul olunmaq üçün sənəd veriblər:

“Sənədlərimiz verəndən sonra tibbi yoxlamadan keçdik. Daha sonra yaşadığımız Ağstafa rayonuna getdik. Atam Elçin hərbi xidmətə getməyimizə etiraz etdi. Bundan sonra isə xidmətə getmədik”.
Şahid daha sonra ifadəsində göstərib ki, qardaşı Elşadın Davud adlı şəxsə pul verməsi komissiyadan onların keçmək üçün işin müsbət həll olunması ilə bağlı olub: “Hərbiyə qəbul olunan zaman səhhətimizdə heç bir problem olmayıb. Amma qardaşım ehtiyat üçün bu pulu verib”.

Digər şahid Elşən Yaşılov da qardaşının ifadəsinə uyğun danışıb. Onun sözlərinə görə, hərbi xidmətə qəbul olunmaq üçün onun heç bir problemi olmayıb. Hər iki şahid ifadəsində göstəriblər ki, sonradan hərbi xidmətə qəbul ola bilməyiblər.

Digər şahid Murad Mütəllimovun bildirdiyinə görə, təqsirləndirilən Ş.Quliyevi tanıyıb: “Hərbi polisə MAXE kimi qəbul olmaq istəmişəm. Bu işə qəbul olan zaman Turan adlı şəxsi Sarıyev vasitəsilə tanımışam. O da məni Ramin adlı şəxslə tanış edib. İşimin düzəlməsi üçün pul istədilər. Məndə damar genişlənməsi (varikoz) var idi. Buna görə də ehtiyat edirdim. Qəbul olunan zaman problem olmasın deyə pulu vermişəm. Pulu verməmişdən əvvəl Ramin Şahin Quliyevin otağına girdi, çıxandan sonra pul lazım olduğunu dedi. Bundan sonra pulu onun kartına atmışam. Amma sonradan hərbi xidmətə qəbul olma ilə bağlı imtina cavabı gəldi”.

Təqsirləndirilən şəxs bildirib ki, Murad Mütəllimov hərbi xidmətə yararlı olub: “Varikoz xəstəliyinin yararsız olması hesab oluna bilməz. Çünki həkim yoxlamasından bu şahidə müsbət cavab verilib. Lakin imtina qərarı varikoz xəstəliyi ilə yox, başqa məsələ ilə bağlı olub”.

Şahid özü də etiraf edib ki, onun həkimdən aldığı sənədlərdə xidmətə yararlı yazıblar. Onun sözlərinə görə, lakin imtina qərarının nə ilə bağlı olduğu ona məlum deyil.  Növbəti ifadə verən şahid isə Nurlan Şahverənov olub. Onun sözlərinə görə, MAXE olmaq üçün sənədlərini TTM-ə təqdim edib. Bildirib ki, orada qohumu işləyib, işinin tezləşməsi üçün qohumu vasitəsilə Şahin Quliyevə pul verib.

Növbəti proses iyulun 24-də davam edəcək.

Qeyd edək ki,  Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Quliyev Şahin Varis oğlu DTX tərəfindən həbs edilib. Maliyyə yoxlamaları zamanı məlum olub ki, Naxçıvan sakini, 1984-cü il təvəllüdlü Şahin Quliyev bir qrup şəxslə əlbir olmaqla rüşvət alıb.

DTX-nin İstintaq baş idarəsində başlanmış cinayət işi üzrə Şahin Quliyevə AR Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600