“Hər halda, Azərbaycan da İranın bu “mehriban”lığının nədən qaynaqlandığını yaxşı bilir”.
Bu fikirləri ABŞ-Ermənistan birrgə hərbi təlimləri fonunda İranın Azərbaycana yönəlik reveranslarına münasibət bildirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ hərbçilərinin Ermənistana gəlişi Tehranı Azərbaycanla münasibətləri normallaşdırmaq məcburiyyətinə gətirib:
“İranda raket və PUA-ların uğursuz sınağı, bu zaman ağır qəzaların baş verməsi yeni hal deyil. Ümumiyyətlə, İranın bəh-bəhlə təqdim etməyə çalışdığı “modern” hərbi texnikaların sınağının altmış-yetmiş faizi uğursuzluqla nətəcələnir. Yəni burada gözlənilməz bir məqam yoxdur.
Digər tərəfdən, İran Azərbaycana münasibətdə son vaxtlarda müəyyən jestlər etməyə səy göstərir. Bu da ilk növbədə Erməistanda ABŞ ilə birgə hərbi təlimlərin keçirilməsidir. İrəvanın bu addımı İranın son otuz ildə regionda yürütdüyü siyasətin növbəti iflas faktıdır.
Başqa sözlə desək, İran hər zaman Ermənistanı dəstəklədi, müdafiə etdi, onun işğalçılıq siyasətini stimullaşdırdı, bütün ehtiyaclarını qarşıladı, ancaq onlar indi molla rejiminin düşməni ilə hərbi təlimlər keçirirlər. Bu durum İranı rejimini çox qəzəbləndirib. Ona görə də Azərbaycanla körpülərini bərpa etmək istəyirlər.
İranın baş prokuroru bu günlərdə Bakıda olarkən Azərbaycanın Tehrandakı səfirliyinə hücum etmiş şəxsin ən ağır cəzaya məruz qalacağını bildirdi. Ancaq həmin terror hücumunun kimlər tərəfindən hazırlandığı, sifarişin haradan gəldiyi haqda heç nə demədi.
Hər halda, Azərbaycan da İranın bu “mehriban”lığının nədən qaynaqlandığını yaxşı bilir. Ona görə də hesab edirəm ki, İranın uzatdığı sözdə “dostluq əli” böyük ehtimalla havada qalacaq”.
A.Zeynalov
www.yenicag.az