!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva hər an bu addımı ata bilər: ABŞ Ukraynanın “qoltuğunun altına xoruz verir” – Siyasi müstəvidə çəkişmələr

!Reklam – Yazi

“Adətən, saziş imzalanandan sonra parlamentdə təsdiq olunur. Ona görə də ABŞ ilə Ukrayna arasındakı 10 illik təhlükəsizlik haqqında anlaşmanın təsdiqlənməməsi hələ heç nə demək deyil və Konqres bunu təsdiqləyə bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

O, Vaşinqton və Kiyev arasında 10 illik təhlükəsizlik haqqında imzalanan sazişin pərdəarxası məqamlarından danışıb.

N.Şəfiyevin fikrincə, sözügedən sazişin müddəalarında ABŞ-nin üzərinə götürdüyü öhdəlik Ukraynaya silah tədarükü, onun maliyyələşməsinin təminatı və Ukrayna hökuməti ilə bir araya gəlib məsləhətləşmə aparması yer alıb:

“Əslində, ABŞ silah təminatı ilə bağlı müəyyən öhdəliyi üzərinə götürür və yazılmır ki, illik tədarük nə qədər təşkil edə bilər və s. Vaşinqtonla Kiyev arasında imzalanan saziş ABŞ-nin Ukraynanın “qoltuğunun altına xoruz verməsidir”. Doğrudur, bunu bir çox NATO ölkələri ayrı-ayrılıqda Ukrayna ilə imzalayıblar və ABŞ 15-ci ölkə oldu. Lakin onlar həm üstlərinə birmənalı öhdəlik götürmürlər, həm də Rusiyaya onu göstərməyə çalışırlar ki, onlar Ukrayna ilə bağlı istənilən vaxt birlik yarada bilərlər. Bunlar daha çox siyasi məqsəd daşıyır, nəinki hərbi”.

Politoloqun sözlərinə görə, burada hadisələrin inkişafı onunla bağlıdır ki, ABŞ və kollektiv Qərb bir qayda olaraq az itkilərlə qalib gələ biləcəyi bölgələrə daxil olub:

“İraq, Əfqanıstan, Liviya, Suriya və Qəzza buna misaldır. Lakin hazırda Ukraynada vəziyyət fərqlidir. Ukraynada birbaşa Rusiyanın sərhədlərinə yaxınlaşıblar və Moskva artıq burada hər bir addıma əl ata bilər ki, özünü müdafiə etsin. Bunu Qərbdə bilirlər deyə Ukraynaya müdaxiləyə girmirlər. Lakin ABŞ-nin Bjezinskidən (Zbiqnev Bjezinski – ABŞ-nin 9-cu Milli Təhlükəsizlik müşaviri olub) üzü bu yana bütün doktrinalarında SSRİ-nin, daha sonra isə Rusiyanın dağıdılması üçün hansı tədbirlər həyata keçirilməlidir. Orada hərbi qüvvənin tətbiqi SSRİ və Rusiyanın parçalanmasından sonra mümkündür. Yəni bu halda ki, Rusiya artıq hərbi cəhətdən bir xeyli zəifləsin”.

“Ona görə də burada ikibaşlı sazişlər imzalanır. Əvvəl Ukraynanın NATO -ya qoşulması ilə bağlı söhbətlər dolaşırdı. İndi də 10 illik saziş imzalandı və nəticədə ABŞ-nin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan bəyan etdi ki, sözügedən saziş Ukraynanın NATO üzvlüyünə bir keçid olmalıdır. Lakin dünənə kimi deyirdilər ki, bu gün müharibə dayansa, müəyyən kriteriyalar daxilində Ukraynanı qəbul edərlər. İndi isə Vaşinqtonda 10 illik məsələni ortaya qoyurlar”, – deyə o, bildirib.

Siyasi təhlilçinin qənaətinə görə, bu, sadəcə olaraq, Rusiya, Belarus və digər ölkələrə siyasi mesaj, eləcə də təsir və təzyiq mexanizmlərindən biridir:

“Hər şey necə var idisə, eləcə də davam edəcək. Mənə elə gəlir ki, bu məsələ ilə təməl qoyulur ki, bu gün Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalanarsa, sabah Moskva etiraz etməsin ki, nəyə görə Vaşinqton Kiyevə hərbi kömək göstərir? Belə olan halda da amerikalılar manipulyasiya etməyə başlayacaqlar ki, sazişi ləğv etmək olmaz və s. Qısacası, bu istiqamətdə siyasi müstəvidə çəkişmələrin davam edəcəyini istisna etmirəm”.

Rafi Müslümov

COP29

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv