!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müasir geopolitik GƏRGİNLİKLƏR: Silah sənayesində Azərbaycan hansı uğuru qazandı? – Səxavət Məmməd yazır

!Reklam – Yazi

 

Dünya ağır silahlanmanın içərisindədir. Rusiya-Ukrayna müharibəsi və ardınca Yaxın Şərqdəki toqquşmaların heç biri proqnozlaşdırıldığı kimi nəticələnmədi.

Rusiyanın qısa zamanda çökəcəyi gözlənildiyi halda, əslində, müharibənin gedişi onu göstərdi ki, şimal qonşumuz nəinki çökür, əksinə hərbi cəhətdən daha da inkişaf edir. Müharibənin gedişində orduda islahatlar aparmaq son dərəcə çətin prosesdir. Rusiya buna nail ola bildi desək, yanılmarıq. Hətta ukraynalı yüksək rütbəli zabitlər açıq şəkildə qeyd etməyə başladılar ki, müharibə başlayandakı Rusiya ordusu ilə müharibənin 1 ili tamam olandan sonrakı Rusiya ordusu arasında böyük fərqlər var. Əvvəl qoyub qaçan, hətta qaraçılara belə tank oğurlatdıran ordu, indi tamamilə fərqli döyüşür.

Müharibənin gedişi onu da göstərdi ki, NATO-nun da gücü həddindən artıq şişirdilib. Hətta NATO-nun baş katibi belə, açıq şəkildə bildirdi ki, silah anbarları boşalır və onları doldurmaq lazımdır.

Rusiya-Ukrayna müharibəsindən bir qədər sonra Qərbdə bir neçə silah korporasiyaları yaradıldı. NATO nəinki silah, həm də şəxsi heyətin artırılması yönündə də addımlar atır. NATO hər birində 5 min hərbçi olmaqla 49 briqadanın yaradılmasını planlaşdırır. Sahədəki reallıqlar onu deməyə əsas verir ki, indiki güclə Rusiya, Çin, İran, Şimali Koreyanı zərərsizləşdirmək istəyən Alyans bunu bacara bilməz.

Bundan əlavə, ABŞ də hərbi xərclərini artırmaqdadır. Misal üçün təkcə Qırmızı dənizdəki gəmiləri yeni raketlərlə təmin etmək və onların saxlanılması üçün əlavə 1.2 milyard dollar xərcləməyi nəzərdə tutur.

İsrail kimi ölkə belə, apardığı müharibələrə görə iqtisadi cəhətdən problemlər yaşamaqdadır. ABŞ-nin fiziki yox, maddi yardımları olmazsa, İsrailin bu qədər dözüm gətirməsi mümkün görünmür. Çünki İsrail 300 000 ehtiyatdan qüvvə yığıb. Təkcə onların maaşları, ərzaq və digər təminatları milyonlara başa gəlir. Ümumi hesablamalara görə, Azərbaycanın 44 günlük müharibəsinin hər günü 50 milyondan çox vəsait hesabına başa gəlib. Bir anlıq təsəvvür edək, bir ilə yaxındır davam edən HƏMAS, Suriya, yeni başlayan Livan müharibəsinin günü neçəyə başa gəlir? Bu qədər xərclərə iqtisadiyyat necə dözüm gətirə bilər, bunu demək çətindir.

İranın İsrailə son hücumu onu göstərdi ki, İranla bağlı proqnozlar tamamilə yanlışdır. İranın göndərdiyi raketlər İsrailin hava hücumundan müdafiə sistemlərin yara bildi. Bu o deməkdir ki, İsrail bu sahəyə ciddi diqqət ayırmalıdır. Bundan əlavə İranın göndərdiyi raketlərin partlayış gücünün aşağı olması da diqqət çəkdi. Hesab edirəm ki, İranın bu hücumu da aldadıcıdır. Çünki 1400 km məsafəyə qədər uça bilən və müasir hava hücumundan müdafiə sistemlərini yaran raketlərin içərisindəki partlayıcıların çəkisini artırmaq da olar.

Cənubi Qafqaz da dünyadakı silahlanmadan geri qalmır. Ermənistan silahlandırılır. Azərbaycan isə adekvat addımlar atır. Silahlanma yarışının yaxın zamanda dayanacağı qətiyyən gözlənilən deyil. Əksinə, daha da artacağı gözləniləndir. Ermənistanla Azərbaycan arasında fərqlər mövcuddur. Bunlardan biri də silah sənayesidir. Azərbaycanın silah sənayesinə etdiyi yatırımlar, istehsal edilən, istehsalı planlaşdırılan sahələr rəsmi Bakının əlini gücləndirir. Xüsusilə Azərbaycanın 155 mm-lik top mərmilərinin istehsalını planaşdırması nəinki daxili tələbatı ödəyəcək, həm də ciddi ixrac da gətirə bilər. Hazırkı silahlanmanı nəzərə alsaq, 155 mm-lik top mərmiləri neft yatağı kimi bir şeydir.

Cənubi Qafqaz uğrunda gedən mübarizədə ən çox təzyiq və təhdidlə üz-üzə qalan ölkə Azərbaycandır. Bunun müxtəlif səbəbləri var. Əvvəla, Cənubi Qafqaza nəzarət etmək üçün mütləq şəkildə 3 ölkəyə də təsir gücün olmalıdır. Gürcüstanda Qərblə Rusiya arasında siyasi toqquşma olacağı gözləniləndir. Görünən odur ki, Qərb də Gürcüstanın itirilməsi ilə ya barışıb, ya da proqnozlaşdırıb. Çünki həm region üçün, həm də Orta Asiya üçün nəzərdə tutulan maliyyə axınını Gürcüstandan Balkan ölkələrinə çəkib.

Ermənistana gəldikdə isə siyasi və hərbi baxımdan hər şey yolunda kimi görünsə də, iqtisadi baxımdan Ermənistanı Rusiyanın caynağından ala bilmirlər. NATO-nun Cənubi Qafqazda hakim olması üçün Gürcüstan və Ermənistan sualını çözməsi ilə yanaşı Azərbaycanı da həll etməlidir. Azərbaycana qarşı NATO təzyiqini artırdıqca isə rəsmi Bakının Moskva ilə daha çox yaxınlaşması müşahidə olunur. NATO Rusiya toqquşmasında Azərbaycanın balanslı davranmaq kimi şansı var? Düşünmürəm. Çünki qarşıdan gələn müharibələrdə ortada qalan tapdaq altında qalacaq. Hətta konflikti olmayan ölkələrin belə silahlanması məhz bununla bağlıdır. Regionun taleyi Azərbaycandan asılıdır desək, yanılmarıq.

COP29

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv