Azərbaycan Silahlı Qüvvələri 4-cü Ordu Korpusunun komandiri, general-leytenant Rövşən Əkbərov və 3-cü Ordu Korpusunun komandiri, general-mayor Xəqani Cəbrayılov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifələrindən azad ediliblər.
Xatırladaq ki, Müdafiə Nazirliyi bundan bir neçə gün öncə Baş Qərargahın rəisi, general-polkovik Nəcməddin Sadıkovun da “ehtiyata buraxıldığını” açıqlamışdı.
Təsəvvür edin, adları çəkilən generalların ordu sıralarından uzaqlaşdırıldığı barədə hələ ötən ilin oktyabrında – müharibənin qızğın dövründə məlumat yayılmışdı. Nəinki Azərbaycan mediasında, o cümlədən, Türkiyə və Rusiya mediasında da bu haqda informasiyalar dərc edilmişdi. Yəni bütün dünya bunları biləndən sonra Müdafiə Nazirliyi həmin üç generalla bağlı qərarları indi bəyan edir. Diqqət çəkən məqamlardan biri də budur ki, sözügedən məlumatlarda o üç generaldan dəqiq ikisi – Nəcməddin Sadıkov və Xəqani Cəbrayılovun sadəcə, vəzifədən kənarlaşdırılmadıqları, hətta xüsusi xidmət orqanları tərəfindən təcrid edildikləri bildirilirdi.
Çox maraqlıdır, hər üç general müharibənin gedişində tutduqları vəzifələrdən azad edilmişdilər. Baxın, qismən səfərbərlik elan edərək müharibə aparan bir ölkədə Baş Qərargahın rəisi və iki korpus komandiri vəzifəsindən azad olunur… Dünya tarixində bəlkə də belə bir halın analogiyası yoxdur. Ordu Baş Qərargahın rəisi və iki ordu korusunun komandiri olmadan müharibə aparır və qalib gəlir. Əsl fenomendir.
Ölkə mediasında hər üç general haqqında illərdir ki onlarla neqativ yazılar dərc edilib. “Bu generallarla müharibə etmək intihara bərabərdir”, – deyilib. Bu xəbərdarlıqların heç biri nəzərə alınmayıb və müharibənin gedişatında məlum olur ki, həqiqətən də, o generallarla müharibə aparmaq olmazmış.
Nəcməddin Sadıkov haqqında çox yazmışam, ona görə də, qısa-konkret bir detala toxunacam. Məlumat yaylıb ki, Nəcməddin Sadıkov Moskvada müalicə olunur. Təsəvvür edirsiniz, 28 il ölkənin Baş Qərargah rəisi olmuş şəxs çox rahatlıqla “müalicə üçün” xaricə buraxılır. Azərbaycan Respublikasının “Dövlət sirri haqqında” qanununa görə, Nəcməddin Sadıkov ranqlı məmur 5 il ölkəni tərk edə bilməzdi. Sadıkov təkcə hərbi sirrləri yox, həm də dövlət sirlərini bilən şəxsdir. Bundan əlavə o, Azərbaycan Ordusunun bundan sonra bəlkə də 50 illik potensialını da bilir. Nəinki keçmişini, gələcəyini də bilən adamı ölkədən buraxmaq olmaz.
Rövşən Əkbərov haqqında hərbi ekspertlərlə, zabitlərlə söhbət zamanı hamısı eyni şeyi deyirdi: “Onu müharibə zonasına buraxmaq olmaz. Çünki onun intizam problemlər var”. Saymazlıq, əmrə tabe olmamaq, öz bildiyini etmək kimi bir xasiyyətləri olub. Əkbərovun tutduğu vəzifədən uzaqlaşdırılmasına da məhz bu cəhətlərinin səbəb olduğu deyilir. 44 günlük müharibənin startında əmrə tabe olmadığı barədə məlumatlar yayılıb.
Xəqani Cəbrayılov isə başlı-başına problem idi. Siz “fermer” ləqəbli bir general təsəvvür edə bilirsiniz? Xəqani Cəbrayılovun fermer olduğunu ölkədə bilməyən yox idi, əsgərləri də ona fermer deyirdilər. Belə bir fermerin korpus komandiri olması ayrı bir dərddir. Əldə etdiyim məlumata görə, Xəqani Cəbrayılovun korpus komandiri təyin edilməsində Rövşən Əkbərovun da xidmətləri olub. Yadıma gəlir, Seyfəli poliqonnuna səfər edəndən sonra belə bir yazı yazmışdım ki, poliqonu qorumaq lazımdır, bir də gördünüz, Xəqani Cəbrayılov oranı da fermaya çevirib. Xəqani Cəbrayılov Azərbaycanda daha çox prezidentə məruzə zamanı ad-soyadının yerini dəyişik deməsi ilə məhşur olmuşdu: Cəbrayıl Xəqayev. Xəqani Cəbrayılov karyerası boyu bəlkə də onlarla əsgərə, zabitə özünü düzgün təqdim etmədiyi üçün cəza verib. Öz ad-soyadını düzgün deyə bilməyən bu general korpus komandiri idi…
Xəqani Cəbrayılov haqqında müharibə vaxtı müxtəlif fikirlər ortaya atıldı. Öyrəndiyim qədər, o, artıq oktyabrın 2-də vəzifəsindən azad edilmişdi. Hətta elə-belə yox, yuxarıda qeyd olunduğu kimi, xüsusi xidmət orqanları tərəfindən “aparıldığı” deyilirdi. Xəqani Cəbrayılovun əsas günahı isə “səhv”i ucbatından (məhkəmə qərarı olmadığı üçün burada başqa ifadə işlətmirik) çox sayda itki verməyimizdir. Onun yarıtmazlığı səbəbindən hələ də itkin sayılan hərbçilərimiz var.
Hər şey ortada olduğu bir məqamda Müdafiə Nazirliyinin yatıb-yatıb indi açıqlama verməsi çox gülməlidir. Əslində, qınamaq da olmur, Müdafiə Nazirliyinin “operativliyi” hamıya məlumdur. Amma bu dəfə Nazirlik bir qədər “zirək” tərpənərək, generalların vəzifədən azad edilmələri haqda məlumatı erməni mətbuatından öncə yaydı…
“Təbrik” edirik. Əgər düşürsə…
www.yenicag.az