Müəllimlərin işə qəbulu üzrə müsabiqənin 25 və 26 avqust tarixlərində keçirilən müsahibə mərhələsinin nəticələri elan olunub.
Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif, musiqi və tarix fənləri üzrə müsahibə mərhələsində iştirak edən namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib.
Müsahibələrdə 846 nəfər uğur qazanıb. Uğur qazanan namizədlər 1 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.
Qeyd edək ki, çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
www.yenicag.az