“Leyla Yunus qızı Dinaranı yanıma göndərərək, həmin pulların mənə məxsus olduğunu təsdiqləməyimi xahiş etdi”.
Yenicag.az xəbər verir ki, bu fikirləri bir neçə il əvvəl Çexiyaya köçən hüquq müdafiəçisi Mətanət Əzizova həbsxanadan çıxdıqdan sonra Azərbaycanı tərk edən Leyla Yunus haqqında deyib.
Özünün “Facebook” səhifəsində videomüraciət yayımlayan Mətanət Əzizova Praqada təşkil olunan tədbirdə Leyla Yunusun şantajlarına məruz qaldığını deyib:
“Praqada keçirilən Forumda aramızdakı müəyyən anlaşılmazlıqları aydınlaşdırmaq üçün Leyla Yunusla söhbətləşmək istədim. Ona yaxınlaşıb ehmalca çiyninə toxundum, o isə dönüb məni görəndə təhlükəsizlik əməkdaşlarının üstünə qaçdı. Ağlaya-ağlaya məni göstərərək, ona fiziki güc tətbiq etdiyimi dedi.
Səsini ucaldaraq, məni hökumətin göndərdiyini, ona zərər vermək istədiyimi bildirdi. Təhlükəsizlik əməkdaşları mənə yaxınlaşdılar, onlara vəziyyəti izah etdim. Çünki zalda kameralar vardı və Leyla Yunusun yalan danışdığını təsdiqləmək çətin deyildi. Əməkdaşlar məndən üzr istəyib, çəkildilər. Ancaq Leyla Yunus susmayaraq, mənim Forumdan çıxarılmağımı tələb etdi. Mən də tədbirin pozulmaması üçün oranı tərk etdim.
Uzun müddət bu barədə sussam da, Leylanın mənə qarşı etdiyi hərəkətlərin səbəbindən danışmaq istəyirəm. 2012-ci ildə onunla bağlı istintaq aparılanda Leyla Yunus qızı Dinaranı yanıma göndərərək, həmin pulların mənə məxsus olduğunu təsdiqləməyimi xahiş etdi. Guya o pullar mənim olub, vergiləri də mən ödəməli olduğum halda, ödəməmişəm. Mən bundan imtina etdim. Çünki bilirdim ki, Leyla Yunusun fəaliyyətində qanun pozuntuları var.
O, buna görə indi mənə qarşı belə hərəkətlər edir. Leyla Yunusun əri Arif Yunus da mənə qarşı fəaliyyətinə ara vermir. Mənim buradakı dostlarıma guya hakimiyyətin adamı olmağımla bağlı məktublar göndərir, böhtanlar atır. O qadının həqiqətən də, aktrisalıq məharəti var. Hətta deyərdim ki, “Hollivud” Leyla Yunus kimi aktrisa üçün ağlayır”.
A.Zeynalov
www.yenicag.az