!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibə bitdi, bəs sülh müqaviləsi olacaqmı?

!Reklam – Yazi

Hər bir müharibə tez ya gec bitir. Onun bitməsini tərəflər arasında bağlanan Sülh Müqaviləsi rəsmiləşdirir. Bəs, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilirmi? Buna ehtiyac varmı? Ehtiyac varsa, müqavilədə hansı müddəalar öz əksini tapmalıdır?

Sülh müqavilələrinin müxtəlif növləri mövcuddur. Bəzən, hərbi toqquşmaların qarşısının tez bir zamanda alınması üçün İlkin sülh müqavilələrindən istifadə edirlər. Bu kimi sənədlərdə əsasən atəşkəsin əsas şərtləri, hərbi əsirlər və həlak olanların cəsədlərinin dəyişdirilməsi, qoşunların geri çəkilməsi, dinc əhalinin evakuasiyası və s. bu kimi humanitar məsələlər öz əksini tapır. Bunlar həll olunandan sonra tərəflər arasında Yekun sənəd imzalanır və burada artıq ərazi, siyasi, hərbi, iqtisadi, dəymiş ziyanın ödənilməsi, hərbi cinayətkarların məsuliyyəti, müharibədən əvvəl bağlanmış müqavilə və razılaşmaların aqibəti və s. göstərilir.

Bunları nəzərə alaraq, 10 noyabr tarixində Azərbaycan Respublikası və Rusiya Federasiyasının prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan və silahlı toqquşmalara son qoyan bəyanatı İlkin sənəd kimi qəbul etmək olar. Çünki, 9 bənddən ibarət bu bəyanatda bir çox məsələlər öz əksini tapmamış və açıq qalmışdır. Qalib gələn Azərbaycan üçün indiki məqamda hansısa məsələlərin açıq qalması sırf strateji baxımdan əlverişsizdir. Belə ki, Ermənistan tərəfi vaxt qazanaraq müəyyən diplomatik səylər həyata keçirərək hərb meydanında əldən vermiş mövqelərini güclü diaspor və lobbiçilik fəaliyyəti nəticəsində geri qaytarmağa cəhd edəcək. Fransa, Belçika və başqa ölkələrdəki antiazərbaycan meylli hərəkətlər buna misaldır. Bunları nəzərə alaraq, düşünürəm ki, Böyük Sülh Müqaviləsinə ciddi ehtiyac var və bu sənəd qısa müddət ərzində hazırlanıb Ermənistan tərəfinə təqdim edilməlidir.
Bu müqavilədə diqqət yetirməli olduğumuz əsas məqamlar barədə.

İlk və vacib məqam – Sülh müqaviləsində Ermənistan dövləti Azərbaycan Respublikasının beynəlxalq səviyyədə qəbul edilmiş ərazi bütövlüyünü tanımalıdır. Bu müddəa avtomatik olaraq separatçı rejimin statusu məsələsini birdəfəlik qapadılmasına imkan verəcək.

Erməni ideoloji maşınının təkcə Azərbaycan deyil, başqa qonşu dövlətlərə də ərazi iddialarının olduğunu nəzərə alsaq Müqavilədə Ermənistan hakimiyyəti qarşısında qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoyulması tələbi də öz əksini tapmalıdır. Bu və aşağıda qeyd edəcəyimiz başqa şərtlər Ermənistanın yeni Konstitusiyasında mütləq şəkildə təsbit edilməlidir.

Müqavilənin siyasi tərəflərinə gəldikdə, Ermənistan öz ərazisində revanşist, separatçı və terror təşkilatlarının, qrupların fəaliyyətini qadağan etməli, bu tip ideologiya daşıyıcılarına qarşı sərt mübarizə aparacağını öhdəlik olaraq üzərinə götürməlidir.

Hərbi baxımdan da Ermənistana qarşı müəyyən məhdudiyyətlər qoyulmalıdır.

Məsələn, Ermənistana silahlı qüvvələr saxlamaq qadağan edilməli, daxili stabilliyi qorumaq üçün yüngül silahlarla silahlanmış və müqavilə ilə xidmət edən 2-3 minlik dəstənin mövcudluğuna icazə verilməlidir. Ümumi hərbi mükəlləfiyyət və hərbi məktəblər birmənalı olaraq ləğv edilməldir. Gənclərin xaricdə hərbi təhsil almalarına qadağa qoyulmalıdır. Hazırda Ermənistanın hərbi sənaye kompleksi zəif olsa da, onun fəaliyyəti tam dayandırılmalı, balansında olan müəssisələr fəaliyyət istiqamətini dəyişməlidir. Kimsə deyə bilər ki, belə tələblər qəbulolunmazdır, suveren dövlətin işinə qarışmaqdır və beynəlxalq ictimaiyyət buna qarşı olacaq. 10 noyabr sənədini imzalamaqla Ermənistan 28 ildir Azərbaycan torpaqlarını işğal etdiyini təsdiq etmiş oldu və tam məhv olmaması üçün kapitulyasiyanı qəbul etdi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisizi işğal edəndən sonra Azərbaycanın 7 rayonunu təhlükəsizlik baxımdan “bufer” ərazilər kimi 28 il işğal altında saxlayan Ermənistandan fərqli olaraq, Azərbaycan öz ərazilərini növbəti işğallardan qorumaq üçün Ermənistan ərazilərindən “bufer” ərazilər götürmədi.

Bunun əvəzində, Azərbaycanın müharibədə məğlub etdiyi işğalçı dövlətin yenidən silahlanıb revanşa hazırlaşmasının qarşısının alınması üçün bu kimi tələblərlə çıxış etməyə tam olaraq haqqı çatır.

Diqqət yetirməli olduğumuz növbəti vacib məqam hərbi cinayətkarların məhkəmə qarşısında cavab vermələrinin təmin olunmasıdır. Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Goranboy və başqa yaşayış məntəqələrinin dinc sakinlərinə qarşı hücuma əmr verənlər, beynəlxalq hərbi konvensiyaları pozanlar müəyyənləşdirilməli və beynəlxalq məhkəməyə verilməlidir. Hüquqşünaslar daha yaxşı bilər, amma mənim zənnimcə, qondarma qurumun rəhbərliyinin tam tərkibdə cinayət məsuliyyətinə cəlb edilməsi üçün bizim Cinayət Məcəlləmizdə də kifayət qədər maddə mövcuddur.

Ermənistanın maddi təzminat ödəməsi məsələsi barədə çox danışılır. Təzminat məsələsi mütləq şəkildə sülh müqaviləsinə daxil edilməlidir və onun ödənilməsi şərtləri və qrafiki razılaşdırılmalıdır. Təzminatı ödəmək imkanı olmadıqda əvəzində hansı ərazilərin Azərbaycana veriləcəyi məsələsi də qeyd edilməlidir. Yəqin ki, təzminatın məbləğini biz yox, əvvəl elan oluduğu kimi dünyanın tanınmış nüfuzlu qiymətləndirici şirkətlərindən biri araşdırıb müəyyən edəcək.

Sülh müqaviləsi tərtib olunarkən bir məsələ də mütləq nəzərə alınmalıdır. Gələcəkdə Ermənistanda revanşist qüvvələrin baş qaldırılmasına yol verməmək üçün Azərbaycan Ermənistan iqtisadiyyatında mühüm rol oynamalıdır. 44 günlük biabırçı məğlubiyyətdən sonra Ermənistan iqtisadiyyatı çökmüş vəziyyətdə olduğundan onun dirçəldilməsi üçün xarici investisiyalara mülayim şərtlər tətbiq olunacaq. Hazırda dünya siyasətində iqtisadi amilin yüksək olduğunu nəzərə alsaq Ermənistan iqtisadiyyatında Azərbaycan sərmayələri nə qədər çox olarsa bu dövlətin siyasətinə təsir imkanlarımız da o qədər çox olacaq. Sülh müqaviləsində Azərbaycan investisiyaları üçün xüsusi rejimin tətbiqi məsələsi də yer almalı, müharibə zamanı separatçılığı dəstəkləyən ölkələrin sərmayələrinə əngəl yaradılmalı, bununla da onların Ermənistan siyasətinə müdaxiləsinin qarşısı alınmalıdır.

Sonda bir məsələyə də toxunmaq istəyirəm. Çıxışlarının birində Ali Baş Komandan “nəyi, necə və nə zaman edəcəyimi özüm yaxşı bilirəm” demişdi. Əminəm ki, Ermənistanla bağlanacaq sülh müqaviləsi Azərbaycan diplomatiyasının gündəmindədir və sənəd üzərində ciddi iş gedir.

Vəli Əlibəyov
Siyasi Texnologiyalar Mərkəzinin prezidenti

www.yenicag.az

1739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv