Müharibədən Azərbaycana qaçan hərbçi Rusiyaya təhvil verildi
1997-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Savlatov Sotim Zuxuroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluqdan Yenicag.az-a bildirilib ki, Rusiya Federasiyasında səfərbərlik və ya hərbi vəziyyət dövründə, müharibə vaxtı və ya silahlı münaqişə və ya hərbi əməliyyatların aparılması şəraitində hərbi xidmətə çağırış və ya kontrakt üzrə xidmət edən hərbi qulluqçu tərəfindən özbaşına hərbi hissəni və ya xidmət yerini tərk etmə, habelə üzrlü səbəblər olmadan bir aydan artıq müddətdə xidmətə vaxtında gəlməmə əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.Z.Savlatov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bugün Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.