Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Müharibənin gülən üzü: Gördük ki, dağıntılar arasından baxır... - FOTO

Bu gün ermənilərin Vətən Müharibəsi zamanı Gəncədə törətiyi terror aktından, eyni zamanda Cəbrayıl rayonunun işğaldan azad edilməsindən 1 il ötür. Layihə çərçivəsində sonuncu yazımız Gəncə terrorunun simvoluna çevrilən Bəxtiyara həsr olunub.

Müharibənin gülən üzü: Gördük ki, dağıntılar arasından baxır…

Üzü-gözü qan içində. Amma hər şeyə rəğmən gülür. Düz bir il əvvəl, Bəxtiyar Heydərli bu görüntüsü ilə Azərbaycan xalqının Vətən Savaşındakı duruşunun bir simvolu olmuşdu. Təbəssümünə “bizi qorxuda bilməzsiniz” mesajını sığdırmışdı sanki.

Bəxtiyarın dağıntılar arasından salamat çıxmışdı möcüzə nəticəsində. Sonradan, lap sonradan gözü oyuncaqlarını axtarmışdı. Bir də və artıq mələk kimi uçub getmiş dostlarını. Həmyaşıdlarını. Oyunlar oynadığı, top dalınca qaçdığı küçədən əsər-əlamət qalmamışdı…

Budur, o məsum gecədən bir il keçib. Bir il əvvəl ölkənin ikinci ən böyük şəhəri Gəncə bombalandı. Gözlənilən idimi? Bəlkə də hə. Çünki ermənilərin dinc sakinlərə, müharibə meydanından uzaq dinc yaşayış yerlərinə qarşı vəhşilikləri ilk hal deyildi.

Bəxtiyarın indi 6 yaşı var. Heç vaxt xəyal belə edə bilməyəcəyi hadisələr yaşadı bir il əvvəl. Qonşuluqdakı tanıdığı, sevdiyi bir çox insanı itirdi bu savaşda. Yaşıdları ölüm nədir bilməzkən, o əlində qərənfillə şəhidləri anırdı o gün. O gecəni isə unutmur.

– Oyandım gördüm ki, üzüm qandı. Sonra da partlayış səsi gəldi.

– Bəs qorxdunmu?

– Qorxmadım. Qorxmaq olmaz ermənidən. Erməniləri iti qovan kimi qovduq. Qisasımızı aldıq.

“Qisasımızı aldıq”.

Nə boyda böyüyüb bu uşaq bu bir ildə? Müharibənin, Vətən Müharibəsinin simvoluna çevrilmiş Bəxtiyar Heydərli.

Nənəsi deyir ki, Bəxtiyar adətən onun yanında yatırmış.

– Həmin gecə necə oldusa, o biri otağa keçdi. Özü də gec yatdı. Saat iki olmuşdu, ya yox, gördüm ev silkələndi. Divarlar üstümə gəldi. Özümdən asılı olmayaraq “Bəxtiyar” qışqırdım. Sonrasından xəbərim olmadı.

Erməni faşistlər məhz gecə hədəfə almışdılar dinc sakinləri. Həmin vaxt Gəncə dərin yuxuya getmişdi. Məqsəd də elə gecə zərbəsiylə daha çox insan qırğınına nail olmaq idi. Balaca Bəxtiyarı dağılan evin qalıqları arasından güclə tapıb çıxararlar. Evin divarları hər an uça bilərmiş deyə, ehtiyatla davranırlar. Nə baş verdiyini belə anlamırmış uşaq. Üz-gözü qanlı birtəhər ərazidən uzaqlaşdırırlar. Və bir il əvvəl onun yumru, işıqlı, gülər üzü bütün sosial şəbəkələri bürüyür.

Atası Elnur Heydərov həmin gecənin qorxunc olduğunu deyir:

– Yatdığımız yerdə ev başımıza uçdu, tez durduq və uşaqları götürdük. Onlar qorxmuşdular. Oğlum yaralanmışdı. Allah qonşularıma rəhmət eləsin. Cavan ailələrin başçıları rəhmətə getdi, körpə uşaqlar yetim qaldı. Allah əsgərlərimizin və Prezidentimizin canını sağ eləsin. Biz qorxmuruq və öz Vətənimizi qoruyuruq. Balamla fəxr edirəm ki, onun üzündəki təbəssümü şəhid olan generalımız Polad Həşimovla birlikdə qoyublar. İkisi də gülərüzdür. Oğlumla qürur duyuram. Allah erməniyə lənət eləsin. Bəxtiyarın gülümsəməyi o demək idi ki, biz qələbə çalacağıq. Elə də oldu.

Anası Lalə Heydərova:

 – Aynalar və hər şey üstümüzə töküldü. Uşaqlarla birlikdə yatmışdıq. Partlayış səsləri səsləri gəlirdi, uşaqları yanıma yığmışdım ki, qorxmasınlar. Həqiqətən, qorxmadılar. Mən çox bəxtiyar anayam ki, Azərbaycan dövlətində Bəxtiyar kimi oğullar böyüyür. Allah dövlətimizə, xalqımıza can sağlığı versin. Bəxtiyar heç nədən qorxmadı, bizi dağıntılar altında çıxardanda dedi ki, mən qorxmuram, sən də qorxma. Dedi ki, bacımı qoruyuram. Bəxtiyarın başı çapılmışdı, burnu qanamışdı, sağ qulağı ikiyə bölünmüşdü.

Şahidlər deyir ki, çox şok keçirdi uşaq. Hələ də nə baş verdiyini anlaya bilmirmiş. Onun üçün nağıl kimi gəlir baş verənlər.

– İnandırım sizi, onun sağ qalması möcüzəydi. Onu tapdığımız yer daş-kəsək, şüşə qırıntılarıyla doluydu. Bir də baxdıq ki, o boyda dağıntının altından baxıb gülür.

Yaraları çoxdan sağalıb Bəxtiyarın. Evdə dağıntılar altında qalan, ordan çıxarılan zaman gülümsəməsi ilə dünyanı heyrətə salan Bəxtiyar Heydərlinin.

– Evimizi ermənilər dağıtdı. Biz isə ermənilərə qalib gəldik. Mən qorxmadım. Mən qorxaq deyiləm.

– Böyüyəndə nə olacaqsan?

– Polad Həşimov. Onun qisasını alacam. Onun kimi qəhrəman olacam. Qorxmaq olmaz ermənidən.

Təsəvvür edin, qisas, qəhrəman. Balaca Bəxtiyarın erməni xisləti üzərində təntənəsidi əslində bu sözlər.

Ardınca da bir parça şeir. Şirin Gəncə ləhcəsində:

– El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

 Sonda yenə gülümsəyir… Müharibənin gülən üzü, gülüzlü…

AY Partiyanın Mətbuat Xidməti

www.yenicag.az

212
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100