Cümşüd Nuriyev: “Müstəqillik Aktına imza atmağımıza görə imtiyaz istənilməsini siyasi möhtəkirlik hesab edirəm, onda belə çıxır ki, verdiyimiz bu səsin arxasında ancaq maraq durub, Azərbaycanın müstəqilliyi durmayıb”
Bu gün Azərbaycan Ali Soveti tərəfindən Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının qəbul edilməsindən 25 il ötür. 1991-ci ilin həmin tarixi günündə Ali Sovet Azərbaycanın dövlət müstəqilliyini elan etdi. Qeyd edək ki, belə bir tarixi qərarın qəbulunda o zamankı Ali Sovetin “Demblok”dan olan 43 deputatın xüsusi rolu olmuşdur. Hazırda həmin 43 deputatdan 27 nəfəri sağdır və onlardan bir çoxu vaxtilə vəzifələrdə olub, indi də partiya sədri olaraq siyasi fəaliyyətlərini davam etdirirlər. Uzun illərdir ki, cəmiyyətdə belə fikirlər səslənir ki, Müstəqillik Aktına imza atmış həmin 43 deputata atdıqları sözügedən addıma görə xüsusi imtiyazlar verilməlidir. Məsələn, “Tövbə” Cəmiyyətinin sədri, Müstəqillik Aktına imza atmış deputatlardan biri Hacı Əbdül Moderator.az-a açıqlamasında özü də daxil sözügedən qrup şəxslərə xüsusi imtiyazların verilməsini istəyib: “Müstəqilliyə qol çəkən biz, amma bizi – o dövrün deputatlarını yada salan tapılmadı. Nə qədər yazdıq-pozduq, ancaq bizə təqaüd verilməsi məsələsi öz həlini tapmadı”.
Lakin heç də həmin 43 deputatın hamısı belə düşünmür. Məsələn, onlardan biri, Cümşüd Nuriyev Yenicag.az-a açıqlamasında bildirdi ki, Müstəqillik Aktına imza atmağa görə xüsusi imtiyazlar istəmək siyasi möhtəkirliyin əlamətidir: “Müstəqillik Aktı”na imza atan həmin 43 nəfərdən biri də mənəm. Özü də digərlərindən fərqli olaraq o vaxtı iqtidarda idim. Ali Sovetin rəhbərliyində təmsil olunurdum. İndi də peşman deyiləm səs verdiyimə görə. İstiqlalçı deputatların son toplantısında yenə də fikirlər səsləndi ki, onlara imtiyazlar verilməlidir. Orada olanların bir neçəsini çıxmaq şərtilə digərləri vaxtilə vəzifələrdə təmsil olunublar, bəziləri indi də Milli Məclisdə və vəzifədədir. Biz Azərbaycanın müstəqilliyinə səs vermişik. Ona görə də atdığımız bu addıma görə bəziləri tərəfindən hansısa bir imtiyaz verilməsinin istənilməsini siyasi möhtəkirlik hesab edirəm. Onda belə çıxır ki, o zaman müstəqilliyə hansı iqtidar gəlir-gəlsin onlar ancaq cəmiyyətin dəcəl övladları statusunda çıxış etmələri üçün səs veriblər. Həmin insanlara qiyməti birincisi, zaman, ikincisi xalq verib. Çünki onların içərisində Heydər Əliyev də var. Daha nə istədiklərini bilmirəm. Təklif ediblər ki, həmin istiqlalçı deputatlara orden verilsin. Bunu bir növ hardasa qəbul edərəm. Amma onda belə alınır ki, verdiyimiz bu səsin arxasında ancaq maraq durub, Azərbaycanın müstəqilliyi durmayıb. Həmin millət vəkilləri bir qədər düşünsələr yaxşıdır. Siyasətdə adətən belə şeyləri qəbul etmək düz deyil. Bu ölkəmizin müstəqilliyilə bağlı olan məsələdir, şəxsi məsələ deyil. Ona görə də şəxsən kimsə nəsə əldə edə bilməyib deyə onun küsməsi bir qədər düzgün deyil. Onlara qarşı haqsızlıq da olmayıb. Şəxsi müstəvidə kimsə nədənsə narazı ola bilər. Amma bütövlükdə bu Azərbaycanın müstəqilliyinə verilən bir səsdir və verdiyim səsə görə peşman deyiləm. Çünki bu ideyanı əvvəldən qəbul etmişəm və bilərəkdən buna getmişəm. Həmişə bütün cəmiyyətlərdə kimlərsə kimdənsə, daha doğrusu iqtidardan özünün vəziyyətilə bağlı bir şeylər umublar. Amma hakimiyyət bütün vətəndaşlara eyni cür baxmalıdır. Müstəqilliyə səs verməyimiz o demək deyil ki, bunu elə 43 nəfər həyata keçirib? Bu Azərbaycan xalqının qazandığı bir nailiyyətdir, həmin atılan addıma görə imtiyazlar istəməklə də xalqın nailiyyətini mənimsəmiş oluruq. Fikirləşmirəm ki, Müstəqillik Aktına imza atdığımıza görə İlham Əliyevdən nəyisə tələb etməklə özümüzə haqq qazandırırıq. Bunu özüm üçün ideyama xəyanət və siyasi möhtəkirlik hesab edirəm. Digərləri nə düşünür, bu artıq onların öz problemidir”.
Elçin/Yenicag.az
www.yenicag.az