!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Muxtar Babayevin nazirliyinə qarşı SƏRT İTTİHAMLAR: “Bizi yola verməklə kifayətənirlər...” – VİDEO

!Reklam – Yazi

“Nazir məsələnin araşdırılacağını vəd etdi, ancaq üstündən iki ay keçsə də, vəziyyət dəyişməyib”.

Bu fikirləri Yenicag.az-a müraciətində fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dayandırılmış “Uğur-455” MMC-nin sahibi Qənifə Zeynalova deyib.

Ötən il iyunun 2-də Göyçayda daşqın nəticəsində körpünün uçmasından sonra, Mingəçevirin ətrafındakı daş-qum karxanalarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ciddi yoxlamalar həyata keçirilib.

Aparılan yoxlamalar zamanı aşkar edilən ciddi pozuntular səbəbindən, qeyd olunan ərazidə fəaliyyət göstərən karxanaların çoxu böyük məbləğdə cərimələnib. Nazirliyin cərimələdiyi karxanalardan biri də “Uğur-455” MMC-dir. Redaksiyamıza adıçəkilən müəssisədən daxil olan məlumata görə, sözügedən nazirlikdən cərimənin ödənilməsindən sonra, karxananın fəaliyyətini bərpa edə biləcəyini vəd etsələr də, reallıqda vəziyyət tamamilə fərqlidir.

“Uğur-455” firmasının sahibi Qənifə Zeynalova Yenicag.az-a açıqlamasında bildirib ki, nazirlik karxanalara münasibətdə açıq-aşkar ayrı-seçkiliyə yol verir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 75 min manat məbləğində borc ödədik. Əgər bizim işləməyimizə icazə verilməyəcəkdisə, o qədər borcu bizə niyə ödətdilər? Dəfələrlə nazirliyə gedib, məsul şəxslərin qəbulunda olub, məsələni həll etməyə çalışmışam, lakin onlar bizi yola verməklə kifayətləniblər. Bu ilin mayında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev İsmayıllıda vətəndaşları qəbul edərkən, onunla da görüşüb, problemi dedim. Nazirə bildirdim ki, Mingəçevirdə başqa karxanalar tam gücü ilə işləsələr də, “Uğur-455” MMC-nin fəaliyyətini bərpa etməsinə hələ də icazə verilmir. Nazir məsələnin araşdırılacağını vəd etdi, ancaq üstündən iki ay keçsə də, vəziyyət dəyişməyib”.

Maraqlıdır, nazirlikdən Zeynalovaya bildirilib ki, ərazidəki qum-çınqıl karxanalarının fəaliyyəti nəticəsində qrunt suları axınının bilavasitə sorma qurğularının yerləşdiyi sahələrə doğru istiqamətlənməsi və bu prosesin sürətlənməsi Mingəçevir üçün böyük təhlükə yaradır.

“Uğur-455” MMC-nin rəhbərinin şikayətində yer alan məqamların ciddiliyini nəzərə alaraq, məsələni yerində araşdırmaq məqsədilə həmin karxanaların yerləşdiyi əraziyə baş çəkdik. Sizə təqdim olunan videomaterialdan da göründüyü kimi, nazirlik rəsmilərinin təkzibinə baxmayaraq, oradakı karxanaların əksəriyyəti fəaliyyətini davam etdirməkdədir. Sual yaranır, vəziyyət nazirlik əməkdaşlarının Zeynalovaya dediyi qədər təhlükəlidirsə, digər karxanaların fəaliyyətinə hansı əsas və məntiqlə icazə verilib? Qənifə Zeynalovanın sözlərinə görə, qurum rəsmilərinə başqa karxanaların işlədiyini deyəndə, onlar ciddi-cəhdlə bunu inkar etməyə çalışırlar: “Ancaq istənilən şəxs gəlib görə bilər ki, Mingəçevirdə qum-çınqıl karxanaları fəaliyyət göstərir”.

Yeri gəlmişkən qum-çınqıl karxanalarının cərimələnməsi və onlardan bir neçəsinin fəaliyyətinin dayandırılmasından sonra, əvvəllər maşını 30 manata olan qumun qiyməti hazırda 70 manata qədər bahalaşıb. Bu isə onu deməyə əsas verir ki, yaranmış vəziyyət ciblərini doldurmağa çalışan işbazların xeyrinə dəyişib. Hazırda ərazidə fəaliyyətini davam etdirən karxanalardan ikisinin sahibini müəyyənləşdirə bildik. O karxanalardan biri Bağırov Fərhad Elmidar oğluna, digəri isə Zəkəriyyəyev Nəriman Şirin oğluna məxsusdur. Əgər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları qum-çınqıl karxanaları ətrafında vəziyyətin yoxlanılması üçün əraziyə getməyə ərinirlərsə, reallığın nədən ibarət olduğunu Bakıdan da öyrənə bilərlər. Bunun üçün sadəcə, “Azərişıq”a sorğu göndərərək, sərf olunan elektrik enerjisi əsasında karxanaların həqiqətən də, fəaliyyətdə olduğunu dəqiqləşdirmələri mümkündür.

Səxavət Məmməd

www.yenicag.az

3912
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv