““Nadir Şah” səhnələşdirilməlidir”
“Yazıçı Yunus Oğuz tarixi şəxsiyyətlərimizdən biri olan Nadir şaha tamam yeni bir baxışla baxıb”.
Bunu açıqlamasında “Bakı Xəbər” qəzetinin baş direktoru Aydın Quliyev deyib. O, bildirib ki, indiyə qədər də Nadir şahla bağlı Azərbaycan ədəbiyyatında ədəbi əsərlər, səhnə əsərləri yazılıb, amma Yunus Oğuzun baxışı əvvəlkilərdən tamamilə fərqlidir: “Əsər Nadir şahın təbliğ olunmasında çox böyük rol oynaya bilər.
Ona görə də bu əsərin nəinki səhnələşdirilməsi, hətta mümkün olan başqa vasitələrlə geniş təbliğinə şərait yaradılmalıdr. Mən istərdim ki, dövlət də bu məsələyə müdaxilə etsin, dəstək versin. Romanın xarici dillərə mümkün qədər çox tərcümə olunması, nəinki səhnələşdirilməsi, serial, kino çəkilməsi çox əhəmiyyətli olardı”. Baş redaktor bildirib ki, indi insanların heç də hamısı kitab oxumur, heç də hamısı informasiyanı eyni bir mənbədən almır:
“Biri informasiyanı kinodan, biri qəzetdən, internetdən, başqa biri səhnələşdirilmiş əsərə baxmaqla almağa maraq göstərir. Ona görə də “Nadir Şah”ın səhnələşdirilməsinin oxuculara çatdırılmasında əvəzsiz əhəmiyyəti var”.