Xeberoxu.Az-ın bugünkü qonağı “Vətəninfo.az” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Nahid Canbaxışlıdır. Bir məqamıda qeyd edim ki, Nahid Canbaxışlı eyni zamanda I-ci Qarabağ müharibəsi Qazisidir.
– Nahid müəllim, ilk olaraq xoş gördük.
Xoş gününüz olsun. Dəvətə görə təşəkkür edirəm.
– Qarabağ qazisi olduğunuz üçün ilk olaraq 44 günlük 2-ci Qarabağ, Vətən müharibəmiz haqqında düşüncələrinizi bilmək istərdik.Qarabağ döyüşləri haqqında nə deyə bilərsiniz?
İlk öncə onu deyə bilərəm ki, 27 sentyabrda Qarabağ, Vətən müharibəmiz “Dəmir yumruq” əməliyyatı altında başladı. O gün artıq bəlli idi ki, Azərbaycan ordusu 30 il işğalda qalan torpaqlarını erməni faşistlərindən azad edəcək. Bu bir mənalı idi. Əlbəttə ki, şəhidlərimizin olacağını, qazilərimizin olacağını çox gözəl bilirdik. Çünki bu müharibədir, müharibə də itkisiz olmur. Birinci növbədə vacib olan əsas məsələ bizim 30 il işğalda olan torpaqlarımızın azad edilməsi idi. Mən 1-ci Qarabağ müharibəsinin iştirakçısı, qazisi olaraq o müharibəni görmüş bir insan kimi deyə bilərəm ki, bizim qələbəmizi təmin edən əsas meyar cəmiyyətimizin vahid bir şəkildə dövlətin, ordunun ətrafında birləşməsi oldu. Azərbaycan xalqı tarixdə bir neçə dəfə bu şəkildə birləşib. Müstəqillik əldə edən zamanda da Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi. Bu 44 günlük Qarabağ, Vətən müharibəsində də məhz Azərbaycan xalqı bir daha belə bir şəkildə bir araya gəldi. Möhtərəm Prezidentimiz cənab İlham Heydər oğlu Əliyevin bir kəlməsi ilə, bir çağırışı ilə xalq dövlətlə bir yumruq kimi birləşdi. Nəticədə xalq-ordu, xalq-dövlət birliyi yarandı. Beləliklə də bizim 30 ildən artıq işğalda olan torpaqlarımız erməni vandalizmindən xilas-azad olundu. Bizim tariximiz, mədəniyyətimiz, bizim dini yerlərimiz, mədəniyyət abidələrimiz uzun illər idi ki, işğal altında, düşmən əsarətində idi. İllər idi ki, biz bu günü gözləyirdik. Arzumuz, amalımız, istəyimiz qaçqınlarımızın, məcburi köçkünlərimizin öz doğma ata-baba yurdlarına dönmələri idi. Xalq olaraq hamı bunu gözləyirdi. Qarabağlılar yurd həsrətində idilər. Amma şükürlər olsun ki, buna nail olduq və Azərbaycanın o gözəl məkanı Qarabağ erməni işğalından azad edildi. Bu gün fəxarət hissi ilə bildirək ki, Qarabağ torpaqlarında tökülən şəhid qanlarının intiqamı düşməndən layiqli şəkildə alındı. İndiyə qədər o torpaqlar şəhidlərimizin, qazilərimizin qanları ilə suvarılmışdır. Lakin bugün qürurla deyə bilərik ki, indi o torpaqlarda bənövşələr, lalələr, nərgizlər, xarı bülbüllər, zambaqlar açıb. Şəhid qanlarının müqəddəs qoxusu açan gül çiçəklərin qoxusu ilə əvəz olunub. Nəhayət ki, şəhid ruhlarımız öz dincliyinə qovuşublar. Eşq olsun Azərbaycan övladına, qazisinə, şəhidinə! Bu qələbənin davamı da olacaq yəqin ki, inşallah. Cənab Prezidentimizin səsləndirdiyi bir fikir var ki, “Ermənistan əgər bölgədə sülhün bərqərar olmasına öz töhfəsini vermək istəməsə, yenidən revanş düşüncəsi ilə hərəkət etsə o zaman onda yenidən dəmir yumruğun zərbəsinin dadını ikinci dəfə hiss edəcək”. Bunu da yəqin ki, Ermənistan istəməz.
– Bəli Nahid müəllim, təmamilə haqlısız. Bu dəfə Ali Baş Komandanımızın əmri ilə ordumuz, əsgərimiz Zəngəzuru da işğaldan azad edəcək.
Haqlısınız Rövşanə xanım. Amma mən inanmıram ki, Ermənistan bundan sonra nə isə artıq əskik hərəkət edə. Çünki onlar artıq yaxşı bilirlər ki, dəmir yumruq bir daha onların başlarına dəyəcək. Ermənistan xalqı üçün məncə itirdikləri böyük bir fəlakət idi. Onlar məncə daha riskə getməzlər. Çünki heçnədən erməni xalqı özünü qırğına verdi. İllər sonra olsa da, bədəlini ödədi.
– Bu günkü internet məkanında media informasiya təbliğatını necə dəyərləndirirsiniz?
Artıq 10 ildən çoxdur ki, Azərbaycanda virtual media, internet media məkanı günü-gündən inkişaf edir. Həm sosial şəbəkələrin aktiv şəkildə olması, eyni zamanda da informasiya axışının sürətlənməsi danılmaz faktordur. Texnologiyalar durmadan yenilənir. Bu proses Azərbaycandan da yan keçə bilməzdi. Heç bizim mediamız da bundan kənarda qala bilməzdi. İnternet media istiqamətində yeni-yeni addımlar atılır. Məsələn, mən 2012-ci ildə Vətəninfo.az informasiya agentliyini yaradanda artıq Azərbaycanda təqribən 8-10 virtual media mövcud idi. APA, Qafqazinfo, Milli.az və digər bir neçə saytlar mövcud idi ki, biz də o sıraya qoşulduq. Az-çox inkişaf mərhələsindəyik. Hərə öz gücünə bir formada inkişaf mərhələsindədir. Yavaş-yavaş gedirik. Amma desək ki, yüksək səviyyədə bir virtual media məkanımız var, onda bu çox yalnış olar. Bu bir tənqid deyil. Bu sadəcə bir etiraf olar ki, hər bir media qurumunun rəhbəri yəqin ki, bunu qəbul edər ki, Azərbaycan mediası hələki bölgə mediasından o yana keçə bilmir.Belə ki, hələ bizlər regional mediadan o tərəfə keçə bilməmişik. İstər qlobal layihələrin həyata keçirdiyi media qurumları olsun (onların maddi imkanı baxımından deyirəm) , istərsə də gündəlik giriş sayı az olan medialar olsun. Hələ ki, bizlər regional formada inkişafdayıq. Çünki bizim beynəlxalq aləmə açılışımız hələ tam şəkildə yoxdur. Bəzi media holdingləri xəbərləri xarici media xəbərlərinə istinad edib xəbərlər paylaşırsa, deməli biz hələ ki, bu işdə çox zəifik.
– Bu günkü mediadan razısız?
Təbii ki, yox. Bu günkü media ilə razı deyiləm. Bilirsiz niyə? Çünki əslində media cəmiyyətin güzgüsüdür. O güzgü hazırlanan zaman ciddi nöqsanlar olub. Elə bu gündə o nöqsanlar gündəmdədir. Məsələn belə deyək, media müəyyən insanların, fərdlərin əllərində cəmlənib. Yəni vəzifəli şəxslərin, müəyyən insanların nəzarətindədir. Müstəqillik azdır, zəifdir. Maliyyə imkanları məhduddur. Reklam bazarı ancaq müəyyən çərçivələrdə həll olunur.Yəni kimsə durub desə ki, bu gün Azərbaycanda böyük media holdingləri var və onlar öz gücləri sayəsində inkişaf edir, bax bu ən böyük yalan olar. Öz güclərinin hesabına, əziyyətlə gəlib o media holdingi heç kim ola bilməz. Böyük holdinglərin arxasında müəyyən maliyyə mənbəyi var. Hətta konkret mənbələr var. Yəni o media qurucusunun sahibi deyə bilməz ki, mən bunu sıfırdan yaratmışam, əziyyət çəkmişəm. Amma reklam bazarımız müstəqil olsa, reklam bölgüsü müstəqil olsa onda deyə bilərik ki, Azərbaycan mediasından razıyıq, yoxsa yox. Bu gün yox , bu gün media ilə razılaşmaq çətindir.
– Ümidiniz var ki, düzələcək?
Düzəlməyinə düzələcək , amma baxır nə vaxt. Onun üçün də ciddi islahatlar aparılmalıdır. Məsələn deyək ki, Dövlət Dəstəyi Fondunun ləğv edilməsi, onun yerində mətbuatın inkişafına Dövlət İnkişafı Agentliyinin yaradılması, bunun hamısı irəliyə doğru addımlardır. Ümid var ki, bu agentlik özünün bundan sonra ki, siyasətində, istər yazılı mətbuatında, istərsə də virtual medianın inkişafı ilə bağlı müəyyən proqramlar həyata keçirsin. Bu olmayacaqsa düzələn deyil. Yəni Vüqar Səfərlinin dövründə nə vardısa bu bugündə davam edəcək. Yəni Vüqar Səfərli özünün əhatəsində olan, özünə yaxın bildiyi media qurumlarını dəstəkləyirdi. Belə ki, kim Vüqar Səfərliyə düşmən idisə o, əsla Dövlət Dəstəyi Fonduna yaxın gedə bilməzdi. Sənin istər fərdi yazın olsun, istər redaksiya yazısı olsun fərq eləmirdi. Sənin hətta ordan hansısa bir maliyyə dəstəyi görməyin də mümkün deyildi. Hətta keçirdiyi tədbirlərdə iştirak etməyin belə mümkün deyildi. Çünki sən artıq Vüqar Səfərlinin qara siyahısında idin… Mən inanmıram ki, bundan sonra belə olsun. Dövlət bu istiqamətdə çox böyük islahatlar aparıb və aparmaqdadır. Mənə elə gəlir ki, yaxın bir neçə ildə Azərbaycanda media sahəsində ciddi silkələnmələr olacaq, təmizlənmələr olacaq. Yəni özünü saxlamağı bacaran medialar qalacaq, saxlaya bilməyənlər gedəcəklər. Çünki belə davam eləmək olmaz. Məsələn kimdənsə yazı yazım, onu şantaj edim, ondan pul alım, rekertlik edim. Hətta daha dəqiq desəm şantaj edib yəni dilənçiliklə məşğul olmaq olmaz. Bu hal Azərbaycan cəmiyyətində çox gedə bilməz. Bilirsiz niyə? Çünki artıq istənilən informasiyanı almaq prosesi o qədər asanlaşıb ki, yəni bugün Amerikaya belə zəng edib istədiyin informasiyani bir dəqiqəyə ala bilmək mümkündür.
– Təəssüf ki, bəzən elə olur ki, Azərbaycanda informasiyanı bir dəqiqəyə almaq mümkün olmur. Məsələn dünən bir informasiyanı öyrənmək üçün 4 saat vaxtım getdi. Hansı ki, onlara baş redaktor olaraq zəng etmişdim…
Rövşanə xanım, təmamilə haqlısız. Bu bilirsiz nədən irəli gəlir? Bizdə bəzi mətbuat nümayəndələri özlərini nazir yerinə, deputat yerinə, komitə sədri yerinə qoyurlar. Belə şeylər var, özüdə təəssüf ki, çoxdur. Bunları gözəl bilirik. Bəzən rəsmi sorğu göndərirsən bir aydan sonra cavab gəlir. Yəni bu cür süründürməçikliklər olur. Özlərini nazir statusunda görmək istəyənlər var. Lakin onlara rəğmən istər o mətbuat xidmətlərdən, istərsə də hansısa bir orqandan sənin, mənim kimi səriştəli, peşəkar jurnalist lazım olan informasiyanı əldə edir.
– Nahid müəllim, redaksiyamıza gəldiyiniz və səmimi müsahibə üçün təşəkkür edirəm.
www.yenicag.az