Qəzzada kövrək sülh: İsrailin əməliyyatları bərpa etməsi üçün SƏBƏBLƏRİ - ŞƏRH
“ABŞ Prezidenti Donald Tramp Misirdə keçirilən “Yaxın Şərq Sülh Sammiti”nə getməmişdən əvvəl İsrailə səfər etdi. Bu, artıq onu göstərir ki, rəsmi Təl-Əvivin maraqları Vaşinqton üçün daha önəmlidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Ramiyyə Məmmədova deyib.
O bildirib ki, HƏMAS tərkisilah olunmasa, İsrail yenidən əməliyyatlara başlayacaq:
“Misirdə sülh sammitinin keçirilməsi belə İsrailin maraqlarına xidmət edirdi. Zirvə toplantısında bütün məsələlər öz həllini tapmadı. Görüşdə HƏMAS-ın tərksilah olunması və ərazilərdən geri çəkilməsi gündəmdə idi. Ancaq burada İsrailin də nə qədər məsuliyyət daşıyacağı qeyri-müəyyən olaraq qaldı. Bu, əslində böyük problemdir. Çünki, rəsmi Təl-Əviv konkret öhdəlik götürmədi. İsrail tərəfi bunu nə dərəcədə inkar etsə də, onlar hər zaman sözügedən qruplaşmadan istifadə edib. Çünki HƏMAS onlar üçün lazımlı təşkilatdır. Lakin hər bir halda qruplaşmanın necə yol tutacağı İsrailin addımlarından asılı olacaq”.
Ekspert bildirib ki, İsrail bəhanə tapıb yenidən əməliyyatları bərpa edə bilər:
“Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, əgər İsrail əməliyyatları bərpa edərsə, rəsmi Ankara məsələyə müdaxilə etməli olacaq. Fikrimcə, Netanyahu hökuməti bir bəhanə taparaq Qəzzadakı əməliyyatları yenidən bərpa edəcək və ərəbləri bölgədən təmizləmək üçün mümkün variantlara əl atacaq. İsrailin nüvə silahı daşıyıcısı olması Yaxın Şərq üçün həm də böyük problem deməkdir”.
Məlik Məlikov