Məşədi Natiq Kərimov: “Azərbaycanlılar barədə təhqiredici ifadələr işlədən 3 nəfərin inşallah, qanuna müvafiq şəkildə məhkum ediləcəyini görəcəyik”
Eldəniz Quliyev: “İranda yaşayan Azərbaycan türkləri millətin təhqir olunmasına qarşı etiraz nümayişlərini haqlı olaraq keçirirlər”
Xəbər verildiyi kimi, İran televiziyasında yenidən azərbaycanlıların təhqir edilməsi hadisəsi baş verib. Buna etiraz edən on minlərlə Güney Azərbaycandan olan soydaşımız küçələrə çıxıb. Onlar günahkarların cəzalandırılmasını tələb edirlər.
Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov bu qənaətdədir ki, millətə qarşı təhqiredici ifadələr işlədənlər çox güman, cəzalarını da alacaqlar: “İran televiziyasında gedən həmin verilişin təcrüməsi ilə saytlar vasitəsilə tanış oldum. Həmin kanalda səslənən bu fikirlər heç bir millətə, insana yaraşmayan formada verilib. Ona görə də etiraz edən insanlar öz haqlarını tələb edirlər. Yəqin ki, İran hakimiyyəti də məsələni tez bir zamanda həll edəcək. Heç kəsin, heç bir millətin başqa millətlər barədə təhqiredici fikirlər söyləməyə ixtiyarı yoxdur. Bu birmənalıdır. İran Konstitusiyasında da təsdiq olunub ki, irqi, milli ayrı-seçkilik salanlar cinayət məsuliyyətinə cəlb oluna bilərlər. İranın ikinci telekanalında gedən verilişdə azərbaycanlılar barədə təhqiredici ifadələr işlədən 3 nəfərin inşallah, qanuna müvafiq şəkildə məhkum ediləcəyini görəcəyik. Bu hala qarşı etiraz edən azərbaycanlıların ayağa qalxmasına gəldikdə, onlar haqlıdırlar. İnsanın milli mənsubiyyətinə, namusuna toxunanlara , insan haqlarını əlindən alanlara qarşı etiraz da edilməlidir. Hansı dövlət olub-olmasından asılı olmayaraq bu birmənalıdır”.
Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev Yenicag.az-a açıqlamasında millətin təhqir olunmasının yolverilməz olduğunu və Azərbaycan türklərinin haqlı olaraq belə hallara etiraz etdiklərini söylədi: “Heç bir halda, heç bir situasiyada hər hansı bir etnos, millət və yaxud xalqın ruhuna həqarət gətirən işlər görmək olmaz. Heç bir xalqı təhqir etmək olmaz. Çünki tarix də göstərir ki, hər hansı bir olay olarsa, mühüm qlobal hadisə baş verərsə, burada xalqın günahı olmur. Əsasən xalqın siyasi mənsəblərinin günahı olur. İran televiziyasında gedən verilişdə həqiqətən də təhqir faktı varsa, bu yolverilməz hesab olunmalıdır. İranda yaşayan Azərbaycan türkləri buna qarşı etiraz nümayişlərini haqlı olaraq keçirirlər”.
ELÇİN
www.yenicag.az