NATO-da çatlar böyüyür: “Vaşinqton Avropanı öz savaşının maliyyəçisinə çevirmək istəyir”
ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azaltmaqla bağlı mesajları Qərb daxilində yeni strateji mərhələnin başladığını göstərir. Xüsusilə Donald Tramp administrasiyasının Almaniyadan minlərlə hərbçini geri çəkmək qərarı sadəcə taktiki addım kimi deyil, Vaşinqtonun Avropa təhlükəsizlik sisteminə baxışının dəyişməsi kimi qiymətləndirilir. Bu proses fonunda Avropa artıq uzun illərdən sonra ilk dəfə ABŞ-dən tam asılı olmayan təhlükəsizlik modeli qurmağa çalışır.
Məsələ təkcə Almaniyadan 5 min əsgərin çıxarılması deyil: ABŞ tərəfi son aylarda İtaliya, İspaniya və digər Avropa ölkələrindəki hərbi iştirakın da azaldıla biləcəyinə dair mesajlar verir. Bu isə NATO daxilində koordinasiya və etimad böhranı barədə müzakirələri gücləndirib. Xüsusilə İran məsələsində Vaşinqtonla Avropa paytaxtları arasında yaranan fikir ayrılığı münasibətlərin nə qədər kövrək hala gəldiyini ortaya qoyur.
Hazırda ABŞ-ın Avropada təxminən 110 min hərbçisi var. Ən böyük hərbi mərkəz isə Almaniyadır. Ramştayn Hava Bazası, Ştutqartdakı EUCOM qərargahı və digər obyektlər ABŞ-ın Avropadakı əsas əməliyyat şəbəkəsini təşkil edir. Bununla yanaşı İtaliya, İngiltərə, Polşa, İspaniya, Rumıniya və Yunanıstanda da Vaşinqtonun kritik hərbi infrastrukturu mövcuddur.
Ancaq diqqət çəkən məqam odur ki, Avropa cəmiyyətlərində ABŞ hərbi mövcudluğuna qarşı narazılıq artır. Almaniya, Fransa, İtaliya, Yunanıstan və Türkiyədə keçirilən sorğularda Amerika bazalarının “işğalçı güc” kimi qiymətləndirilməsi artıq açıq siyasi tendensiyaya çevrilir. Xüsusilə milli suverenlik və təhlükəsizlik məsələlərində Vaşinqtonun dominant roluna qarşı narahatlıq güclənir.
Məhz bu səbəbdən Avropa son illərdə “müstəqil müdafiə konsepti” üzərində ciddi işləməyə başlayıb. Paris və Berlin mərkəzli yeni strategiya NATO-dan çıxmadan ABŞ-dən asılılığı minimuma endirməyi hədəfləyir. “Avropa Ordusu” ideyası yenidən gündəmə gətirilir, hətta Fransa və Britaniyanın nüvə potensialı əsasında “Avropa nüvə çətiri” formalaşdırılması da müzakirə olunur.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tərəfindən açıqlanan 800 milyard avroluq müdafiə planı da bunun göstəricisidir. Almaniyanın rekord həcmdə hərbi büdcə artırması, Polşanın sürətli silahlanması və Fransa-Britaniya tandeminin təhlükəsizlik sahəsində daha fəal mövqe tutması artıq yeni dövrün başladığını göstərir.
Bütün bunların fonunda əsas sual budur ABŞ həqiqətən Avropadan çəkilir, yoxsa sadəcə yükü Avropanın üzərinə qoyur? Hazırkı mənzərə ikinci variantın daha real olduğunu göstərir. Vaşinqton Avropanı tam tərk etmək istəmir, amma təhlükəsizlik məsuliyyətinin böyük hissəsini artıq Brüssel və Avropa paytaxtlarının üzərinə ötürməyə çalışır.
Bu isə II Dünya Müharibəsindən sonra formalaşan transatlantik təhlükəsizlik sisteminin yenidən qurulması deməkdir. Avropa ilk dəfədir ki, ABŞ olmadan öz təhlükəsizlik gələcəyini ciddi şəkildə planlaşdırmağa başlayır.
ABŞ-ın Avropadakı hərbi mövcudluğu ilə bağlı son addımlar ilk baxışda “geri çəkilmə” kimi təqdim olunsa da, əslində Vaşinqtonun yeni strategiyası daha fərqli məna daşıyır. Məsələyə münasibət bildirən siyasi şərhçi, telejurnalist Yeşim Eryılmaz hesab edir ki, ABŞ Avropanı tərk etmir, sadəcə artıq hesabı özü ödəmək istəmir.
Yeşim Eryılmazın fikrincə, Vaşinqton uzun illər “təhlükəsizlik” adı altında Avropanı öz hərbi-siyasi sisteminə bağladı, NATO vasitəsilə qitənin müdafiəsini nəzarətdə saxladı və Avropa dövlətlərini strateji baxımdan ABŞ-dən asılı vəziyyətə saldı. İndi isə ABŞ həm iqtisadi yükdən qurtulmağa, həm də Avropanı Rusiyaya qarşı ön cəbhəyə çevirməyə çalışır.
Onun sözlərinə görə, Trampın Almaniyadan əsgər çəkməsi və digər Avropa ölkələrinə yönəlik mesajları “təcridçilik” deyil, yeni təzyiq siyasətidir. ABŞ Avropaya açıq şəkildə deyir: “Silahlanın, daha çox pul xərcləyin və öz təhlükəsizliyinizin xərcini özünüz ödəyin.” Bu isə əslində Amerikanın Avropanı öz geosiyasi savaşlarının maliyyəçisi etmək cəhdidir.
Yeşim Eryılmaz xüsusilə Avropadakı Amerika bazalarına diqqət çəkərək bildirir ki, bu bazalar illərlə “müttəfiqlik” adı ilə legitimləşdirilsə də, bir çox ölkədə artıq işğalın simvolu kimi görülür. Almaniya, İtaliya, Yunanıstan və Türkiyədə artan narazılıq da bunun göstəricisidir. Onun fikrincə, ABŞ heç vaxt yerləşdiyi bölgəyə tam təhlükəsizlik gətirməyib, əksinə, həmin ölkələri daim böyük güclərin qarşıdurma xəttində saxlayıb.
Türkiyə məsələsinə toxunan Eryılmaz hesab edir ki, Ankara artıq NATO daxilində belə öz milli təhlükəsizlik xəttini qurmağa çalışır. O vurğulayır ki, Türkiyə nə Vaşinqtonun bölgə planlarının aləti olmaq, nə də Qərbin təhlükəsizlik sipəri kimi istifadə edilmək istəyir. Xüsusilə Yaxın Şərq və Şərqi Aralıq dənizi siyasətində ABŞ-la yaşanan fikir ayrılıqları bunun açıq nümunəsidir.
Yeşim Eryılmazın fikrincə, Avropa bu gün ABŞ-dən tam ayrılmaq gücündə deyil. Çünki qitənin təhlükəsizlik sistemi on illərlə Amerika komandanlığına uyğun qurulub. Amma son proseslər göstərir ki, Avropa artıq Vaşinqtona kor-koranə güvənməyin risklərini anlayır və alternativ müdafiə modeli yaratmağa çalışır.
Onun sərt yekun qiymətləndirməsi isə belədir: “ABŞ heç vaxt qarşılıqsız müttəfiq olmadı. Vaşinqton üçün əsas olan demokratiya və ya tərəfdaşlıq deyil, öz maraqlarıdır. Bu gün Avropaya verilən mesaj da budur ya Amerikanın strategiyasına xidmət edəcəksiniz, ya da təhlükəsizliyin xərcini özünüz çəkəcəksiniz.”
Amir Aqiloğlu













