Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) digər ölkələrin hava sahələrini pozmasına qarşı NATO-nun birgə reaksiya verməsini çağırıb.
Yenicag.az xəbər verir ki, PAP rəsmi xəbər agentliyinin məlumatına görə, Kosiniyak-Kamış bazar günü NATO üzvü olan Rumıniya və Latviyanın hava məkanlarına Rusiya PUA-larının etdiyi müdaxilələrin vəziyyətin ciddiliyini sübut etdiyini bildirib. Kosiniyak-Kamış NATO müttəfiqlərinin belə vəziyyətlərə birgə cavab verməsi lazım olduğunu, məsələnin müzakirə olunduğunu, lakin hələ nəticəyə varılmadığını vurğulayıb.
Nazir Kosiniyak-Kamış Polşanın ən yaxşı hava müdafiə sistemlərini alaraq özünü silahlandırması və gücləndirməsi lazım olduğunu da qeyd edib.
Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi ölkə donanmasının “Okean-2024” hərbi-strateji təliminə başladığını bildirib. Nazirlikdən verilən açıqlamaya görə, Rusiyanın Dəniz Qüvvələrinə bağlı birliklər, Rusiya ordusunun hazırlığı çərçivəsində “Okean-2024” təliminə qatılıb.
Rusiyanın Dəniz Qüvvələri Baş Qərargah rəisi, admiral Aleksandr Moiseyevin rəhbərlik etdiyi təlimdə, Sakit və Atlantik okeanları, Aralıq dənizi, Xəzər dənizi və Baltik dənizlərində 90 mindən çox əsgər iştirak edir, 400-dən çox döyüş gəmisi və sualtı qayıq, 120-dən çox təyyarə və helikopter, həmçinin təxminən 7 min hərbi texnika yer alır.
İki mərhələdən ibarət olan təlimə, Rusiyanın Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Federal Təhlükəsizlik Xidməti (FSB), Milli Qvardiya və Federal Müdafiə Xidmətinin əməkdaşları da daxildir. Xarici ölkələrdən hərbi birliklərin də dəvət edildiyi təlimdə Rusiya donanmasının hazırlıq səviyyəsinin yoxlanılması hədəflənir.
Xatırladaq ki, okean təlimi sentyabrın 16-da sona çatacaq. Böyük təlimlərdən biri olan “Okean” təlimləri keçmiş Sovet İttifaqı dövründə 1970-1985-ci illərdə də keçirilmişdi.
İsmayıl Bakuvi
www.yenicag.az