“NATO yalnız Ukraynanın nəzarətində olan hazırkı əraziləri müdafiə etməyə borclu olacaq”.
Yenicag.az xəbər verir ki, bunu Ukraynanın NATO-ya üzvlük məsələsini şərh edən politoloq Şon Donahyu deyib.
Onun sözlərinə görə, əgər Demokrat Partiyasının prezidentliyə namizədi Kamala Harris seçilərsə, Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyəcək.
“Müzakirə olunan təkliflərdən biri də ölkənin 1991-ci il sərhədlərini bərpa etməyəcəyini nəzərdə tutan üzvlük modelidir. Bu halda, NATO yalnız Ukraynanın nəzarətində olan hazırkı əraziləri müdafiə etməyə borclu olacaq. Bu, Almaniyanın birləşməsindən əvvəlki Qərbi Almaniya ilə eyni vəziyyəti xatırladır”.
Analitikin fikrincə, Harris Ukraynaya silah və yardım axınında həlledici rol oynayacaq:
“Çünki bir çox respublikaçılar hesab edirlər ki, Çin, İran və Şimali Koreya dolayısı ilə Ukraynaya qarşı müharibədə iştirak edirlər. Yəni Ukraynanın məğlubiyyəti düşmənlər üçün strateji uğur olacaq. Nəticədə, ABŞ-nin dünyada mövqeyi zəifləyəcək. Trampın sözügedən məsələdə mövqeyi isə daha fərqlidir. O, NATO-nun kəskin tənqidçisidir. Hətta bəzi üzvləri müdafiə etməməyi belə təklif edib”.
Nəsimi Ələsgərli
www.yenicag.az