“Bu mövzuda təklif birbaşa Nazarbayev tərəfindən olunub. Görünür ki, Nazarbayev həm Rusiya, həm də Türkiyə prezidentinə yaxın məsafədə olan bir şəxs kimi, hər iki tərəfi qane edən, eyni zamanda İrana da normal münasibətdə mövqeyi olan siyasətçi olduğuna görə bu təşəbbüs hər üç tərəfin marağına uyğun olaraq qəbul olunub”.
Bu sözləri Yeniçağ.az-a danışarkən millət vəkili Fazil Mustafa edib.
Millət vəkilinin sözlərinə görə, hamıya bəllidir ki, Rusiya və İran Suriya hökumətini təmsil edən tərəfdir:
“Rusiya Suriya hökumətinin istəyini həyata keçirir. Sağlam Suriya müxalifəti isə Türkiyənin dəstəyini alır. Düşünürəm ki, üç dövlət arasında anlaşma hər halda müsbət bir haldır. Bu məsələdə Türkiyənin İranla müzakirə limitində olması və Rusiya ilə ortaq mövqeyi bizim ümumi işimizin xeyrinədir. Çünki Suriyada tökülən qan bütövlükdə müsəlmanların qanıdır”.
Bu məsələni daha çox müzakirə etmək lazımdır ki, Astanada irəliyə doğru addım atılsın və müəyyən anlaşma baş tutsun:
“Suriya hökuməti də sağlam və müəyyən dərəcədə demokratik fikrin daşıyıcısı olan müxalifəti qəbul etməsə, hamının terroçu müxalifətlərə qarşı birləşməsini tez bir zamanda reallaşdıra bilər. Əgər görüşdə müsbət niyyət olarsa, müsbət nəticələr də əldə etmək mümkündür”.
Politoloq Fikrət Sadiqovun fikrincə, əslində məsələ Astananın xarici siyasət prioritetinin reallaşmasıdır:
“Nazarbayev müdrik, təcrübəli siyasətçi kimi həmişə müsəlman dövlətlərin maraqlarına üstünlük verib. O indi başa düşür ki, Rusiya-Türkiyə yaxınlaşması stabilliyin və təhlükəsizliyin müəyyən göstəricisidir. Nazarbayev vaxtı ilə tərəflərin barışıq prosesində də iştirak edib. İndi də Astana bu görüşü təşkil etməsinə razıdırsa, demək bu, həmin siyasətin davamıdır. Çünki o bir tərəfdən Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır, digər tərəfdənsə türkdilli ölkələrlə yaxınlıq edir. Nazarbayev bilir ki, bu yaxınlıq stabilliyin amilidir. O, bu görüşü təşkil etməsi ilə əsas məqamların öz əksini tapacağına inanır”.
Politoloq qeyd edir ki, görüşün müsbət nəticəsi dövlətlərin daha yaxın olması, bir-birlərini qabarıq şəkildə anlamasıdır:
“Çox güman ki, tərəflər hansısa lazımı tədbirləri görəcəklər. Hər halda həmin proses və istiqamətlərdə iştirak edəcəklər. Bu, elə özü müsbət bir amildir. Onların arasında müəyyən sazişin imzalanması və yerinə yetirilməsi gözlənilir. Sülhün əldə edilməsi də bir uğurdur. Düşünürəm ki, bu görüş müsbət nəticə verəcək”.
Qeyd edək ki, Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri dekabrın 20-də Moskvada Suriya böhranının həll edilməsi üçün siyasi proseslərin sürətləndirilməsi ilə bağlı ortaq bəyannamə qəbul ediblər. Həmçinin Rusiya və Türkiyə prezidentləri Suriya müxalifəti ilə hökuməti arasında danışıqların Astanada keçirilməsi barədə razılaşıblar. Rəsmi Astana isə tərəflərin bu təklifini dəstəkləyib.
Gülnarə Eynullaqızı
Yeniçağ.Az
www.yenicag.az