10 il öncə Azərbaycana dəvət edilərək, başına min bir oyun gətirilən tanınmış iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbul Böyük Şəhər Bələdiyyə başqanı olduğu dönəm Bələdiyyə Məclisi üzvü olan, “Mərcansoy” Şirkətlər Qrupunun İdarə Heyətinin üzvü Mövlanə Əli Mərcanın başına Azərbaycanda gətirilən müsibətlər barədə məlumat vermişdik. Bu gün həbsdə olan İlham Qasımov və ortağı Sahib İbrahimovun şəriki olan, ancaq bir neçə nəfərə satılan evlərin sakinləri kimi zərərçəkən olan Mərcan ailəsi öz haqqını ala bilmir. Öz haqqını ala bilmədiyi kimi, Bakıda başlarına gəlməyən müsibət qalmayıb. Həm ölkəyə investisiya qoyub, həm bir qəpiyin sahibi olmadıqları kimi oyun içində oyunla rastlaşıblar. Bütün bunları Mövlanə Əli Mərcanla müsahibədən öyrənirik. Bütün bunlara rəğmən Azərbaycana qəlbən bağlı olan iş adamı problemin Prezident İlham Əliyevə çatdırılacağı təqdirdə həll olanacağına inanır. Mövlanə Əli Mərcanla Türkiyədəki son yaşananlara iş adamı olaraq münasibətini bildirməklə başlayan söhbət Azərbaycanda başına gətirilən müsibətlərə qədər uzandı…
Beləliklə, müsahibənin II hissəsini təqdim edirik:
– Ortaqlarınızın sizi aldatmasından sonra hansı addımı atdınız?
– Bizi illərlə aldatdılar. Hətta bir neçə dəfə inşaatın vəziyyəti ilə maraqlanmaq üçün gəldik, bizi öz pulumuzla tikilən əraziyə belə buraxmadılar. Sonucda biz Türkiyədəki çevrəmizi işə qarışdırmaq istədik. Bir siyasətçi dostumuzun yardımı ilə Azərbaycan daxili işlər naziri Ramil Usubovdan bu dələduzlara qarşı mübarizədə yardım istədik. O, da sağ olsun, o zaman daxili işlər naziri olan Abdulkadir Aksu ilə məclis başqanı olan Cəmil Çiçəkin xahişini yerə salmadı və gerçəkdən bizə çox yardım etdi. Bizim Azərbaycanda qarşılanmağımızdan tutmuş, burada qonaq olaraq qalmağımıza, problemlərimizin həllinə qədər bütün məsələlərdə yanımızda olduğunu göstərdi. Məsələyə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində baxıldı. Sənədlər əsasında İlham Qasımovun bəzi dairələri başqalarına satdığı da təsdiq olundu. Tam da məsələ həllini tapırdı ki, başqa bir xəyanətlə üzləşdik. Belə ki, İlham Qasımov bizimlə bərabər Bakıya gələrək, bizimlə Azərbaycan dövlətinin yüksək vəzifəli məmurları arasında əlaqəni quran Mehmet Şimşəki ələ aldı. Yəni, mənə yardımçı olacaq adam İlham Qasımovun tərəfinə keçdi. Belə ki, Mehmet Şimşəkə öncə 500 min, daha sonra da 1,5 milyon dollar pul verərək, adamı neytrallaşdırdılar. Ondan sonra da mənə qarşı cəbhəni genişləndirdilər. Nə inşaat işlərini həyata keçirə bilirik, nə də bu prosesdə bizə aid olan yerdən bir kvadratmetr belə sata bilirik. Belə də, verdiyimiz bu günki dəyəri ən az 15 milyon olan 6,5 milyon dollardan məhrum olduq. Bizə göstərdikləri yerlər isə başqalarına satdıqlarını öyrəndik. Halbuki ilk olaraq, o yerlər 2007-2009-cu illərdə bizə satılmışdı. Sonradan isə ucuz qiymətlərlə başqalarına satdılar. Belə ki, bir yeri bir neçə adama satıblar. İlk alanlardan xəbərimiz vardı. O zaman kvadratmetri 800-900 dollardan satın alınırdı, sonra 1500 dollardan satın alındı. Son olaraq alanlara isə bu yerlər üçün 300-500 dollardan verilib. Yəni, konkret dələduzluq edilib və yüzlərlə insan, içi biz qarışıq aldadılıb. Bu aldadılma əməliyyatında isə hər iki ortağın suçu var. Həm İlham Qasımovun, həm də Sahib İbrahimovun.
– Bəs bu gün o mübahisəli mənzillərin taleyi necə olacaq?
– Hələ bizim də hüququmuz qeyri-müəyyəndir. İlham Qasımov o qədər qarışıq iş qurub ki, bunun çözülməsi çox çətindir. Həmçinin, Sahib İbrahimov neçə il idi ki, guya ayrılmışdı. İndi yenidən o tikintinin başına keçmək istəyir. Ancaq istənilən halda mənzillərin sahibləri yerləri ilk alan insanlardır.
– İndi İlham Qasımov içəridədir?
– Bəli.
– Siz hansı addımlar atmaq niyyətindəsiniz?
– Biz Türkiyədə vergisini ödəyib, böyük işlər görən bir şirkətik. Azərbaycana da sevgimizdən bu işə girdik. Bir neçə dəfə bu məsələnin həlli üçün addımlar atsaq da, ən üst səviyyədə bu məsələnin gündəmə gəlməsini iki ölkənin maraqları naminə istəmədik. Bizə “əgər problem yaranarsa, mənə xəbər versinlər” deyən, dövlət böyüyünü narahat etmək istəmədik. Bir dəfə Abdulkadir Aksu ilə Cəmil Çiçəki vasitəçi etdik, onda da arada olan adam bizi satdı. Ancaq indi vəziyyət elədir ki, ən qısa zamanda Azərbaycandakı daha böyük dostlarımızla əlaqə qurub, mövcud durumu onlara da izah edəcəyik. Burada baş verən haqsızlığın qarşısının alınmasını onlardan xahiş edəcəyik. Biz Azərbaycanın ədalətinə inanırıq. Bildiyimiz qədər, Azərbaycan prezidenti İlham Əliyev xarici investorları ölkənizə dəvət edib. Prezidentin bu çağırışına dövlətdə nazir vəzifəsi tutan şəxslərin qardaşları, yaxınları tərəfindən aldadılan, milyonları mənimsənən insanlar necə müsbət cavab verə bilər? Biz cənab İlham Əliyevin bu müraciətində nə qədər səmimi olduğuna əminik. Ancaq bizi aldadanlar, illərlə biz süründürülmüşük. Mənim burada çox ciddi iş adamlarından ibarət çevrəm var. Bu gün o məbləğ bizim üçün o qədər də həyati bir rəqəm deyil, fəqət aldadılmışıq, zülmə məruz qalmışıq. Bizim başımıza gələni görən buradakı hansı iş adamı Azərbaycana investisiya qoya bilər? İstər İbrahimov, istərsə də, Qasımovun aldatdıqları, pullarını tikinti adı altında başqa biznesdə xərclədikləri insanların hansı yenidən Azərbaycana sərmayə qoyar? Ancaq buna rəğmən sabah Azərbaycan prezidenti bizi çağırsa, heç tərəddüt etmədən gələr və Azərbaycanın uğrunda canımızı fəda edərik. Bu problemin həlli üçün də buradakı böyüklərimizdən haqqımızın bərpa olunmasının Azərbaycandakı böyüklərdən xahiş edilməsini tələb edəcəyik.
– Bu olaya İlham Əliyev qarışarsa, həll oluna biləcəyinə inanırsınız?
– İnanıram. Çünki Əliyevin Türkiyəyə qarşı sevgisini və dostluğunu bilirik. O həm də sözünün üstündə duran bir adamdır. Həm də Heydər Əliyevin oğludur ki, ona da özəl bir sevgim var. Buradakı böyüklərimiz yanlış bir şeyi bir-birlərindən istəməzlər. Bu problemimizin qarşı tərəfə söylənildiyi halda tez bir zamanda haqq ədalətin zəfər çalacağına inanırıq. Çünki burada investisiya qoyan da bizik, aldadılan da, illərlə bu zülmə məruz qalan da.
– Azərbaycanda illərlə Paralelin dəstəyi olmadan heç bir adam heç bir iş qura bilmədi. Sizinlə bağlı da qarşı cəbhədən gələn xəbərlərdə bu detala işarələr var. Bakıya gəlməyinizdə Camaatın bir rolu oldumu?
– Bilirsiniz, bizi dəvət edən İlham Qasımovla Sahib İbrahimov idi. İsrarla qapımıza gələn, vəd edən onların adamları idi. Ancaq Türkiyədə bəlkə də az saylı holdinqlərdən biriyik ki, Camaat bizim qapımızdan içəri girə bilməyib. Biz 50 ildən bəri dırnaqlarımızla qazıyaraq, öz halal zəhmətimizlə bu yerlərə gəlmişik. Bizim dinə hörmətimiz hər zaman olsa da, dindən manipulyasiya edən şəxslərdən də həmişə uzaq olmuşam. İndi Güləni tənqid etmək problem deyil. Ancaq mənim 92-93-cü illərdən Güləni qəbul etmədiyimi, ona xərac vermədiyimi buradakı əksər iş adamları bilir. Hörmətli Cümhurbaşqanım Rəcəb Tayyib Ərdoğan da məni bələdiyyə başqanı olduğu dövrdən tanıyır və heç vaxt Əli deməz, “Mövlana” deyə, xitab edər. Biz zamanında siyasətdə olduq, daha sonra ancaq iş dünyasında olmaq istədik və burada da Türkiyəyə xidmət edirik. İndi İlham Qasımov bu çamurla özünü xilas etmək istəyirsə, yanılır. Tam əksinə, bəlkə də biz o zaman Camaatın dəstəyini almadan investisiya qoyduğumuz üçün belə bir oyuna məruz qaldığımızı da düşünə bilərik. Çünki o vaxt da mənim bu gözündən xəyanət yaşları axana münasibətim iş dünyasında yaxşı bilinirdi. Yəni, bizim FETÖ-cülərlə nə salamımız olub, nə də kəlamımız.
– Bakıda mənzili başqasına satılan, haqqı tapdalanan insanlar haqqında nə düşünürsünüz?
– Burdada problemin olduğu artıq illərdən bəri hamıya bəllidir. Yerin kvadratmetrini 1000-1500 dollardan alan adamın nə suçu var? Amma sonra buranı 500 dollardan alan şəxs bu işin içində bir iş olduğunu bilməli idi və çoxu da bilir. Bu məsələnin ciddi araşdırılması lazımdır ki, 2011-2012-ci ildən sonra bu yerləri alanlar ya bilərəkdən onu alıblar, ya da burada başqa növ satış həyata keçirilib.
– İlham Qasımovla bağlı hüquqi proses necə gedir?
– Məzahir öldükdən İlham Qasımovla onun qohumları arasında problem yarandı. Ali Məhkəmə qərar verərək rəhmətlik Məzahirin imzalarının doğru olduğunu təsdiqlədi. Məzahir ölməmişdən İlham Qasımov mənimlə görüşdü. Ondan inşaat işlərini nə zaman bitirəcəklərini soruşdum. Dedi ki, imza atan adamın adını bilmir. Məndən yeni direktor təyin edilməsi üçün sənədi imzalamağımı təklif etdi. Dedi ki, sənin dairəni başqasına satıblar, amma yerin oradadır, oranı dəyişdirib düzəldəcəyik. Ancaq yenə də hər şey kağız üzərində qaldı. Bizə çatan xəbərlərə görə, İlham Qasımovun Ukrayna, Dubay, hətta Türkiyədə gizli investisiyaları var. Hər iki şərik bizim pullarımızı tikintiyə qoyub, halal yolla milyonlar qazanmaq yerinə belə haram yola əl atıblar. Mən məsələlərin ədalətlə həllini tapmasını istəyirəm. Ancaq İlham Qasımov boş adam deyil. Mütləqdir ki, o, bütün etdiklərinə bir “qılıf” hazırlayıb. Bu səbəbdən də prossesin bu şəkildə qarışması onun işinə yarıyır. Alacaqlarının çox görünməsi zərərçəkənlərin ümidlərini qrımaq üçündür. Ancaq Bakıdakı böyüklərimizin bu olaya əl atarlarsa, onun da həll olunacağına inanıram.
– Orada bildiyimiz qədər bir ortağınız Sahib İbrahimov qalıb?
– Xeyr, inşaata para qoymadıqlarından öz aralarında onlar ayrılıblar. Ancaq İlham həbs olunandan sonra Sahib yenidən meydana çıxıb.
– O zaman Sahib bu işlərin içində deyil?
– Əsla. Başlanğıcdan Sahib bu işlərin içində olub. Saxta qol çəkmə olayı Sahiblik idi. Bunu Mütəşəkkül Cinayətkarlığa Baş Qarşı Mübarizə İdarəsində öyrəndim. Sahib orada bunu etiraf etdi. Məzahiri də çağırdılar, o da olanları etiraf etdi. İmzası keçərli olan rəhmətlik Məzahir idi. Ancaq onun yerinə imza atıldı.
– Məzahir həqiqətən öldü yoxsa öldürüldü?
– Dəqiq bilmirəm. Amma mənə xəbərlər gəlir ki, o əslində sağdır. Qazaxıstanda bir işlə məşğul olduğunu söyləyirlər. Açığı, bu prosses zamanı onu çox yaxşı tanıdım və əsla özünü öldürəcək bir tipi yox idi. Bu səbəbdən də mən onun intihar edəcəyinə inanmıram. Ya onu öldürüblər, ya da iş verib xaricə göndəriblər.
– Bundan sonra məsələnin həlli ancaq dövlətin prosesə əl qoymasınamı qalıb?
– Əlbəttə. Başqa yolla bu işin içindən heç kim çıxa bilməz. Amma dövlət məsələyə da əl qoyarsa, bir çox insanın dualarını qazanar. Əslində, bu iş çözülməyəcək bir iş deyil. İlhamın üzərinə sərt bir şəkildə gedilərsə, mütləq hər şeyi olduğu kimi etiraf edəcək. Doğru da mütləq ortaya çıxacaq.
– Məsələ həllini taparsa, yenidən Azərbaycanda iş qurmaq istəyərsiniz?
– Bu olaylar fonunda Azərbaycana yenidən investiya qoya biləcəyimə inanmıram. Azərbaycan gözəl və qardaş ölkədir. Ancaq bir iş adamı sərmayə qoyacağı ölkə haqqında ciddi araşdırma aparmalı, beş dəqiqənin içərisində qərar verməməlidir. da mətbuatı yanımıza almaq və onlardan da bu ölkə haqqında bilgi almağımızın gərəkli olduğunu duydum. Beynəlxalq ticarət qanunlarına əməl edilmədiyindən bu gün xeyli iş adamı geri qayıtdı. Ticarət mədəniyyətinin Azərbaycana da gəlməsi lazımdır. Belə olarsa burada gözəl ticarət işləri həyata keçiriləcək. Azərbaycana olan sevgimizi və burada iş görmək istəyimizi itirmədik. Fəqət yenidən aldadılmayacağımıza, növbəti on ili itirməyəcəyimizə əmin olmalıyıq. Azərbaycan bizim qəlbimizdədir. Sizin ayağınıza tikan batsa, bizim qəlbimiz ağrıyar. Ona görə də, dövlət rəhbərliyinizdən xahişimiz bu kimi dələduz iş adamlarına və yaxınlarına elə bir cəza verilsin ki, bird aha xarici investor qarşı bu tip addım atmağı xəyallarından belə keçirməsinlər.
Söhbətləşdi: Aqil Ələsgər
Bakı-İstanbul-Bakı
www.yenicag.az