!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirliyin işdən çıxardığı direktor xəstəxanalıq oldu: “Bir adam maraqlanmadı ki, bu adam ölüb, ya qalıb”

!Reklam – Yazi

Xəbər verildiyi kimi paytaxtın Səbail rayonunda yerləşən 236 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Xanlar İmaməliyev vəzifəsindən kənarlaşdırılıb. Bu səbəbdən bir qrup valideyn və müəllim heyəti direktorun işdən çıxarılmasına etiraz edib.

Narazı valideynlərin bildirdiyinə görə təhsil müəssisəsi Xanlar İmaməliyevin idarəçiliyi dövründə xeyli nailiyyət qazanıb. Həmçinin məktəbdə təhsilin səviyyəsində və şagirdlərin hazırlığında yüksək peşəkarlıq nümayiş etdirən direktor olub. Onlar qeyd ediblər ki, Xanlar İmaməliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın işindən razı qaldığı məktəb direktoru olub.

“Xanlar İmaməliyev çox yaxşı direktordur, biz onun işdən çıxarılmasını istəmirik. Əgər pensiya yaşına görə çıxarılıbsa belə, onunla digər direktorlar kimi əlavə müqavilə imzalana bilərdi və vəzifəsində qala bilərdi. O, çox gözəl idarəçi və pedaqoqdur. Onun işdən çıxarılmasını pensiya yaşının – 65 yaşın tamam olması ilə əsaslandırırlar. Halbuki onun 1 illik müqavilə ilə, Əməkdar müəllim kimi isə 5 il müqavilə ilə çalışmaq hüququ var. Başqa məktəb direktorlarına bu hüquq tanınsa da, Xanlar müəllimə bundan istifadəyə şərait yaratmayıblar. Xanlar İmaməliyev 2000-ci ildən məktəbimizə rəhbərlik edir və çox yaxşı direktordur, biz onun işdən çıxarılmasını istəmirik., – deyə valideynlər bildiriblər.

Editor.az-a daxil olan məlumata görə, qəfil işdən çıxarılması xəbərindən təsirlənən Xanlar İmaməliyev huşunu itirib və xəstəxanaya yerləşdirilib.

Əməkdaşımız yaranmış vəziyyətlə bağlı keçmiş direktor, Əməkdar müəllim Xanlar İmaməliyevlə əlaqə saxlayıb. Əməkdar müəllim qəfil işdən çıxarıldıqdan sonra huşunu itirərək yerə yıxıldığını və daha sonra xəstəxanaya yerləşdirildiyini təsdiq edib: “Nə oyun idi bilmədim. Mən sentyabrın 6,9 və 10-da nazirlik tərəfindən kurslara cəlb edilmişəm. Eyni zamanda nazirliyin Bakı şəhər Təhsil işçilərinin konfransına da qatıldım. Birdən birə sentyabrın 11-də Anar adlı şəxs məni çağırıb dedi ki, sən bugündən işdən azadsan. Elə orada aşağı düşəndə yerə yıxıldım, dişlərim də əzildi. Sonra tanış taksilərdən biri məni xəstəxanaya çatdırıb”.

Xanlar İmaməliyev bildirib ki, 48 ildir təhsil sahəsində çalışır: “Əməkdar müəlliməm. Rəhbərlik etdiyim məktəbdə 8 Qızıl medalçı, Prezident təqaüdçüləri var. Səbail rayonunda YAP-ın qurucularından biriyəm. Mən dövlətimə, Cənab Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya minnətdaram. Onlar məni hər zaman qiymətləndiriblər. Mənim məktəbim təmir edilib, hörmətli Mehriban xanım bizim məktəbdə olub və çox razı qalıb. Mən demirəm ki, mən daima işləməliyəm. Amma belə olmaz. Biz xadiməni belə yola salanda yığışıb hörmətlə yola salırıq. 3-4 il işləyən direktoru yola salanda Bakı şəhəri üzrə Təhsil idarəsi toplanır, təltif edir. Yanvarın 7-də mənim 65 yaşım oldu. Bir nəfər mənimlə maraqlanmadı. Adi bir xadimə qədər mənim hörmətim olmadı bu təhsil sistemində… 3 gündür xəstəxanada yatıram, Bakı şəhəri üzrə Təhsil idarəsində bir adam maraqlanmadı ki, bu adam ölüb, ya qalıb. Mən ürəyimi, canımı təhsil yolunda fəda etmiş adamam. Nə deyim, bilmirəm…”

COP29

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv