"Nə razılaşmaq istəyirlər, nə də müharibə etmək..." – Tərəflər niyə masadan qaçır? – TƏHLİL
“İran və ABŞ danışıqların gedişində yeni şərtlər irəli sürərək və ya əvvəl razılaşdıqları məqamlardan imtina edərək prosesi dalana dirəyirlər. Təəssüf ki, hər iki tərəf aqressiv ritorikadan əl çəkmir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov İranla ABŞ arasında davam edən gərginliyi şərh edərkən bildirib.
Şərhçi rəsmi Vaşinqtonun Tehran qarşısında qoyduğu yeni tələbləri təhlil edib:
“Minaların təmizlənməsi ABŞ-nin ilkin şərtlərindən idi. Bundan başqa, əvvəlcə İranın dondurulmuş aktivlərinin bir qisminin geri qaytarılması nəzərdə tutulurdu, lakin sonradan ABŞ bu vədindən geri çəkildi. Hazırda Vaşinqton aktivlərin mərhələli şəkildə və yalnız nüvə sazişi imzalandıqdan sonra azad ediləcəyini bəyan edir. Belə hədə-qorxu dolu bəyanatlar danışıqlar prosesinə ciddi zərbə vurur. Şərtlərin 95 faizinin razılaşdırıldığı düşünülürdü, amma həm İranın, həm də Trampın son açıqlamaları göstərir ki, proses istənilən an pozula və başlanğıc nöqtəsinə qayıda bilər”.
Ekspertin fikrincə, tərəflər bir-birinə hədə-qorxu gəlsələr də, böyük müharibədə maraqlı deyillər:
“ABŞ-nin hərbi əməliyyatlara başlamaq niyyətində olmadığı aydın görünür. Onların məqsədi seçkiqabağı kampaniyada istifadə etmək üçün daha əlverişli şərtlərlə razılaşma əldə etməkdir. İran isə buna imkan verməməyə çalışır və bəyanatların kəskinliyini azaltmağa belə cəhd etmir. Kənardan belə görünür ki, tərəflər saziş imzalamaq istəmirlər, halbuki bu razılaşma hər iki dövlətə hava-su kimi lazımdır. Hər iki tərəf özünü qalib kimi təqdim etməyə çalışsa da, reallıqda hər iki ölkənin vəziyyəti ağırdır və əslində, onlar məğlub tərəf sayılmalıdır”.
Xatırladaq ki, ABŞ lideri son açıqlamasında kəskin mövqe sərgiləyib:
“Bütün sualtı minalar – əgər qalıbsa – ləğv ediləcək. Bizim güclü mina təmizləyən gəmilərimiz artıq bir çoxunu zərərsizləşdirib. İran qalan minaları da dərhal çıxarmalı və ya zərərsizləşdirməlidir. Boğazda dəniz blokadası səbəbindən ilişib qalan gəmilərimizin qayıtma prosesi başlamalıdır. Hazırda heç bir pul mübadiləsi aparılmayacaq. Son qərarı vermək üçün Situasiya Otağında (Situation Room) görüş keçirirəm”.
Nurlan Cəfəri













